Əli Kərimli: “Şikayətçi Prezident iqamətgahının qabağında aşağıdan yuxarı qışqırırdı...” - SÖHBƏT
16 avqust 2011 17:06 (UTC +04:00)

Əli Kərimli: “Şikayətçi Prezident iqamətgahının qabağında aşağıdan yuxarı qışqırırdı...” - SÖHBƏT

Qonaq: Əli Kərimli
Qarşılayan: Günel Mövlud


Az qala bir ay idi ki, «Səhər yeməyi»nə ara vermişdim. Xanım Zeyno Baran, qayınanası və yazarınız bir yerə yığışıb, səhər yeməyini «Aşıq Pəri Məclisi»nə döndərəndən bəri layihəni davam etdirməyə hazır deyildim. (Üç qadından sonra məclisi şənləndirəcək kişi qonaq çox az tapılar).

Hələ səhər yeməyinə bir siyasətçi - müxalifətçini dəvət etməyə heç hazır deyildim.
Amma Müsavat Başqanı İsa Qəmbərdən sonra Başqanın «mübarizə qonşusu»nu da Travelers-ə çağırmaq ağlımdan və ürəyimdən keçməmiş deyildi. Sadəcə, Başqanla şux söhbətin havasının bir az keçməyini gözləyirdim. Bir də ki, müstəqbəl qonağımı tanıyanlar mənə elə də könülaçan nəticələr vəd etmirdilər...

Axır ki, bu günlərdə ürəyimi bərkidib, zəng elədim. Əli bəy telefonu qaldırmadı.

Həmkarlarımın kinayəli baxışlarına davam gətirməyib, bəxtəbəxt bir sms yazdım – adımı, məramımı bildirdim. Sağ olsun, Əli bəy qəlbimi qırmadan tez zəng elədi və xahişimi çək-çevirə, bu gün-sabaha salmadan konkret vaxt müəyyənləşdirdi...

Oxuduqlarınızdan da məlum olduğu kimi, qonağım AXCP sədri Əli Kərimlidir.

Təyin olunmuş vaxtdan beş dəqiqə əvvəl gəlsəm də, Əli Kərimlini “hadisə yerində” gördüm və heyrətləndiyimi gizlədə bilmədim – layihənin bir illik tarixində ilk dəfə idi ki, qonağım məndən əvvəl gəlmişdi...

Salamlaşmaq üçün əlimi uzadanda ikinci dəfə çaşdım. Allahdan gizlin deyil, sizdən nə gizlin – mən Əli bəyi heç vaxt üzbəüz görməmişdim. Qəzetlərdəki ağ-qara şəkillərdə isə onun gözlərinin rəngi bilinmir. Buna görə də, Əli bəyin üzünü, mənə baxan səma rəngli gözlərini görəndə özümü itirdim.

Doğrudu, oxucu soruşa bilər ki, gözlərin məsələyə nə dəxli var? Odur ki, icazənizlə dərdimi deyim. Ağlım kəsəndən rəngli gözlərə qarşı fobiyam var. Hisslərimi dəyişik salmayın, bu, rəngli gözlərə heyranlıq deyil, məhz qorxudur. Mənə həmişə elə gəlir ki, üzümə baxan rəngli gözlər əslində düz ürəyimin içinə baxır....və bu, insanı, xüsusilə qadını «tərksilah» eləyən bir duyğudu...

Çaşqınlığımı da gizlətmədim:

- Əli bəy, Sizin gözləriniz rəngli imiş ki...

O gülümsəyərək, üzündə «nə varsa, odur» ifadəsi ilə çiyinlərini çəkdi...

Mən fağır-fağır:

- Qəzetlərdə gözlərin rəngi düşmür – dedim və bu gözlər söhbətini birdəfəlik bitirdim.

Yerimi rahatlayar-rahatlamaz:

- Əli bəy, Sizə zəng eləyəndə telefonu götürmədiniz. Yad nömrələrə cavab vermədiyinizi düşünüb, sms yazası oldum...

- Prinsipcə, düz hərəkət eləmisiniz. Çünki adətən yad nömrələrə cavab vermirəm. Bilirsiz, çox istərdim ki, bir dəfə hansısa jurnalist gəlsin, bütün günü yanımda otursun və mənə gələn zənglərdən reportaj hazırlasın. Elə adamlar, elə suallarla zəng eləyirlər, heyrətlə düşünürəm ki, yəni doğrudanmı Əli Kərimlidən bundan başqa soruşulası bir şey yoxdur?

