Türkiyədə 95 yaşlı milyarder Rahmi Koça cinayət işi açılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, buna səbəb iş adamının kürd qadınla bağlı etdiyi zarafat olub. Cinayət işinin başlanması təşəbbüsü ilə İzmir Baş Prokurorluğu çıxış edib.
Hadisə “American Hospital”ın açılış mərasimində baş verib. Tədbirdə Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım da daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər iştirak ediblər.
Milyarderin çıxışının videosu qısa müddətdə sosial şəbəkələrdə və mediada yayılaraq geniş rezonans doğurub.
Prokurorluğun açıqlamasında qeyd olunub ki, Rahmi Koçun səsləndirdiyi ifadələr müəyyən əhali qrupuna qarşı yönəlmiş və cəmiyyət üçün alçaldıcı xarakter daşıyan fikirlər kimi qiymətləndirilib. İstintaq orqanları iş adamının hərəkətlərini etnik mənsubiyyət, din, sosial status və cinsiyyət əlamətlərinə görə insanları ictimai şəkildə alçaltmaq kimi dəyərləndirib.
Rahmi Koçun sözləri ictimaiyyət tərəfindən də sərt tənqid olunub. Hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömer Çelik iş adamından üzr istəməyi tələb edib. O bildirib ki, “kürd qadını” ifadəsinin aşağılayıcı tonda işlədilməsi ümumi qəbul olunmuş dəyərlərə ziddir və bunu yumorla əsaslandırmaq mümkün deyil.
Daha sonra Rahmi Koçun fəxri sədri olduğu “Koç Holding” rəsmi üzrxahlıq bəyanatı yayıb. Bəyanatda qeyd olunub ki, iş adamı söylədiyi sözlərə görə səmimi şəkildə təəssüf hissi keçirir və heç kəsi təhqir etmək niyyətində olmayıb.
Rahmi Koç Türkiyənin ən varlı şəxslərindən biri hesab olunur. Onun şəxsi sərvətinin təxminən 2,4 milyard dollar olduğu bildirilir. Koç ailəsi isə ölkənin ən zəngin ailələrindən biridir.
Məlumata görə, mübahisəli çıxışın səsləndirildiyi xəstəxananın tikintisinə Rahmi Koç tərəfindən 150 milyon dollar investisiya yatırılıb.