Məşhur teleaparıcı: “Elə bilirdim ki, o heç vaxt məni almaz...” – YENİ LAYİHƏ
12 fevral 2013 14:00 (UTC +04:00)

Məşhur teleaparıcı: “Elə bilirdim ki, o heç vaxt məni almaz...” – YENİ LAYİHƏ

Bu gündən Lent.az-da yeni layihəyə başlayırıq. “S+” Qadın Salonunda baş tutan “Qız-qıza” adlı layihəmizdə elə qız-qıza söhbət edəcəyik. Siz də görəcəksiz ki, qadınlar ikilikdə heç də qaynana qeybəti qırıb, “ərin az qazanır” söhbəti etmirlər. İlk qonağımız Azad Azərbaycan telekanalının “Son Xəbər” proqramının aparıcısı Samirə Mustafayevadır.

 

Onunla görüşəndə həmişə son oxuduğumuz kitabı soruşuruq. Bu dəfə isə oxuduğu kitabı çantasında gizlədib, “Bu haqda yazma, sonra adamı düz başa düşmürlər” deyərək, rüşvət təklif etdi: “Bitirim, verəcəm sən də oxu”. Ağlınıza başqa şey gəlməsin, çantasındakı kitab “Kamasutra”-filan deyil, bir diktatorun həyatından oxuyur.

 

Çaylarımızı yaşıl seçib, söhbətə artıq kilolardan başladıq:

 

- İkinci dəfə ana olmaq istəyirdim, sonra gördüm ki, bunu hamı istəməyə başladı. Mən də hamının istədiyini istəyə bilmirəm. Fikrimi dəyişdim, elə onunla da özümü buraxdım. İndi 62 kiloyam. Həm də bir ara qızlarla söhbətlərimizi masa ətrafında edirdik. Hər dəfə yeni restoran, yeni menyu... Son bir aydır ki, yolunu tapmışam, yeməyə tək gedirəm. Tək olanda da az yeyirəm... Artıq nəticə var. Əvvəl 57 kiloya çatanda ürəyim partlayırdı. 55-56 kilo olurdum. Amma deyim ki, o da bir şey deyildi. Paltarlarım əynimdə yaxşı görünmürdü. Çox arıq idim, sümüklər çox idi...

 

- Sümüklü daha cəlbedici idin...

 

- Hə... O da var də...

 

- Efirdə bu da önəmlidir axı...

 

- Doğrudur. İndi yeməyimdən bir balaca kəsim, o dəqiqə arıqlayıram... Söz verirəm, arıqlayacam.

 

Arıqlamaq onun üçün çətin olmayacaq. Zatən 6 ildir, ana olandan yeməyi çörəksiz yeyir. Ana demişkən, bu Sizə maraqlı ola bilər:

 

- Qızıma süd verməmişəm. Hər şeydən iyrənənəm. Hamiləlik dövründə bircə süd vermə prosesi gözümün önünə gəlirdi ki, mən bunu necə edəcəm? Uşaq dünyaya gələndən ona özüm baxmışam, göbəyini təmizləməyə qədər. Elə bil neçənci uşağım idi. Mən hamiləliyin birinci günündən kitab, jurnal oxudum və ağıllı hamiləlik dövrü keçirdim. Uşağı anama, qayınanama təhvil verənə qədər... Ona təhvil vermək demək də düz deyil, çünki efir bitən kimi qızıma baxmaq üçün evə gəlirdim...

 

- Enerjin həm işə, həm evə çatırdı?

 

- Mən günün sonunda yatağıma girəndə yorğunluğu hiss etməyi sevən qadınlardanam. “Bu gün bu işləri görüb yoruldum” deyirəm və bundan zövq alıram.

 

Hərdən mənİ yandırıb-tökür

 

Kişilərdən danışmağa başlayırıq. Samirə ATV-nin “Son Xəbər” proqramının baş redaktoru Vaqif Aydınoğlu ilə evlidir. Kişi üçün xüsusi idarəetmə resepti varmı deyə soruşuram, “Əslində var!” deyir.

 

- Hərdən fikirləşirəm ki, Vaqifə çox kapriz edirəm, bu adam mənə niyə, necə səbr edir? Sonra da öz-özümə deyirəm, eləməlidir də! Xanımı mənəm, başqalarının kaprizi ilə oynamayacaq ki.