Gülümsəyirəm:

- Maraqlıdı, Əli Kərimldən nə soruşurlar? Təbii, əgər bu suallar mətbuata çıxarılasıdısa...

- Məsələn, bu ölkədə yaşayan bütün jurnalistlər bilməlidir ki, mənim pasportum yoxdur. Yay uzunu zəng eləyib, soruşurlar ki, dincəlmək üçün hansısa xarici ölkəyə gedəcəksinizmi?

- Məyus oldum...daha qəribə suallar gözləyirdim...

Qonağım gülür:

- Axı özünüz dediniz ki, mətbuata çıxarılası suallar olsun...

Ofisiantımız yaxınlaşır, bu arada fikir verirəm ki, adətən qonağımla mənə şəxsən qulluq eləyən, sonra da mütləq yazının aqibəti ilə maraqlanan, oxuyub münasibət bildirən Taleh bu dəfə gözə dəymir – bəxtimizə yenə Travelers-in ucaboy sarışınlarından biri düşmüşdü...

Sifarişlərimiz fərqli olsa da, masaya eyni yeməklər gəldi. Bu dəfə təəccüblənən qonağım oldu:

- Bu, təsadüfdü?

Bu arada dərin rəğbət hissi ilə qeyd eləyim ki, Əli bəy əksər qonaqlarımdan fərqli olaraq, «səhər yeməyi» təklifimi real təklif kimi qiymətləndirərək, ac gəlmişdi. Və yeməyə başlaması ilə yüksək iştaha nümayiş etdirməyi bir oldu.

Başqanla söhbətimin xoş təəssüratlarını xatırlayıb, indiyə qədər Əli bəyi dəvət etməyimə mane olan səbəbi deməkdən özümü saxlaya bilmədim:

- Açığı, Sizə bir az çəkinərək zəng elədim. Çünki müxalifət düşərgəsində olan tanışlarım adətən bu qənaətdə olurlar ki, İsa Qəmbər nə qədər zarafatcıl, əla yumor hissi olan biridisə, Əli Kərimli o qədər quru adamdır...

Bəyin iştahasına qətiyyən xələl gəlmir:

- Yəqin bunu deyənlər mənim çox da yaxından ünsiyyətdə olduğum adamlar deyil. Yaxın olmadığın adamlarla rahat ünsiyyətdə də ola bilmirsən. Çünki qarşılaşacağın reaksiya bəlli deyil...

- Niyə bütün siyasətçilər sadə söhbətlər elədiyi halda belə, nəsə deyəndə qarşısındakının reaksiyasını, nə düşünəcəyini, söhbətin nəticəsini əvvəlcədən hesablayır...əslində, mən bütün siyasətçilər haqda onların quru təbiətli adamlar olduğunu eşidəndə, tez razılaşıram. Əgər biz onları küçədə yeridiyimiz yerdə görmürüksə, kafedə-restoranda yanaşı masada oturan görmürüksə, maşınlarının pəncərələrindən «plyonka»lar əksik olmursa, deməli, deyilənlərə haqq qazandırmaq olar...

Gülümsəyir:

- İnad eləmirəm ki, maraqlı həmsöhbətəm, amma sadaladıqlarınız mənə aid deyil. Maşınımda heç vaxt «plyonka» olmayıb, neçə ildir ki, ofisim olmadığına görə görüşləri kafe-restoranlarda keçirirəm, odur ki, məni elə yerlərdə də rahat görə bilərsiniz...o ki qaldı siyasətçilərə, siyasətçi obrazına... Məncə, bizdə hələ siyasətçi obrazı tam formalaşmayıb, çünki bizdə siyasətçilik hələ peşə kimi formalaşmayıb. Bizim siyasətimiz əslində etirazımızın, mübarizəmizin bir formasıdı. Jurnalist, hüquqşünas, ictimai yükü olan əksər peşələrdə çalışan vətəndaş gördüklərinə, ölkədəki vəziyyətə etiraz eləyəndə, bununla mübarizə aparanda, siyasətə gəlmiş olur...

- Yəni, Siz öz xoşunuzla siyasətçi olmamısınız, həyat Sizi siyasətçi olmağa məcbur eləyib?

