Hətta “təbii” kimi işarələnmiş saqqız belə, çeynəyərkən ağız suyuna yüzlərlə, minlərlə mikroplastik hissəciklərin keçməsinə səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Los-Ancelesdəki Kaliforniya Universitetində aparılan araşdırma sübut edir.
İnşaat və Ətraf Mühit Mühəndisliyi kafedrasının dosenti Sanjay Mohanti izah edir:
"Plastik ətrafımızda hər yerdə - qablaşdırmada, qab-qacaq, butulkalarda var. Zaman keçdikcə o, çılpaq gözlə görünməyən mikrohissəciklərə parçalanır. Buna mikroplastik deyilir".
Tədqiqat 10 məşhur saqqız markasını əhatə edib, bunların yarısı "təbii" olaraq yerləşdirilib. Brendlərin adları açıqlanmır.
Mohantiyə görə, saqqız öz elastikliyini polimerdən, quruluşca plastikə bənzər bir maddədən alır. Hətta təbii olduğu iddia edilən məhsullar üçün də bitki əsaslı polimerlərdən istifadə edirlər. Ancaq sınaqlar göstərib ki, hətta bu tip rezinlər də mikroplastiklər buraxır.
"Biz "təbii" saqqızın plastiksiz olacağını düşünürdük. Lakin onların səhv olduğu ortaya çıxdı" deyə tədqiqat iştirakçısı və aspirant Lisa Lou bildirib.
Sınanılan bütün nümunələrdə poliolefinlər, polietilen tereftalat (PET), polistirol və poliakrilamid kimi maddələrin olduğu aşkar edilib.
Təcrübə çərçivəsində iştirakçılar dörd dəqiqə ərzində hər marka saqqızdan bir parça çeynəyiblər. Bundan sonra analiz üçün onlardan tüpürcək nümunəsi götürülüb. Nəticələr təsiredici olub: bir qram saqqızda 100-ə yaxın mikroplastik çıxıb və bir çeynəmə seansında təxminən 200-250 belə hissəcik ağıza daxil olub.
Mohanti qeyd edir ki, plastik son 50-70 ildə bəşəriyyət tərəfindən yalnız aktiv şəkildə istifadə olunur və onun sağlamlığa uzunmüddətli təsirləri hələ tam öyrənilməyib. Lakin məlumdur ki, mikroplastiklər insan orqanizmində toplanır.
Bu arada Vaşinqtondakı Milli Şirniyyatçılar Assosiasiyasının nümayəndəsi qeyd edib ki, istehlakçı təhlükəsizliyi istehsalçılar üçün əsas prioritet olaraq qalır və onların istifadə etdiyi bütün məhsullar FDA tərəfindən təsdiqlənib.
"Hətta tədqiqatın müəlliflərinin özləri də etiraf edirlər ki, çaxnaşma üçün heç bir əsas yoxdur: "Saqqız çeynəmək bir əsrdir olduğu kimi təhlükəsiz olaraq qalır", - o vurğulayıb.