Baş ağrısı ciddi xəstəliklərin nəticəsi deyilsə, onun öhdəsindən dərman qəbul etmədən də gəlmək mümkündür. Miqren isə təkcə güclü baş ağrısı deyil, insanın bütün planlarını poza bilən, gücdən sala bilən ciddi nevroloji vəziyyətdir. Dünyada milyonlarla insan kəskin ağrı, ürəkbulanma, işığa və səsə həssaslıqla müşayiət olunan ağır tutmalar yaşayır.
Lent.az xarici mediaya istinadla baş ağrısını dərmansız yüngülləşdirməyin sadə yolu barədə xəbər verir.
Sadə və əlçatan ev üsulu
Mütəxəssislər bildirirlər ki, ev şəraitində heç bir dərman olmadan ağrını azaltmağa kömək edən çox sadə bir metod var. Bunun üçün yalnız ayaqlar üçün isti su dolu bir qab kifayətdir. Bu üsul tam müalicəni əvəz etmir, lakin tutma zamanı təsirli dəstək ola bilər.
Niyə bu metod işləyir?
Bu üsulun təsir mexanizmi qanın axın istiqamətinin dəyişməsinə əsaslanır.
Ayaqlar isti suya salındıqda aşağı ətraflardakı damarlar genişlənir və qan axınının bir hissəsini özünə çəkir. Miqren zamanı isə baş nahiyəsindəki damarlar da genişlənir və sinir uclarına təzyiq edərək ağrı yaradır. Qanın bir hissəsinin ayaqlara yönəlməsi baş damarlarındakı yükü azaldır və ağrının intensivliyini aşağı salır.
Üstəlik, istilik sinir sisteminə sakitləşdirici təsir göstərir, bədənin ümumi gərginliyini azaldır. Nəticədə ağrı zəifləyir və insan özünü daha yüngül hiss edir.
Məsləhət: Effekti gücləndirmək üçün alın və ya ensə nahiyəsinə soyuq kompres qoymaq olar. İsti və soyuq kontrastı ağrının daha tez azalmasına kömək edir.
Nələrə diqqət etmək lazımdır?
Metod ümumilikdə təhlükəsiz sayılsa da, mütəxəssislər bir neçə vacib məqama diqqət çəkir:
Su balansını qoruyun - Orqanizmdə maye çatışmazlığı migrenin ən çox rast gəlinən səbəblərindən biridir. Buna görə kifayət qədər su içmək vacibdir.
Rahat mühit yaradın - Proseduranı qaranlıq və sakit otaqda etmək daha uyğundur. Beləliklə xarici qıcıqlandırıcılar minimuma enir.
Ehtiyatlı olun Qan dövranı pozğunluğu, şəkərli diabet və ya dəri problemləri olan şəxslərə çox isti sudan istifadə etmək məsləhət görülmür. Belə hallarda əvvəlcədən həkimlə məsləhətləşmək lazımdır.
Həkimə müraciəti gecikdirməyin Əgər tutmalar tez-tez təkrarlanır və ya güclənirsə, səbəbi müəyyənləşdirmək və düzgün müalicə seçmək üçün həkim müayinəsi vacibdir.