Əllərin əsməsi çox vaxt stress, yorğunluq və ya həyəcanla əlaqələndirilsə də, bunun arxasında daha ciddi səbəblər də dayana bilər. Mütəxəssislər bildirirlər ki, xüsusilə davamlı və getdikcə güclənən titrəmə diqqətdən kənarda qalmamalıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, əl tremoru ritmik və nəzarətsiz hərəkətlər şəklində özünü göstərir. Bu hal bəzən yuxusuzluq, emosional gərginlik və həddindən artıq kofein qəbulu ilə bağlı olsa da, nevroloji və endokrin problemlərlə də əlaqəli ola bilər.
Əl əsməsinin 7 mümkün səbəbi
Essensial tremor. Ən çox rast gəlinən hərəkət pozuntularından biridir. Adətən əllərdə başlayır və yazı yazarkən, stəkan tutarkən və ya digər incə hərəkətlər zamanı daha aydın görünür. Stress, yorğunluq və kofein əlamətləri gücləndirə bilər.
Parkinson xəstəliyi. Bu halda tremor çox vaxt əvvəlcə bir əldə və əsasən istirahət zamanı meydana çıxır. Xəstəlik irəlilədikcə hərəkətlərin ləngiməsi, əzələ sərtliyi və tarazlıq problemləri də yarana bilər.
Hipertireoz. Qalxanabənzər vəzin həddindən artıq hormon ifraz etməsi əllərdə xırda titrəmə yarada bilər. Bununla yanaşı, səbəbsiz arıqlama, ürəkdöyünmə, tərləmə, əsəbilik və istiyə həssaslıq müşahidə oluna bilər.
Qanda şəkərin dəyişməsi. Qlükoza səviyyəsinin xüsusilə aşağı düşməsi bədəndə stress reaksiyası yaradaraq əllərin əsməsinə səbəb ola bilər. Bu hal tez-tez təkrarlanırsa, həkimlə məsləhətləşmək tövsiyə olunur.
Dərmanların yan təsiri. Bəzi antidepressantlar, astma və epilepsiya dərmanları, litium, antiaritmik preparatlar və psevdofedrin tərkibli vasitələr tremora səbəb ola bilər.
Dağınıq skleroz və digər sinir sistemi problemləri. Mərkəzi sinir sisteminin zədələnməsi, insult və travmalar da əllərdə titrəməyə səbəb ola bilər.
Stress, yuxusuzluq və kofein. Emosional gərginlik, aclıq, az yatmaq, çox qəhvə və ya tünd çay içmək təbii tremoru daha nəzərəçarpan edə bilər.
Mütəxəssislər bildirirlər ki, tremor davamlıdırsa, güclənirsə, yazmaq, yemək və gündəlik işləri görmək çətinləşirsə, yaxud hərəkətlərin ləngiməsi, əzələ sərtliyi, tarazlıq pozuntusu, arıqlama və sürətli ürəkdöyünmə ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.