Yaşlı insanlarda gündüz yuxusu adətən normal hal hesab olunur və orqanizmin bərpasına kömək edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər təkcə gündüz yuxusunun müddəti deyil, onun hansı saatlarda baş verməsinin də sağlamlıq haqqında mühüm məlumat verə biləcəyini bildirirlər.
Alimlər müəyyən ediblər ki, yaşlı insanların səhər saatlarında tez-tez yuxuya getməsi sağlamlığın pisləşməsi və ölüm riskinin artması ilə əlaqəli ola bilər.
Araşdırmanın nəticələrinə görə, belə insanlarda ölüm riski təxminən 30 faiz daha yüksək ola bilər.
Bununla belə, mütəxəssislər vurğulayırlar ki, səhər yuxusu ölümə birbaşa səbəb olmur. O, daha çox orqanizmdə mövcud olan gizli problemlərin əlaməti kimi qiymətləndirilir.
Bunun səbəbi nə ola bilər?
Tədqiqatın aparıcı müəllifi, doktor Çenlu Qao bildirib ki, həddindən artıq yuxululuq çox vaxt aşağıdakı problemlərlə əlaqəli olur:
• sirkadiyal ritmin pozulması;
• xroniki yorğunluq;
• yuxu pozğunluqları;
• digər tibbi xəstəliklər.
Onun sözlərinə görə, gündüz yuxusu rejimində yaranan qəfil dəyişikliklər sağlamlığın pisləşməsinin erkən xəbərdaredici əlamətlərindən biri ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, gündüz yuxusundan tamamilə imtina etməyə ehtiyac yoxdur.
Ən faydalı variant günorta saatlarında 20–30 dəqiqə davam edən qısa yuxudur. Əksinə, axşam saatlarında yatmaq gecə yuxusunun keyfiyyətini azalda bilər.
Həkimlər qısa gündüz mürgüləmələrinin yaşlanmanın normal hissəsi olduğunu və insana enerji verə biləcəyini bildirirlər.
Onların sözlərinə görə, narahatlıq doğuran məqam qəfil başlayan və ya əvvəlkindən daha tez-tez baş verən həddindən artıq gündüz yuxusudur. Belə hallarda mütləq həkimə müraciət etmək tövsiyə olunur.