Bir çox insan hesab edir ki, sağlam qalmaq üçün hər gecə mütləq səkkiz saat yatmaq lazımdır. Lakin həkimlər bildirirlər ki, yuxunun müddəti qədər onun hansı saatda başladığı da böyük əhəmiyyət daşıyır.
Lent.az xəbər verir ki, orqanizm üçün yalnız neçə saat yatmaq deyil, həm də nə vaxt yatmaq vacibdir. Əgər insan mütəmadi olaraq gecə saat 3 radələrində və ya daha gec yatırsa, hətta səkkiz saat yatsa belə, bu, maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər. Gec yatmaq, hətta tövsiyə olunan yuxu müddətinə əməl edildiyi halda belə, artıq çəki yığılması və 2-ci tip şəkərli diabetin inkişaf riski problemlərini artıra bilər:
Həkimlər izah edir ki, yuxuya getdiyimiz saat orqanizmin daxili bioloji saatı hesab olunan sirkadiyal ritmlərlə birbaşa əlaqəlidir. Bu ritmlər yuxu və oyaqlıq dövrünü, maddələr mübadiləsini, hormonların ifrazını və bir çox digər fizioloji prosesləri tənzimləyir. Təbii yuxu rejiminin mütəmadi pozulması isə orqanizmin normal fəaliyyətinə mənfi təsir göstərir və uzunmüddətli perspektivdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər buna görə də yalnız kifayət qədər yatmağı deyil, həm də mümkün qədər eyni saatlarda yatıb oyanmağı tövsiyə edirlər. Onların fikrincə, gecə yarısından əvvəl yuxuya getmək və sabit yuxu rejimi saxlamaq sağlam həyat tərzinin vacib hissəsidir.