Ölümündən 17 il sonra yenidən tarix yazdı - Maykl Ceksondan Billboard rekordu
06 iyun 2026 19:35 (UTC +04:00)

Ölümündən 17 il sonra yenidən tarix yazdı - Maykl Ceksondan Billboard rekordu

0

Pop musiqisinin əfsanəvi siması, “Popun Kralı” kimi tanınan Maykl Cekson ölümündən 17 il keçməsinə baxmayaraq, yeni rekordlar qırmağa davam edir. Kinoteatrlarda nümayiş olunan bioqrafik film və sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında yaranan yeni trend sayəsində sənətçi 2026-cı ilin iyun ayında yenidən Billboard Hot 100 siyahısına daxil olmağı bacarıb. Bununla da Maykl Cekson son 60 il ərzində hər onillikdə ən azı bir dəfə bu nüfuzlu musiqi siyahısında yer alan ilk və yeganə ifaçı kimi tarixə düşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, musiqi tarixini dəyişən, özünəməxsus rəqs hərəkətləri, səhnə performansları və klipləri ilə dünya mədəniyyətinin simvollarından birinə çevrilən Maykl Cekson 2009-cu ildə vəfat etsə də, onun irsi milyonlarla insan tərəfindən yaşadılmağa davam edir.

Billboard Hot 100 siyahısının iyun ayı nəticələri sənətçinin populyarlığının hələ də zirvədə olduğunu bir daha sübut edib. Sənətçi 1970-ci illərdən başlayaraq 1980-ci, 1990-cı, 2000-ci, 2010-cu və 2020-ci illərdə də Billboard Hot 100 siyahısına daxil olmağı bacarıb. Beləliklə, altı fərqli onillikdə siyahıda yer alan ilk musiqiçi statusunu qazanıb.

Bu uğurun əsas səbəbkarı isə “Çikaqo” adlı mahnı olub. Mahnı ilk dəfə 2014-cü ildə, Maykl Ceksonun ölümündən sonra yayımlanan albomda təqdim edilmişdi. İllər boyu nisbətən kölgədə qalan bu bəstə iyun ayında Billboard Hot 100 siyahısına 30-cu pillədən daxil olaraq sənətçinin rekordunu tamamlayıb.

Maykl Ceksonun solo karyerası 1972-ci ildə “Qot Tu Bi Der” mahnısı ilə başlayıb. “Çikaqo”nun uğuru onun Billboard Hot 100 siyahısına daxil olan 52-ci mahnısı kimi qeydə alınıb. Sənətçinin onilliklər üzrə nəticələri də diqqətçəkicidir. O, 1970-ci illərdə 11, 1980-ci illərdə 20, 1990-cı illərdə 12, 2000-ci illərdə 4, 2010-cu illərdə 4 və 2020-ci illərdə isə 1 mahnı ilə siyahıda yer alıb.

“Çikaqo” mahnısının gözlənilməz yüksəlişində “Maykl” adlı bioqrafik filmin də böyük rolu olub. Film dünya üzrə yüksək gəlir əldə edərək yeni bir Maykl Cekson dalğası yaradıb. Maraqlıdır ki, “Çikaqo” mahnısı filmdə istifadə edilməsə də, filmin yaratdığı maraq nəticəsində xüsusilə Z nəsli sənətçinin köhnə musiqi kataloqunu yenidən kəşf edib.

TikTok platformasında sürətlə yayılan trend nəticəsində mahnının dinlənmə sayı dünya üzrə 388 milyona çatıb. Billboard məlumatlarına əsasən, mahnının həftəlik dinlənmə göstəriciləri may ayı ərzində sürətlə artıb. Belə ki, 9 may həftəsində 3,8 milyon dinlənmə qeydə alınmışdısa, 30 may tarixində bu göstərici 8,3 milyona yüksəlib. Bu isə cəmi bir ay ərzində 83 faiz artım deməkdir.

Hazırda Billboard Hot 100 siyahısında Maykl Ceksonun yalnız “Çikaqo” mahnısı yer almır. Onun məşhur “Billi Cin” mahnısı 19-cu, “Hyuman Neyçır” 31-ci, “Dont Stop Til Yu Get İnaf” isə 43-cü pillədə qərarlaşıb.

Maykl Cekson musiqi tarixində ən çox mükafat qazanan səsyazma sənətçilərindən biri hesab olunur. O, ümumilikdə 13 “Qremmi” mükafatına layiq görülüb. Sənətçinin ən yaddaqalan nailiyyətlərindən biri 1984-cü ildə keçirilən mərasimdə bir gecə ərzində 8 “Qremmi” qazanması olub.

Onun 1982-ci ildə işıq üzü görən “Triller” albomu isə 55 milyondan çox satış göstəricisi ilə hələ də dünyanın ən çox satılan albomu statusunu qoruyur. Bundan əlavə, Maykl Cekson 31 dəfə Ginnesin Rekordlar Kitabına düşərək adını musiqi tarixinin ən uğurlu sənətçiləri sırasına yazdırıb.

1993-cü ildə keçirilən Super Bowl fasilə şousunda göstərdiyi möhtəşəm performans da rekordlar sırasında yer alır. Həmin çıxış televiziya auditoriyası baxımından oyunun özündən daha çox izlənərək tarixə düşüb və Maykl Ceksonu bu nailiyyətə imza atan ilk sənətçi edib.

Ölümündən uzun illər keçməsinə baxmayaraq, Maykl Ceksonun musiqisi yeni nəsillər tərəfindən kəşf edilməyə davam edir və onun adı dünya musiqisinin ən böyük əfsanələrindən biri kimi yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar