Estetik və plastik cərrahiyyə mütəxəssisi Ufuk Əsgəroğlu ləkəsiz və sağlam dəri üçün diqqət edilməsi lazım olan qaydaları açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, o bildirib ki, dəridə ləkələr səhv müalicə, sızanaq və ya günəşə məruz qalma nəticəsində yaranır:
“Günəş ləkələri ən çox rast gəlinən problemlərdən biridir. Bu ləkələr dərinin strukturuna təsir edən zərərli günəş şüaları nəticəsində yaranır. Günəşdən gələn ultrabənövşəyi şüalar dəri piqmentasiyasından məsul olan melanositlərin artmasına səbəb ola bilər. Bu artımın sonunda dəridə melaninin səviyyəsi yüksəlir və dəridə ləkələr əmələ gəlməyə başlayır. Bu ləkələrin intensivliyi zaman-zaman azala və ya arta bilər.
Bununla belə, dəri günəşə məruz qalmağa davam etdikcə yeni ləkələr əmələ gəlir və mövcud ləkələr daha tündləşir. Günəş ləkəsinin yaranmasına təsir edən digər amil genetik meyldir. Günəş ləkələrinə daha çox açıq, həssas dərili və genetik meylli insanlarda rast gəlinir. Hormonlarda dəyişikliklər və kosmetik vasitələrin düzgün tətbiq edilməməsi də asanlıqla dəri ləkələrinə səbəb ola bilər”.