Pijamasız yatmaq əslində sağlamlıq üçün bir sıra müsbət təsirlər yarada bilər. Mütəxəssislərin sözlərinə görə, belə yatmaq yuxunun keyfiyyətini yaxşılaşdıra, əhval-ruhiyyəni yüksəldə, menopauza əlamətlərini azalda və hətta maddələr mübadiləsinə təsir göstərə bilər.
Lent.az xəbər verir ki, pijamasız yatmağın insan orqanizmi üçün mümkün faydaları açıqlanıb.
Daha dərin və keyfiyyətli yuxu
Yuxu zamanı bədənin soyuması beynin daha dərin yuxu mərhələlərinə keçməsi üçün vacib hesab olunur. Mütəxəssislərin fikrincə, yataq otağında ideal temperatur 16-19 dərəcə arasında olmalıdır.
Pijamanın çıxarılması bədənin artıq istiliyi saxlamasının qarşısını alır və temperaturun daha asan tənzimlənməsinə kömək edir. Araşdırmalar göstərir ki, daha isti mühitdə, xüsusilə də qalın geyimlə yatarkən dərin və sürətli yuxu mərhələləri azalır.
Menopauza əlamətlərinin azalması
Pijamasız yatmaq xüsusilə orta yaşlı qadınlar üçün faydalı ola bilər. Menopauza dövründə hormonal dəyişikliklər səbəbindən gecə tərləməsi və isti basmalar kimi problemlər yaranır.
Geyim isə bəzən istiliyi və rütubəti saxlayaraq bu narahatlıqları artırır. Daha az geyimlə yatmaq bədənin istiliyi daha rahat şəkildə buraxmasına kömək edir və gecə oyanmalarının sayını azalda bilər.
Arıqlama prosesinə kömək
Bədən temperaturu aşağı olduqda orqanizm onu sabit saxlamaq üçün daha çox enerji sərf edir. Bu proses zamanı alimlərin “qəhvəyi yağ” adlandırdığı xüsusi yağ hüceyrələri aktivləşir.
Bu hüceyrələr istilik yaratmaq üçün kalori yandırır. Bundan əlavə, keyfiyyətli yuxu böyümə hormonunun ifrazını artırır və iştahanı tənzimləyən hormonların balansına müsbət təsir göstərə bilər.
Dərinin daha sağlam olması
Yuxu zamanı havanın daha yaxşı dövr etməsi dəridə rütubətin yığılmasını azaldır. Bu isə tərləmənin və dəri səpkilərinin azalmasına kömək edə bilər.
Sıx və elastik parçaların yaratdığı təzyiq olmadıqda hava dövranı yaxşılaşır və məsamələrin tutulması və ya bədəndə sızanaqların yaranma ehtimalı azalır.
Göbələk infeksiyalarının azalması
Xüsusilə intim nahiyədə hava dövranının yaxşı olması rütubətin yığılmasının qarşısını alır. Bu isə maya göbələklərinin çoxalması üçün əlverişli mühitin yaranmasını azalda bilər.
Əhval və enerji səviyyəsinin artması
Pijamasız yatmaq birbaşa olaraq yuxunun fasiləsizliyini yaxşılaşdıra bilər. İnsan daha tez yuxuya gedir və gecə daha az oyanır.
Bu isə emosional balans, düşüncə aydınlığı və fiziki bərpa üçün vacib olan dərin və sürətli yuxu mərhələlərinin uzanmasına səbəb olur. Keyfiyyətli yuxu həmçinin stress hormonu olan kortizolun səviyyəsini azaldır və qan şəkərinin sabit qalmasına kömək edir.
Münasibətlərə müsbət təsir
Bəzi qadınlar pijamasız yatarkən öz bədənlərində daha rahat hiss etdiklərini bildirirlər. Bu isə bədənə münasibətin yaxşılaşmasına və yaxın münasibətlərdə rahatlığın artmasına kömək edə bilər.
Partnyorla dəri-dəri təması oksitosin hormonunun ifrazını stimullaşdırır. Sevgi hormonu kimi tanınan bu maddə yaxınlıq hissini gücləndirir və emosional bağlılığı artırır.
Necə başlamaq olar?
Mütəxəssislər qeyd edirlər ki, pijamasız yatmaq mütləq hamı üçün ideal üsul olmasa da, riskləri az olan və bir çox insan üçün faydalı ola bilən vərdişdir.
Bu üsul rahat olmayan insanlar isə daha yüngül və nəfəs alan parçalardan hazırlanmış, məsələn, ipək pijamalara üstünlük verə bilərlər. Ən vacibi isə yuxu zamanı özünüzü rahat hiss etməyinizdir.