<span style="color:red;">Sevda Sultanova:  <b>“Xoşqədəm kimi, kədərdən şou düzəldirlər...”</b> -<span style="color:red;"> QIZ-QIZA
12 oktyabr 2015 16:35 (UTC +04:00)

Sevda Sultanova: “Xoşqədəm kimi, kədərdən şou düzəldirlər...” - QIZ-QIZA

 

Layihə: “Vüsalə Məmmədova ilə QIZ-QIZA”

 

Son dönəmlərdə mətbəxdəki televizorumuzdan gördüyüm sayğını, diqqəti həyatda heç kimdən görməmişəm. Şəxsimə göstərilən bu hörmətdən hədsiz qürur duyaraq, daha ətraflı yazacağam. Deməli, mətbəxdə, yəni mən çalışdığım otaqda bir televizorumuz var. Bütün günü işləyir, elə ki axşam düşdü, Vüsalə qapıdan girdi, ekran öz-özünə qaralır. Usta da çağırmışıq, baxıb deyib ki, heç nəyi yoxdur. Deyiblər axşam... cavab verib ki, axşama serialım var, gözləyə bilmərəm.

 

Qısası, axşam düşür, mən qapıdan girirəm, TV qaralır, evdəkilər onu şəbəkədən ayırıb o biri otağa keçirlər, mən kompüterimi yandırıb, işləməyə başlayıram. Bu ötən ilin sentyabrından belədir. Anam deyir ki, TV onsuz da bilir ki, gələn kimi ilk iş pultu götürüb onu söndürəcəksən, mənsə TV-ni bu qədər müdrik hesab etmirəm. Düşünürəm ki, mənə hörmət edir. Bir tamaşaçısı olaraq, üzümə baxmağa üzü yoxdur, ona görə də addım səsim eşidilən kimi üzünü gizlədir.

 

İndi müsahibəyə qlamurlar kimi “Mən televizora baxmıram” deməklə başlamaq istəmirəm. Səmimi deyirəm, baxaram, özü də məmnuniyyətlə. Amma neyləyim ki, o, mənim ona baxmağımı istəmir...

 

Kazım Səlimov var, oxucularımız onu tərcüməçi kimi tanısalar da, mən həm də müəllim kimi tanıyıram. Adam təpədən-dırnağa müəllimdir. Təsəvvür edin, əlinə bir yaxşı kitab düşən kimi ana dadlı tikənin qalanını balasının arxasınca gəzib zorla onun ağzına qoyan kimi, adamı tapıb o kitabı oxutduracaq. Mənə oxutduğu kitablar üçün ona minnətdaram. Kazım müəllimin tövsiyəsi ilə oxuduğum Sidni Şeldonun “Uğurun arxa tərəfi” kitabında Oskarlı müəllif öz uğur formulunu belə açıqlayıb: “İnsanın mənəvi yüksəlişində televizorun böyük xidmətləri var. Hər dəfə evdə kimsə onu yandıranda, mən o biri otağa keçib kitab oxuyuram”.

 

Məncə S.Şeldon TV haqqında deyiləcək hər şeyi bir cümlədə deyib, ona görə də çox vaxtınızı almadan, söhbətə keçim. Yazar, jurnalist, tənqidçi, “prosto krasavitsa” Sevda Sultanla söhbətimizi köçürəndə xəbər tutdum ki, düz 158 dəqiqə birnəfəsə danışmışıq... Bu o deməkdir ki, Sevda qadın kimi qadındır!

 

***

 

- “525-ci qəzet”in bir sayını buraxmır, həmişə də axırdan əvvələ oxuyurdum. Birinci ən son səhifəsindəki yumorları, sonra isə sənin yazılarını. Televiziyanı elə müfəssəl təhlil edir, o qədər dəqiq tənqid edirdin ki...