 

- O da kapriz edir?

 

- İmkan verirəm ki? O, nazımla oynayır. Hərdən deyirəm ki, Vaqif, amanın günüdür, sən dəyişmə barı... Heç vaxt partlayan tərəfini mənə göstərmə.

 

- Yəni heç “partlamır”?

 

- İşdə partlayır. İşdə də mən onun nazını çəkirəm. Əslində bu naz deyil, biz işdə ailə deyilik. Bunu dəfələrlə özümə sübut eləmişəm ki, biz işdə ailədən çox, düşmənə çevrilirik. Hamıya icazə var, mənim icazəmə çatanda isə “saat 2-də efirin qurtarır, 2-dən sonra boşsan, hara istəsən gedərsən”. Yanıb-tökülürəm ey, adam yanında heç nə deyə bilmirəm... İnanırsan?

 

- Bəlkə evdə səndən yığdığın işdə tökür?

 

- Yox, sadəcə ictimai qınaqdan çəkinir. Deyir, birdən deyərlər yoldaşına üz gördü. Hərdən məni yandırıb-tökür. Olur ki, kollektivlə avtobusda toplanıb xeyrə-şərə gedirik. Kimsə zəng edir Vaqifdən icazə almağa, o isə soruşur: “Samirə radiosunu oxuyub? Filan işini həll edib?” Elə bil mən bunun işlək mexanizmiyəm, hər şeyi mənim üzərimdə yoxlayır. Əslində qınamıram, amma hərdən deyirəm kaş ki, ayrı-ayrı yerlərdə işləyərdik...

 

elə bİlİrdİm kİ, Vaqİf heç vaxt mənİ almaz

 

- Mən Vaqifi subay vaxtı tanıyırdım. Çox sakit, utancaq oğlan idi. O qədər utancaq idi ki, heç qızlar tərəfə baxmırdı. Necə oldu ATV-nin ən yaraşıqlı xanımını seçə bildi?

 

- Vaqif  mənim üçün bu cəhəti ilə kollektivdən fərqlənib. Başqaları ilə deyib-gülür, rahatca zarafata keçə bilirdim. Amma bu adama çatanda onun kompleksləri məni kompleksə salırdı. Onun kişiyə məxsus kompleksləri var idi, Azərbaycan kişisinin xarakterinə xas. Mən o vaxt elə bilirdim ki, Vaqif  heç vaxt məni almaz. Onun xanımı televiziyada işləyə bilməz. Heç ağlımda ona ərə getmək də yox idi. Düzdü, hərdən zarafatca deyir ki, “elə birinci gündən məni qaraladın”. Amma fikrimdə elə şey olmayıb. Sonra yavaş-yavaş... bir də gördüm nişanlıyıq...

 

Gülürük... Çayımızı içə-içə süfrədəki paxlavanı nəzərdən keçiririk. Əsl xanım kimi, paxlavanın neçə qat olduğunu yoxlamağı gözümdən yayınmır. Vaqif nişandan sonra xəbərdarlıq edib ki, “İşləməyəcəksən!” “Vəəə?”, deyə soruşuram:

 

- Mən özümə bic deməyəcəm, amma sənə deyim ki, çox ağıllı qadınam ha. Hər məsələni məqamında həll etməyi bacarıram. Nə qabağa gedirəm, nə də gecikirəm. Vaxtında, məqamında. Ümumiyyətlə, qadın taktikalı olmalıdır. Axı mən hələ daşı-daşın üstünə qoymamış necə birdən deyim ki, “yox, mən işləyəcəm”. Hərdən bəzi qızlar deyir “Ər mənim işimi əlimdən ala bilməz”. Bəlkə onu elə dəlicəsinə sevdim ki... Ümumiyyətlə, mənim üçün həyatımda hər şeyin öz yeri var. Ailənin də, karyeranın da. Mən o qadınlardanam ki, hər şeyin öhdəsindən vaxtında gəlməyi bacarıram. Amma inan ki, lazım gəlsə, çox şeyi ailəmə qurban verə bilərəm. Mənim üçün ailə qızımın təbəssümünün, Nuranın bizim birliyimizi istəməyinin üstündə qurulub.

 

Vaqİfə TƏKCƏ bİr kİşİ kİmİ yox, bİr ata kİmİ baxıram

 

- Vaqif sənin üçün daha çox Nuranın atasıdır?