- Belə də demək olar...

- Nümunə göstəriləcək çox insan var ki, onlar yazı yazmaqla, fikir bildirməklə etiraz da edir, mitinqlərə də çıxır, mübarizə də aparır, amma siyasətçi olmur....deməli, hər halda Sizin siyasətə gəlmək meyliniz olub...

- Mən hələ orta məktəb vaxtlarından ictimaiyyətçi olmuşam. Məktəbdə komsomol katibi, əsgərlikdə çavuş olmuşam, hərbi hissədə rütbəcə özümdən yüksək zabit olmayanda 120 nəfər əsgərə rəhbərlik eləmişəm, insanlarla danışmağı, idarə etməyi öyrənmişəm. Və həmişə ictimaiyyətçi, təşkilatçı olmuşam...yəqin ki, bunlar böyük siyasətə gətirən amillərdən hesab oluna bilər.

- Gəncliyinizdə jurnalist olmusunuz. Yəqin nəzm, nəsr yazmaq qabiliyyətiniz də var...

- Yox, orta məktəbdə oxuyanda iki dəfə şeir yazdım və özüm oxuyandan sonra heç kimə göstərmədən cırıb atdım. Birdəfəlik qərara gəldim ki, məndən şair, yazıçı olmayacaq...

Dinməzcə meyvə salatımı yeyirəm.

... Adının çəkilməsini istəməyən əməkdaşımızın qonağıma çatdırmağımı istədiyi sualı yadıma düşür. Əməkdaşımız bəlkə də bu sualı verməyimi zarafatla istəmişdi, amma mən ağına-bozuna baxmıram:

- Bir əməkdaşımız xahiş elədi ki, Sizdən soruşum: necə olub ki, arandan belə ağ adam çıxıb?

- Mən inanım ki, bu sual əməkdaşınıza aiddir?

- Özümə aid olsaydı, bunu gizlətmək üçün bir səbəb görməzdim...

- Buna «ritorik» suallar deyirlər... buna necə cavab verə bilərəm?

- Məsələn, məndən Qarabağ qadınlarının niyə gözəl olduğunu soruşanda deyirəm ki, «Qarabağın gözəl yetişdirmə reserti var»...

- Belə eləyək, Siz əməkdaşınıza deyin ki, Əli bəy sualınıza cavab verə bilmədi.

Axır ki...Əli bəyin hansısa suala cavab verə bilməməsi yaddaqalan hadisədir, amma kaş ki, sualın da bir qlobal çəkisi olaydı)))

...belə qeyri-ciddi söhbətdən sonra «səhər yeməyi»mizin axarı düzəldi. Bəyin südsüz qəhvəsi, mənim bitki çayım və ortaq xalq, mübarizə, dəyərlər müzakirəsi...

- Heç düşünmüsünüz ki, sizlər də olaydınız, mübarizə də olaydı, əqidə yoldaşlarınız da olaydı, amma xalq başqa xalq olaydı...

- Bu gün xüsusilə bizim gənc yazarlarda xalqla bağlı çox yanlış bir qənaət var. Baş alıb gedən proseslərin günahını xalqın boynuna yıxırlar. Amma mən əminəm ki, xalq da insan kimidi. Və bir insanın içində qürurla yaltaqlıq, səxavətlə əliaçıqlıq, cəsarətlə qorxaqlıq necə paralel olursa, xalqda da bu belədi. Dünyada elə bir insan yoxdu ki, onun içində cəsarət olsun, qorxaqlıq olmasın. Səxavət olsun, xəsislik olmasın. Amma bu hisslər həmişə bir-biri ilə mübarizədədi. İnsanın içindəki yaltaqlıq üzə çıxanda qürur, xəsislik baş qaldıranda səxavət, qorxaqlıq dilə gələndə cəsarət onu «danlamalı», «küncə qoymalı», «barmaq silkələməlidi». Xalqı adətən anaya oxşadırlar. Amma məncə xalq «övlad»dı, onu necə tərbiyə eləyirsənsə, hara istiqamətləndirirsənsə, xalq elə olur. Bu xalq 90-cı illərdə milyonlarla meydana toplaşdığı halda, bir-birinin ayağını tapdamayan, bir-birinin cibinə girməyən xalqdı. Həmin illərdə bir-birinə «bəy», «xanım» deyə müraciət eləyən xalqdı. Könüllü dəstələri yaradıb, döyüşə gedən xalqdı...

