Heç kəsin bilmədiyi ləzzətin sirri: Bir daş altda, bir daş üstə  - VİDEO
27 avqust 2022 14:54 (UTC +04:00)

Heç kəsin bilmədiyi ləzzətin sirri: Bir daş altda, bir daş üstə - VİDEO

Qəbələ mətbəxinin şahı hesab olunan və qaya parçaları arasında bişirilən daşarası kababı qədim tarixə malik yeməklərdən biridir.

Lent.az-ın APA TV-yə istinadən xəbərinə görə, rayonun ucqar yaşayış məntəqəsi olan və yüksək dağlıq ərazidə yerləşən Laza kəndində yaşayan ləzgilərin milli yeməyi hesab edilən bu daşarası kababı ilə bağlı adət-ənənələr daim yerli əhali tərəfindən yaşadılaraq bu günümüzə gəlib çıxıb.

Son illər unudulmaqda olan və çoban yeməyi hesab edilən daşarası kababını Laza kənd sakini Namiq Cabbarov 20 ilə yaxındır ki, rayona gələn qonaqlar arasında təbliğ edir, onu dadlı şəkildə bişirərək insanlara təqdim edir.

Usta kababçımız deyir ki, daşarası kababını hazırlamaq üçün 1 kiloqram quzu əti, 2 ədəd badımcan, 1 ədəd acı bibər, 2 ədəd kartof, 150 qr quyruq, çörək, 1 ədəd soğanın suyu, 20 qr çayotu, kəklikotu, duz, istiot lazımdı. Əvvəlcə quzu əti tikələrə bölünür, tərəvəzlər halqa şəklində doğranılır, soğanın suyu ətə və ədviyyat vurulur. Ətin qaynar daşa yapışmaması üçün ora quyruq yağı sürtülür. Daha sonra ət tikələri isti daşın üzərinə düzülür, duz və istiot səpilir.

Doğranmış çörək bişməkdə olan ət tikələrinin yanına düzülür. Kartof və badımcan da ətin yanında kabab edilir. Sonra digər daş parçası ətin və tərəvəzlərin üzərinə qoyulur. Beş dəqiqə sonra daşın üstündəki ərzaqlar çevrilir və beləcə 15 dəqiqə ərzində daşarası kababı hazır olur.

Bu kababın hazırlanması zamanı daşın qızdırılmasına çox vaxt getdiyi üçün Namiq Cabbarov vaxt itirməmək məqsədilə daşın altındakı ocağı daim yanar saxlayır. Kababçı bu kababın bişirilməsində istifadə olunan daşın özəlliyindən danışaraq bildirib ki, bu adi daş deyil.

Usta kababçımızın şagirdi də var. Gənc kababçı işi öyrənib və o da öz ustadı kimi dadlı daşarası kababı hazırlamağı bacarır. Müsahibimiz deyir ki, Azərbaycanın müxtəlif bölgələrindən Qəbələyə gələrək ondan daşarası kababını bişirmək üçün daş alırlar.

Qeyd edək ki, daşarası kababı Azərbaycanın gözəl guşələrindən olan Qəbələ rayonunun şah yeməyi sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3135
avatar

Oxşar yazılar