 

- O estafetini dəyişmir. Sadəcə Nuranın atası statusunu almaqla gözümdə daha da böyüdü. Qızımın arxasına çevrildi, məndən əlavə, iki qadının arxasına çevrildi. Tək mənim sevdiyim şəxs yox, artıq qızımın sevdiyi şəxsə çevrildi. Vaqifə artıq adi bir kişi kimi yox, bir ata kimi baxıram. Bu gün artıq həyatda ən böyük şeyə görə - qızıma görə yaşayıram. Qızımın sevgisinə görə. Mənimçün həyatda bundan o yana göstərici yoxdur. Qızım mənim həyatda əldə etdiyim... ən... ən...(Gözlərini silir)

 

- Hər qızım deyəndə gözlərin dolur.

 

- Hə... Nuran yeganə varlıqdır ki, məni həyatda içdən kövrəldir. O, həyatımda hər şeyin qarşısına sipər ola bilər, “yox” dedirdə bilər. Onu bilirsən nə vaxt hiss elədim? O ki, doğulanda ilk çığırtısını eşitdim... Təsəvvür elə... elə bil həyatda illərlə nəyisə arzulayırdım və onu mənə göydəndüşmə kimi hədiyyə etdilər. Bütün ağırlıqların qalır ayağının altında. Göyə qalxırsan... O başqa bir şey idi... həmən dəqiqə anamı xatırladım və onu sevdim. Nə qədər çox sevdiyimi xatırladım və ikinci dəfə sevdim. Və onu anladım... Mən elə qadınam ki, günü bu gün nəyisə dəyişmək istədim, vurub-dağıtmaq istədim, vurub dağıdacam. O dərəcədə mənim qabağımda heç nə dayana bilməz. O dərəcədə fərqli insanam. Vaqif xasiyyətimi yaxşı bilir. Mən bu sevgini, bu ab-havanı sevirəm.

 

nİyə bunu etməyİm?

 

- Yaxşı, deyək ki, Vaqif xasiyyətini bilir. Bəs ailəsi? Necə qəbul etdilər səni?

 

- Bəxtim onda gətirdi ki, evlərinə düşməzdən əvvəl artıq efirə çıxırdım. İlk dəfə qayınanamla telefonla danışanda özümü dünya ulduzu hiss etdim. Onlar tərəfdə indiyə kimi məni gəlin yox, aparıcı kimi qəbul edirlər. Heç qayınanam bu günə qədər imkan verməyib əlimi işə-gücə vuram. Ona elə gəlir ki, mən onları edə bilmərəm.

 

Qaynanası ilə bir yerdə yaşayır. O, sonradan kənddən şəhərə, onlara köçüb. Bu haqda danışanda çoxlarına örnək ola biləcək bir fikir işlədir:

 

- Vaqif anasının bizimlə yaşayacağını deyəndə fikirləşdim ki, əgər anasını sevməklə özümü Vaqifə daha çox sevdirəcəmsə, niyə bunu etməyim? Çox sakit qadındır. Aramızda pərdə var. Ümumiyyətlə, mən insanlarla çox pərdəli davranıram. Lap Vaqiflə də, bacı-qardaşımla da. Subay vaxtı, bir evdə yaşayanda elə deyildi. Amma böyüdükcə dəyişdim. İnsanlardan tamam uzaqlaşmışam. Sadəlövh qızcığazdan çəkiniləsi xanıma çevrilmişəm. Bu halımdan məmnunam.

 

- Bəs təklik darıxdırmır?

 

- Hərdən rəfiqə də tapmıram oturub danışmağa...

 

- Çətin deyil?

 

- Çətindir, amma rahatdır. Həyatımın rəfiqəsi də özüməm, sirdaşı da, sahibi də.

 

Evlənən gündən maaşımı Vaqİf alıb

 

- Büdcəyə kim nəzarət edir?

 

- Büdcəyə nəzarət edən qadın ola bilmədim. Necə qibtə edirəm o qadınlara. Hərdən deyirəm, kaş mən zövqsüz olardım, səhər oyanıb qara bir şey tapıb geyinib gedərdim işə. İnandırım səni, qarderobumda elə şeylər var ki, onları yalnız “bu məndə olmalıdır” prinsipi ilə alıram. Geyimdən ötrü ölürəm. Axırıncı pulumu paltara verərəm. Brend xəstəsiyəm. Rəngləri tutuşdurmağı sevirəm. Ev doludur şarfla. Qarderobuma “uf” demədən pul verirəm. Hərdən bəyəndiyim bir şeyi almaq üçün pulumu qəpik-qəpik yığıram.