 

- O yazıların ən çox oxunan vaxtları idi. Televiziyaları tənqid etdiyim yazılardan oxucularda belə bir obrazım formalaşmışdı – ifritə, cadugər, ləçər. Rəşad Məcid provakator bir insandır. Bəzən onun provakatorluğu şirin, cazibədar, bəzənsə çox zərərli olur. O, televiziya işçiləri ilə danışanda mənim o ifritə obrazımı daha da gücləndirirdi. Açığını deyim, bu mənim çox xoşuma gəlirdi. Adamlar elə bilirdi mən yazı yazanda çox aqressiv oluram, amma əksinə, mən işimdən həzz alaraq yazıram.

 

- Oxuyanda elə bilirdim bu yazını kifayət qədər yaşlı, niyəsə kök xanım yazıb. Düşünürdüm, o qədər məntiqlə analiz etmək üçün insanın bir bəlli yaşı olmalıdır. Bir dəfə Space-də “Gecə kanalı”nın qonağı olacağını anons etdilər, yatmayıb gözlədim ki, bu arvada baxım...

 

- Arvad! Əla! (Gülür)

 

- Və studiyaya çox zərif, qəşəng bir xanım gəldi. Bu gün kimi xatırlayıram, bir çiyni açıq, ağ tor koftada idin. Uzun, bej rəngli yubkada. Kare saçlarını tez-tez qulağının arxasına aparıb, xəfif, məlahətlə gülümsəyirdin. Onda əmin oldum ki, bu xanım yazı yazanda aqressiv ola bilməz. O veriliş ağlımdakı Sevda Sultanova obrazını darmadağın etdi. Onu daha çox sevdim. Bu fikirlərin bir gəncə aid olmasından qürur duydum.

 

- (Gülür) Heç kişilər mənə bu qədər kompliment deməmişdilər... O verilişə məni İradə Tuncay dəvət etmişdi. Açığı, televiziyanın energetikası mənə yaddır. Yazmaq daha doğmadır. Həm də televiziyada kadr arxasından da xəbərim olduğu üçün ora mənə maraqlı deyil. Bəlkə sırf kino ilə bağlı bir müəllif verilişi aparmaq istəyərdim.

 

- Manaf Ağayev də TV-də kinodan danışsın, sən də?

 

- Bəlkə də kanallar arasında ən ucuz, ən vulqar, ən banal səviyyədə şou Space-dədir. Əgər elə olmasaydı, səviyyəli bir konsepsiyası olsaydı, Manaf Ağayev orada çox yaradıcı görünərdi. Mən onu qəbul edərdim. Amma mövcud konsepsiyanın kontekstində o daha çox kinoya təhqir kimi görünür.

 

- Sənət müəllimim Ağakişi Kazımov tamaşası uğursuz alınanda deyirdi ki, “bu undan başqa xəmir yoğurmaq mümkün deyil”. İndi MTRŞ-nın bəyanatını oxuyanda müəllimimin bu sözləri qulağımda cingildəyir. İttiham etdiyimiz, bəzən haqlı olaraq küsdüyümüz TV-lər əllərindəki unla başqa xəmir yoğura bilərlər?

 

- Çox həssas məsələyə toxundun. Bir tərəfdən dediyində həqiqət var. Bir tərəfdən isə televiziyada müəyyən tələblər olduğu üçün o bu səviyyəyə çatıb. Əslində onlara qoyulan tələb səbəbindən, gerçəkdən TV-lər hansı potensiala malikdir, biz onu görə bilmirik. Məsələn, yadıma gəlir ki, ANS TV-nin “Nəzər nöqtəsi”nin çox geniş auditoriyası var idi, çox ciddi müzakirələr olurdu. ANS-in Xəyal Tağıyev, Lider-in Səadət Məmmədova, Space-in İlhamiyyə Rza, AzTV-nin Qulu Məhərrəmli kimi parlaq simaları var idi. Bunlar müəyyən intellekti olan və peşəkar insanlar idi. Amma televiziyanın şoulaşdırılması üzündən o insanlar artıq özlərini orada görə bilmədilər və hətta onlar bu gün efirə çıxsalar da, orada çox effektsiz qalacaqlar...

 

- Necə ki, bəzi cəhdlər oldu və...

