Çikaqo universitetinin alimləri süni intellekti birbaşa insan bədənində işləyə bilən elastik dəri yamaq hazırlayıblar.
Lent.az xəbər verir ki, yeni qurğu sağlamlıq göstəricilərini real vaxt rejimində analiz edir və nəticələri cəmi bir neçə millisaniyə ərzində təqdim edir.
Ən vacib fərqi isə odur ki, məlumatları emal etmək üçün internetə və ya uzaq serverə ehtiyac duymur.
Tədqiqatçılar bildirirlər ki, mövcud ağıllı saat və fitnes qolbaqları əsasən məlumat toplayaraq onları emal üçün bulud serverlərinə göndərir.
Yeni yamaq isə süni intellekt hesablamalarını birbaşa bədənin üzərində həyata keçirir ki, bu da xüsusilə ürək ritmində təhlükəli pozuntuların aşkarlanması kimi təcili hallarda vaxt itkisini aradan qaldırır.
Qurğuda insan beynindəki sinapsların iş prinsipini təqlid edən elastik üzvi elektrokimyəvi tranzistorlardan istifadə olunub. Sınaqlar zamanı cihaz ürək ritminin xəritəsini 99,6% dəqiqliklə müəyyən edə bilib və ürək tutması riskini qiymətləndirə bilib. Yamaq dartıldıqda və ya büküldükdə belə yüksək dəqiqliyini qoruyub saxlayıb.
Alimlərin sözlərinə görə, gələcəkdə bu texnologiya ürək-damar xəstəliklərinin erkən aşkarlanması, xroniki xəstələrin fasiləsiz izlənməsi və hətta implantasiya edilə bilən tibbi cihazlarda istifadə oluna bilər. Tədqiqatın nəticələri Nature Electronics jurnalında dərc olunub.