Ramazan ayında bədən sağlamlığınızı qorumaq üçün sahur və iftarda yediyiniz qidalara diqqət etməlisiniz. Xüsusilə iftar vaxtı müəyyən qidaları istehlak etməməlisiniz.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, qida üzrə mütəxəssis Vedat Göral bildirib ki, Ramazan ayında düzgün qidalanmamaq bir çox mənfiliklərə səbəb ola bilər.
Onun sözlərinə görə, iftar vaxtı həddindən artıq çox yemək həzmsizlik, şişkinlik, mədə narahatlığı, qəbizlik, yüksək təzyiqin yaranmasına səbəb ola bilər:
“Oruc su və ya xurma ilə açılmalıdır. Daha sonra yarım kasa şorba içilməlidir. Bu zaman bir dilim tam taxıl çörəyi istehlak etmək daha faydalıdır. Qısa fasilədən sonra mümkünsə əsas yeməyə başlanılmalıdır. Xəmir yeməkləri mümkün qədər az istehlak etməli, yeməyi yavaş-yavaş və yaxşıca çeynəyərək yeməliyik. Bundan əlavə, iftar yeməyinə qatıq, ayran, bir neçə dilim tam buğda və ya çovdar çörəyi əlavə edilməlidir. Çay və kofe iftardan ən azı yarım saat sonra içilməlidir. Çay mümkünsə açıq və limonlu olmalıdır. Yeməkdən sonra bitki çaylarına da üstünlük vermək olar”.