 

- Effekt olmadı. Çünki tək əldən səs çıxmaz. TV-lərdə bütövlükdə konsepsiya dəyişilməlidir. İnsanlar televiziyada alternativ fikirlər görməlidirlər. Alternativ fikir, polemika olmadan heç bir inkişaf mümkün deyil...

 

- TV ciddi cəhdlə tənqiddən imtina etdi. Tənqid edənləri qərəzli saydı. Məlum oldu ki, adi bir Facebook statusu qarşısında dayanacaq əminlikləri yoxdur. Deyirlər yazarlar arasında da guya belədir, amma yox! İndiyəcən kimin yazısını oxuyub “bunu bəyənmədim” demişəmsə, sabahkı görüşümüzdə o sözümün münasibətimizə təsir etmədiyini görmüşəm. Demək ki, bizim mühit daha sağlamdır... Ya biz daha çox tənqidə hazırıq, çünki yaşamaq istəyirik. Tənqid olmasa, məhvə məhkumsan.

 

- İnsanın özünə ironiyası çox vacibdir. Bu insanı ətrafdan və özündən qoruyur, həyatı daha asanlıqla qəbul etməyə kömək edir...

 

- Peşənə yox, özünə vurğun olanda heç bir ironiyadan söz gedə bilməz...

 

- Bəli, istənilən peşəni sevgi olmadan inkişaf etdirmək mümkün deyil. Kino mənim həyat tərzimdir. Filmə baxmaq, dostlarımın kino çəkilişlərinə getmək, onu müzakirə etmək... Mən bundan hədsiz zövq alıram. İnsanın elə yaş dövrü olur ki, depressiyaya düşür, şəxsi həyatla, sevgi ilə bağlı. Amma indi depressiyaya düşə bilmirəm. Heç bir hadisə mənə zərbə vura bilmir. Çünki kino məni qoruyur. Kinodan aldığım energetikanı başqa heç nədən ala bilmirəm.

 

- Niyə hesab edirsən ki, səni ayrılıqlardan kino qoruyur? Bəlkə sadəcə zamanla immunitet güclənib ayrılıqlara qarşı?

 

- Yəni demək olar ki, bu günə qədər baxdığım filmlər immuniteti gücləndirib. Bax, bir film adamı həyəcanlandıra bilir, amma yanımdan keçən hansısa bir kişi məni həyəcanlandıra bilmir...

 

- Bu o qədər də yaxşı hal deyil...

 

- Amma reallıqdır. Reallığı dəyişmək üçün gərək kimsə səni həyəcanlandırsın...

 

- TV-ləri izləyərkən, insani hisslərin ölməsi normaldır. Göz yaşı şouya, reytinqə çevrilir...

 

- Haqlısan! İnsanlara səslənmək istəyirəm ki, televiziyadan imtina etsinlər! Həyatın adi şeylərindən, bacardıqları işlərdən zövq alsınlar! Bizim insanın həyatı televiziyadan çox asılıdır. Televiziya onları manipulyasiya edir və onlar əslində fərqində deyillər. Öz həyatlarını yaşamırlar.

 

- Həyatlarını ucuz, səviyyəsiz şouların istifadəsinə veriblər.

 

- Eynilə! Onlar televiziyanın həyatı ilə yaşayırlar... Hərdən mənə deyirlər ki, televiziyaya bax, yaz. Deyirəm mən ömrümü televiziya qarşısında çürüdə, sağlamlığımı ona qurban verə bilmərəm. Yazmıram! Kinodan yazıram, zövq aldığım işlə məşğulam.

 

- MTRŞ bir-birinin ardınca çox kəskin bəyanatlar verdi. Bu, o qədər gecikmiş reaksiya idi ki, heç ictimaiyyət də münasibət bildirmədi. Bundan da başqa, o mətnə fikir bildirə biləcək düşüncə sahibləri artıq efir qarşısında deyil. Tutaq ki, TV-lər “düzəldi”. Axı tamaşaçı öz qərarını MTRŞ-dan öncə verib, seçimini edib, TV-dən çoxdan imtina ediblər. Səncə, ziyalı təbəqə yenidən TV qarşısına qayıdacaq?

