Nobel mükafatlı türk alim Aziz Sancar və komandası siçanlar üzərində aparılan təcrübələrdə beyin xərçənginin ən aqressiv növlərindən biri olan qlioblastomanı tamamilə aradan qaldırmağa nail olub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, uzun müddətdir davam edən tədqiqatlar uğurla başa çatıb və tətbiq olunan metod qlioblastomalı siçanlarda xərçəngi yüz faiz məhv edib. Araşdırmanın nəticələri əvvəlcə Amerika Elmlər Akademiyasının elmi jurnalı olan PNAS-da dərc olunub.
Aziz Sancar bildirib ki, insan üzərində klinik sınaqlara keçmək üçün hələ görüləsi çox iş var. Bu mərhələyə başlamaq üçün Amerika Milli Sağlamlıq İnstitutunun icazəsi tələb olunur və Sancar Laboratoriyası artıq klinik sınaqlar üçün müraciətə hazırlaşır.
Araşdırma tibb ictimaiyyətində böyük maraq doğurub. Qeyd olunur ki, Nobel mükafatlı alim Aziz Sancarın rəhbərliyi ilə aparılan bu tədqiqat qlioblastoma kimi ölümcül beyin xərçəngi növlərinin müalicəsində inqilabi dönüş yarada bilər.
Tədqiqat zamanı laboratoriyalarda geniş istifadə olunan EdU adlı kimyəvi maddə ilə qlioblastomanın müalicəsində tətbiq edilən TMZ (Temozolomid) dərmanı birləşdirilərək xərçəngli nahiyəyə yeridilib. Bu kombinasiyanın nəticəsində siçanlarda indiyədək rast gəlinməmiş sağalma və sağ qalma göstəriciləri qeydə alınıb. Müxtəlif preklinik qlioblastoma siçan modelləri üzərində aparılan sınaqlar bu nəticələri təsdiqləyib.
Aziz Sancar bildirib ki, EdU və TMZ birlikdə tətbiq edildikdə, dərmanlar sinerji yaradaraq şişləri məhv edir və ölümün qarşısını ala bilir.
Alimin sözlərinə görə, insan üzərində sınaqların iki ildən tez başlanması gözlənilmir və metodun insanlarda eyni effekti verib-verməyəcəyi hələlik məlum deyil.