TƏBİB və Səhiyyə Nazirliyi meymunçiçəyi ilə bağlı  məlumat yaydı - YENİLƏNİB
22 avqust 2024 09:55 (UTC +04:00)

TƏBİB və Səhiyyə Nazirliyi meymunçiçəyi ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.

Vurğulanıb ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir: “Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır. İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.

Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir”.

***
09:37

Bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-in yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

Hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Fidan İlqar

Oxşar yazılar