 

- Normal düşüncəli tamaşaçının televiziya qarşısına qayıtması üçün televiziyalar çox böyük əmək sərf etməli və vacib mərhələlərdən keçməlidirlər. Ən önəmlisi, televiziyaya qoyulan bəzi tələblər götürülməlidir. Alternativ olmadır. Hər şey bu qədər bəsitdir. Yalnız bu halda TV-lərdən şoular yoxa çıxacaq.

 

- Televiziyanı müzakirə edərkən, hamı aparıcıdan danışır. Amma tək problem o deyil axı. Televiziyada hələ də rejissor məktəbi formalaşmayıb...

 

- Bu, çox ağrılı problemlərdən biridir. Bizdə televiziya rejissor yox, aparıcı üzərində qurulub. Bizdə əksər verilişlər şou formatında nəzərdə tutulur. Şou isə əslində çox ciddi yaradıcılıq tələb edən bir janrdır. Azərbaycan televiziyasında buna nisbətən əməl edən Siyavuş Hüseynlidir (SOY).

 

- Ümumiyətlə, Siyavuş Hüseynli istedadlı adamdır.

 

- Bəli. Həm də öz üzərində işləyən adamdır. Siyavuş həmişə maraqlı tapıntılar edir. Bizdə əksər hallarda isə elə başa düşürlər ki, bir mövzu qoyursan müzakirəyə, iki müğənni gəlir, hərəsi bir mahnı oxuyur və vəssalam. Hamısı ondan irəli gəlir ki, aparıcı faktoru rejissor faktorunu üstələyir, rejissor arxa planda qalır. ANS kanallar içərisində şouya ən gec baş qoşan kanal oldu. “525-ci qəzet”də yazdığım vaxtlar idi, gecəyarısı bir də baxdım ki, ANS tanınmayan toy müğənnilərini göstərir, o vaxtlarda ANS-in çox ciddi bir imici var idi, düşündüm ki, utandığından onları gecə verir ki, hamı yatmış olsun...

 

- Amma teletənqidin olmadığı məkanda TV-lər çox yaşadı...

 

- Arada Kulis.az-da yazılar olur. Amma nə qədər eyni şeyi yazmaq olar? Hər şey o qədər monotondur ki, hamı haqqında eyni şeyi yazmalı olursan. Yəni televiziya üçün bütün mümkün olan tənqidlər edilib.

 

- Yeri gəlmişkən, TV-lərin bu yerə çatmasında saytların da az rolu olmayıb. Düşünürəm ki, efirdə baş verən bütün biabırçılıqları xəbər deyib, yazmasaydılar, o verilişlərin reytinqi də bu qədər yüksəlməzdi...

 

- Razıyam. Bu xəbərləri tirajlamaq o efirdəki səhvdən də böyükdür...

 

- Ən çox müzakirə olunan aparıcılardır, buna toxunmaq istəyirəm. Demək olar ki, ciddi intellektual aparıcı qıtlığı var...

 

- Azərbaycanın özündə intellektual qıtlığı var. Mənə elə gəlir ki, yetkin, intellektual insan bu gün o televiziyalara çıxıb veriliş aparmağı özünə rəva görməz.

 

- Üstəlik, fərqli obraz yoxdur...

 

- Haqlısan! Çox tənqid etsəm də, televiziyada Mirşahinin özünəməxsus üslubu var. Təzə nəslin isə 95 faizinin danışıq üslubu yoxdur. Efirdə individuallıq lazımdır. Bir də, sanki bu adamlarda öz üzərlərində işləmək yoxdur.

 

- Və verilişlər bağlanır, bu aparıcılarsa qalır. Bizdə televiziya aparıcı üzərində qurulduğuna görə bu hansı müsbət dəyişikliyi verə bilər?

 

- Səhv etmirəmsə, Ulvira Qarayeva SOY-dan başlamışdı və çox ciddi araşdırmaları var idi...

 

- “Qırmızı xətt”in tamaşaçısı idim. SOY-da şou hazırlanan vaxt Ulvira orda ciddi araşdırmalar edirdi.