 

- Vaqif deyinmir?

 

- Artıq dilə gəlib... Amma deyim ki, son vaxtlar öz gəlirim xoşuma gəlir. Reklam çəkilişlərim olur, tədbirlər olur, ordan gələn pul maraqlı gəlir mənə. Maaşı heç vaxt öz qazancım hesab etməmişəm axı. Evlənən gündən Vaqif alıb...

 

- Maaşını Vaqif alır?

 

- Hə... Ağılsızam də... (Gülür)

 

- Sonra deyirsən...

 

- Yox, mən pulu ondan götürəndə maaşdan daha çox alıram də. Ona görə də Vaqifin alması sərf edir. Özüdə deyir, Samirəyə bu gün istər 100 manat ver, istər 1 manat, həmən günü də yoxdur. Nə isə tapıb almalıdır.

 

Xəyanət etsə demək mən yenİlənməmİşəm

 

- Samirə, xəyanətə hazırsan?

 

- Ona deyirəm ki, belə bir şey ağlından keçirsən təəccüblənərəm. Deməli mən sənin həyatında bir boşluq yaratmışam, yenilənməmişəm. Tamaşaçı baxımından da elə hiss edirəm. Mənə elə gəlir ki, yenilənməsəm, dəyişilməsəm tamaşaçı gündə gördüyü Samirədən yorulacaq.

 

- Onda rahatlıq yoxdur?

 

- Axı ondan zövq alıram. Mən estetəm. Sevirəm geyinim, bəzənim, saçıma əl gəzdirim. Rəngləyim, dəyişiklik edim.

 

- Üzük taxmırsan...

 

- Vaqif bir ara problem eləmişdi ki, niyə nişan üzüyünü taxmırsan? Amma mən özümü nişan üzüyümü taxmayacaq qədər təsdiqlətmişəm. Mənə elə gəlir ki, onu taxmaq kiməsə sübut etməkdir ki, mən kiməsə aidəm, mənə elə gəlir ki, artıq təsdiq etmişəm kiminəm.

 

- Vaqif özü üzük taxır?

 

- Yox. O taxmırsa, mən niyə taxım?

 

Qadın hər bİr şeyİ faktla, sübutla yaşamalıdır

 

- O sübut edib ki, mən Samirənin kişisiyəm?

 

- Hə, edib. Biz axı cəmiyyətə açıq olduq, toyumuza qədər mətbuatdan oxudular. Birdə ki, bunlar boş-boş şeylərdi. Barmaqda üzük olsun, kağızda möhür olsun... Amma kağızda möhür olsun! “Möhürsüz” ailə quran qadınlara heç də yaxşı baxmıram. Bilirsən, qadın ağıllı olmalıdır də, kağızın böyük önəmi var.

 

- Nə kimi önəmi var?

 

- Mən hüquqlarını bilən insanlara hörmət edirəm. İstəyirəm ki, ailə quran qadınlar, hisslərlə yox, qanunlarla yaşasınlar. Planlı yaşamaq lazımdır. Allah hamımızın ailəsindən uzaq eləsin, amma nə qədər ki, bir yastığa baş qoyursan, bir o qədər mehribansan. Can deyib can eşidirsən. O ki, araya qırğın düşdü, onda o kağız kara gəlir. Qadının cəmiyyətdə irəliləməsi asan deyil. Qadınlar çox çətin yaşayırlar. Mənim üçün qadının mütləq diplomu olmalıdır. O hər bir şeyi faktla, sübutla yaşamalıdır.

 

- Vaqifin həyatındakı yeri hardadı? Arxanda, yanında, yoxsa qarşında?

 

- Çox şükür ki, həmişə əlimdən tutub yanımca getdi. Biz bir yerdə gedirik.

 

- Ona baxanda deyirsən zövqlüyəm, yoxsa ağıllıyam?

 

- Ağıllıyam! Vücudu ağır, beyni yüngül kişi mənə lazım deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11886
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar