Tanınmış dietoloq Reyhan Cabbarlının Ramazanda sağlam qidalanma barəsində Lent.az-a verdiyi müsahibəni təqdim edirik:
- Ramazan ayında sağlamlığımızı qorumaq üçün necə qidalanmalıyıq?
- Ramazan ayımızı təbrik edirəm, mübarək olsun. Bu ay öz nuru və gözəllikləri ilə evlərimizə birlik, xoşbəxtlik, hüzur gətirir. Ancaq, bu ayda qidalanmamızda etdiyimiz yanlışlar sağlamlığımıza zərər yetirir. Çalışıb bu barədə diqqətli olmalıyıq.
- Oruc tutan zaman ən çox edilən yanlışlar nələrdir?
- Səhərlər imsaka oyanmamaq və ya sadəcə su ilə niyyət etmək günlük aclıq saatınızı 14-16 saatdan 20 saata qədər uzadır. Bu da oruclu şəxsin qan şəkərinin iftardan 2-3 saat deyil, 6-7 saat öncədən çox aşağı enməyinə səbəb olur. Nə qədər çalışsanız da bu sizin günlük həyat rejiminizin keyfiyyətinin çox aşağı enməsinə səbəb olacaq. Buna görə imsak zamanı qidalanma çox önəmlidir.
- Orucu açan zaman nə qədər su içilməlidir?
- Digər edilən yanlışlardan biri də iftardan imsaka qədərki zamanda az miqdarda su içməkdir. Belə ki, minimum kilo başı 30 ml. su qəbul edilməlidir.
- İftar süfrələrindəki yemək seçimləri haqqında nə deyə bilərsiniz?
- İftar süfrələri günlük qidalanmamıza nisbətdə daha yüksək porsiyalar və yağlı yeməklərdən ibarət olur.
Axşam saatlarında bədənin bazal metabolizma sürəti azaldığı üçün sindirim çətinləşir. Yediyimiz qidalar enerjiyə çevrilmədən yağ olaraq depolanır. Buna görə normal qidalandığımız porsiya ölçülərində seçimlər etməliyik.
- İftar zamanı qidalanma necə olmalıdır?
- Orucumuzu su, 1 xurma və ya zeytun ilə açdıqdan sonra iftar yeməyinə ilk şorba ilə başlamaq lazımdır. Şorba içdikdən sonra həmən quru yeməklərə başlamayın. Minimum 10 dəqiqə gözlədikdən sonra çox yağlı olmayan gündəlik 1 oturumda qəbul etdiyiniz qədər yemək yeyin.
Hər yeməyin yanında az yağlı tərəvəz yeməyi və ya mayonezsiz tərəvəz salatınız olmalıdır. Günlük kalsium ehtiyacının tamamlanması üçün yeməklərin yanında içki olaraq ayran için. Çörək seçiminiz çovdarlı və ya kəpəkli olmalıdır. Bu günlük azalmış bağırsaq hərəkətliliyinin artması yəni, qəbizliyin olmaması üçün məsləhət görülür.
- İftarda yeyilən qidalardan danışdıq. Bəs, imsakda necə qidalanmalıyıq?
- İmsak zamanı səhər yeməyindəki qidalardan olmalıdır. Yumurta, pendir, zeytun, kəsmik, kərəyağı, gerkules yaxşı seçimlərdəndir. Əgər imsakda qazan yeməklərinə üstünlük verirsizsə, bu seçimi az zeytun yağlı tərəvəz yeməklərindən etməlisiz. İmsakda şəkərli çay içmək, şəkərli qidalar yemək qan şəkərinin ani yüksəlib sonra isə tez enməsinə səbəb olur. Bu da tez acımanıza gətirib çıxarır. Çalışın bu məsələlərdə diqqətli olun.
- Ramazan ayında fiziki aktivlik necə olmalıdır?
- Günlük olaraq minimum 7000-10000 addım atmaq lazımdır. İftardan 40 dəqiqə sonra açıq havada orta tempdə edilən yürüş piylənmənin qarşısını alıb, ruh halınızın da yaxşılaşmasına köməklik edəcək.