 

- Çox yaxşı araşdırmalar idi. Sonra Ulvira evlilik verilişi apardı, şəxsiyyətində şoulaşma getdi. İndi bu sonuncu verilişində müzakirəyə ciddi mövzular qoysa da, özü o şou nüanslarından xilas ola bilmir. Artıq sən də özündən asılı olmayaraq o verilişə ciddi veriliş kimi baxa bilmirsən...

 

- Şou ilə gələn populyarlıq narkotik qədər təhlükəlidir. Ondan asanlıqla imtina etmək mümkün deyil axı. “Qırmızı xətt”lə müəyyən bir nüfuz, hörmət qazandısa, evləndirmə proqramı ilə daha cazib gələn populyarlıq qazandı və...

 

- ...və sonra onsuz qala bilmir. Bir şey də deyim, Ulvira Qarayeva özünün peşəkarlıq xüsusiyyətlərini itirdiyinə görə verilişində əks cəbhələr olduğu halda hamıya opponentlik edir. Bu da jurnalistikanın qızıl qaydalarını pozmaq deməkdir. Qısası, mühit və bir çox şeylər köklü dəyişməyincə, nə etsən də, dəyişmək mümkün deyil.

 

- Bir məsələyə də toxunmaq istəyirəm. Ölkədə illərdir müharibə gedir. Ötən ilin avqust hadisələrini yada salaq, belə hallarda televiziyalar “Dədə Qorqud”, “Fəryad” filmindən başqa verməyə material tapmırlar. Müharibənin yaşı o qədər uzundur ki, artıq Qarabağ uğrunda Qarabağı görməyən nəsil şəhid olur, amma televiziyalar hələ də başqa ölkənin TV-si olduğunu zənn edir... Paytaxtdan bir neçə kilometr aralıdakı atəş səsi televiziyadan eşidilmir...

 

- Mayın 19-da bina yananda saytlar daha operativ məlumat verdi. Şoular onları o qədər kütləşdirib, itilikdən salıb ki, artıq ekstremal situasiyalarda çevik reaksiya vermək iqtidarında deyillər. Bizim kanallarda hər hansı bir şəhid haqqında keyfiyyətli veriliş, film yoxdur. Ancaq “AzTV sayağı” verilişlər olur. Bir şəhid haqqında bir saatlıq veriliş gedir və sən o şəhidi tanıya bilmirsən. Çünki hamısı ümumi cümlələrdir. Şəhid haqqında veriliş hazırlamaq üçün zəhmət çəkməlisən, onunla bağlı bütün detalları öyrənməlisən...

 

- TV-lər əksər hallarda kommersiya maraqlarından bu kökə düşdüklərini deyirlər. Dövlət seriallara vəsait ayırdı, nəticəyə baxaq. Üç normal serialımızın adını çəkə bilərsən?

 

- Rövşən İsaqın “Pərvanələrin rəqsi” serialını bəyənmişdim, bir də SOY-un çəkdiyi “Miras”. Bizdə serialların zəif olmasının əsas səbəbi peşəkar prodüserin olmamasıdır.

 

- Demək ki, kommersiya marağı bəhanədir. Dövlət vəsait ayıranda da ortaya bir şey çıxmır...

 

- Bəli! Teatrda baş verənlərə baxaq. İndi İlham Əsgərovun ölümünü İsrafil İsrafilovun boynuna qoyurlar. Bu, Xoşqədəmin verilişləri kimi insanın kədərindən şou düzəltməkdir.

 

- Üstəlik, elə bir sənətçinin adından istifadə edilir ki, sağlığında heç vaxt mətbuatda qalmaqalla görünməyib...