- O illərdə hakimiyyətə gəlmişdiniz də, Əli bəy... )))

- Gəlmişdik. Və hansı xatirələr var o illərlə, həmin illərdə lider olan insanlarla bağlı? Bizə nələri irad tuturlar? Bəli, biz səriştəsiz idik, təcrübəsiz idik, ifrat oksigen adamın başını gicəlləndirən kimi, qəfil və böyük dozada verdiyimiz azadlıq xalqın başını gicəlləndirmişdi. Amma o illər elə illər idi ki, mən evə gecə saat on ikidən tez gələ bilmirdim. Həmin saata qədər şikayətçiləri dinləyirdim. Elə olurdu ki, vaxt çatdırıb kiminsə şikayətinə baxa bilməyəndə, şikayətçi prezident iqamətgahının aşağısında dayanıb, üzüyuxarı çığırırdı: «Ay Elçibəy, Ay Elçibəy!». Əbülfəz Elçibəyin köməkçisi düşüb, vətəndaşdan nə istədiyini soruşurdu və o deyirdi ki: «Səhərdən burada dayanmışam, mənə növbə çatmayıb, indi də Əli Kərimli deyir ki, get, sabah gəl. O mənə mütləq bu gün qulaq asmalıdı!». Təsəvvür eləyirsiniz?!

- O illər barədə xatirələrdə vurğulanan bir məsələ də var. Həmişə deyirlər ki, o boşluğun bir səbəbi də bu idi ki, o vaxtın liderləri içki içən, sevgi yaşayan romantiklər idi...

- Bu ayrı-ayrı fərdlərə şamil oluna bilər, amma böyük əksəriyyətə yox. Bilirsiniz, xalq liderlərin xalqın toyunda iştirakını, iki yüz adamın qarşısında toyda içməyini görməmişdi. Və belə şeylər həmişə sonradan o azad ruhlu adamların əleyhinə istifadə olunurdu.

Bayaqdan, qonağımın üzündən yayındıranda gözlərim elə hey Əli bəyin əllərinə sataşır. Və hər dəfə utandığımdan öz əllərimi gizlətməyə çalışıram. Elə şümşad barmaqların, gözəl dərili ağ əllərin qarşısına əl çıxartmaq adamdan cəsarət istəyir. Və düşünürəm ki, Tanrı qonağımın əllərini piano klavişlərində, bilgisayar klaviaturunda gəzmək üçün yaradıbmış bəlkə də...

- Yaxşı alim ola bilərdiniz, yaradıcı adam olardınız...amma yaradıcılığa, elmə xərclənəsi illər, zəhmət siyasətə həsr olundu. Heç heyfiniz gəlir buna?

- Mən, ümumiyyətlə, həyatıma bağlı özümə hesabat verən adamam. Qısa müddətli hesabatlarım olur, bütün ömrümlə bağlı hesabatlarım da. Və o hesabatı verəndə, görürəm ki, haqlıyam. Mən çox böyük imtinalar eləmiş adamam. Doğrudu, başqa yolu seçmiş olsam, bəlkə də uğurlarım daha çox olardı. İstər şöhrət, istər karyera, istər şəxsi xoşbəxtlik, ailəmin rifahı sarıdan. Amma mən elə bir ölkədə yaşayırdım ki, insanlar xoşbəxt deyildi. Və ətrafındakı insanlar xoşbəxt olmadığı halda, mən necə xoşbəxt ola bilərdim ? O «akvarium xoşbəxtliyinin» nə mənası olardı? Mən mübarizə yolunu seçdim – sadaladıqlarımın heç biri olmadı, amma vicdanım rahatdı. Qoy lap mübarizə nəticə verməsin, qoy biz heç vaxt qarşımıza qoyduğumuz məqsədlərə çatmayaq. Amma yenə də mən özümü uduzmuş adam hesab eləmirəm. Çünki bu mübarizənin özündə, barışmamaqda, uduzmamaqda bir xoşbəxtlik var...

Söhbətimiz yekunlaşır və qonağım köməkçisinə qoşulub gedir, mənsə kobud əllərimi və qəhvəyi gözlərimi götürüb, öz yazıçı tənhalığıma tərəf addımlayıram...

# 7913
avatar

Günel Mövlud

Oxşar yazılar