 

- Mən İsrafil İsrafilovu şəxsən tanımıram. Amma Azdramanı tanıyıram, tamaşalarına getmişəm, gedirəm və kulisdə baş verənlərdən az-çox xəbərim var. Aktyorların dediklərindən belə çıxır ki, rəhmətlik İlham Əsgərov İsrafilov direktor gəlməmişdən parlaq tamaşalarda oynayıb, yaddaqalan obrazları olub, təzə direktor gəlib, onun qabağını kəsib... İlham Əsgərova qarşı hörmətsizlik edirlər... Azdrama ən çox dövlət qayğısı göstərilən teatrdır. İsrafilovdan əvvəl cəmiyyətdə partlayış yaradan hansı tamaşa hazırlayıblar ki, insanlar teatra axışsın? Olmayıb axı! Yəni, siz əvvəl də bu cür idiniz! Sadəcə hansısa bizim görmədiyimiz, bilmədiyimiz, kulisdəki intriqalardan, şəxsi mənafelərdən dolayı İsrafilovu teatrın çökməsində günahlandırırlar. Axı İsrafilov gələndə, ora artıq çökmüşdü...

 

- Mən İsrafil İsrafilov haqqında nə yaxşı, nə də pis heç nə deyə bilmərəm, çünki tanımıram. Onu bilirəm ki, teatr direktorları heç vaxt yaradıcı heyəti sevmir. Amma aktyorlar da istəyir ki, dünya bunların ətrafında dönsün, dəyişən dünyada bircə bunlar dəyişməsin və tamaşaçı hələ də işdən yorğun çıxıb gəlib onun bir tamaşada dörd paltar dəyişməsinə, 7-8 dəqiqəlik monoloquna qulaq assın...

 

- Ay sağ ol! Aydın Talıbzadə deyir ki, ədəbiyyatda gedən proseslər teatrda getmir. Bizdə gənc nəsil var, proses gedir, az-çox kinoda da var. Amma teatrda... Bu, sovetdən gələn bir şeydir, insanlar daxilən azad deyillər. Üstəlik, azad olmaqdan qorxurlar. Bax, ODA teatrı çox gözəl nümunə göstərdi... Bizim aktyorlar niyəsə beyinlərinə yeridiblər ki, aktyor zəngin həyat sürməli, avtobusa minməməli, maşını, bahalı evi olmalıdır. Bu da ondan irəli gəlir ki, onlar üçün ancaq Hollivud modeli var. Dünyaca məşhur rejissor Pedro Almadovar orta təbəqə sayılan insandır...

 

- Teatrlar da, televiziyalar da mövcud durumda nə etməlidirlər?

 

- Dövlət TV-lərə münasibəti dəyişməli, tolerantlıq göstərməli, mümkün qədər azadlıq verməlidir.

 

- TV-lər artıq azadlıqla özbaşınalıq arasındakı zərif səddi keçib, hətta darmadağın ediblər. Onlar sanki göz yaşından pul qazanmağa alışıblar...

 

- Tamamilə televiziyaları günahlandırmaq da doğru deyil. TV-lərə seçim imkanları, heç olmasa bir az azadlıq verilməlidir ki, hərəsi öz simasını nisbətən özünə qaytara bilsin. Tələblər olsa, peşəkarlar yenidən televiziyaya qayıdacaq. Bu artıq televiziyanın yürütdüyü siyasətdən asılı olacaq. TV-lərə bu imkanlar verilsə istər istəməz normal verilişlər də ortaya çıxacaq, səviyyəli, peşəkar insanlar da televiziyaya çıxmaq istəyəcəklər. Yoxsa TV indi elə bir bataqlığa düşüb ki, onu ordan çıxartmaq... Normal duruma qaytarılması üçün çox əmək sərf olunmalı, zaman keçməlidir. Televiziya etibarını qaytarmalı, güvənini bərpa etməlidir. O da çox çətin prosesdir.

 

- Bugünkü efirdən üç ad çəkməni istəyirəm ki, o çətin prosesi keçə bilsə, həmin adamları saxlayıb, yenilənən televiziyada istifadə etmək mümkündü. Lütfən, üzdə olan simalardan seçək.

 

- Televiziyalardakı durum bacarıqlı adamları da əsarət altına alıb. Öz üzərlərində işləmir, verilişi hazırlayarkən çox araşdırma aparmırlar. İctimai televiziyada Vəsilə Vahidqızı xoşuma gəlir. Amma onun da verilişi canlı yayımlansa, müəyyən tələblər qoyulsa, onun “Ortaq məxrəc”i çox tamaşaçı toplayacaq.

 

# 4701
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar