<b>“Mənə elə bir sillə vurdu ki...” </b>- <span style="color:red;">SÖHBƏT
25 sentyabr 2014 12:52 (UTC +04:00)

“Mənə elə bir sillə vurdu ki...” - SÖHBƏT

1989-cu ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi 2 saylı (indiki 297) məktəbə gedib. Məktəbdə kitab üzü açmayıb. İndi 32 yaşı var, amma deyir, həyatında cəmi iki kitab oxuyub, birini də yarımçıq. “Məktəb illəri”nin növbəti qonağı kitab oxumaqdan vaz keçib, mahnıya üz tutan müğənni Elnurdur.

 

 

- İlk dərs gününü necə xatırlayırsan?

 

- Bircə onu xatırlayıram ki, valideynlərim məktəbə gətirdilər.

 

- İlk müəllimən...

 

- O vaxt cavan bir xanımıydı. Çox sevdiyimiz bir müəllimə idi. İbtidai sinif müəlliminin məsuliyyəti həqiqətən böyükdür. Çünki məktəb görməyən şagirdləri tərbiyələndirir və məktəbi öyrədir. “Dərs” anlayışı olmayan uşaqlara dərs keçir, hərfləri öyrədir. Mən onlara ikinci valideyn deyərdim. Evdə böyüklərimiz valideynlərdir, evdən çölə çıxdıq müəllimlərdir. İlk müəllim Ziba xanım olub. Heç vaxt döyməzdi bizi.

 

- Ümumiyyətlə, məktəbdə çox döyülmüsən?

 

“Heç vaxt!” deyir və fikrə gedir. Yadına nəsə düşür. Gülür. Və başlayır danışmağa.

 

- On birinci sinifdə oxuyurduq. Yox, on bir deyildi. Doqquzuncu sinifdəydik. Sinif yoldaşım bir qızın ad günüydü. Uşaqlara şokolad gətirmişdi. Onun əlindən bütün şokoladları alıb yedim. Gedib sinif rəhbərimizə dedi. Hamı bilirdi ki, rəhmətlik Əbdülağa müəllimin əli çox ağırdı. Otağa girib mənə dedi, gəl bura. Gəldim. Mənə elə bir sillə vurdu... Elə bil Həzrəti Abbas qapazı idi (Gülür). Vəssalam. Ayrı heç vaxt müəllimlərim məni vurmayıb. Əksinə, məni çox istəyərdilər. Hətta elə olub ki, mən imtahanlarımdan mahnı oxuyaraq qiymətləndirilmişəm. Məsələn, coğrafiya müəlliməsi Gülzadə sevimli müəlliməmiziydi. Gəldim imtahana. Bilmirəm axı, nə cavab verim? Dedi, yaxşı, bir mahnı oxu. Oxudum dördümü alıb çıxdım. Əziyyətlə dərs oxuyub gələnlər qiymət ala bilməmişdilər (Gülür).

 

 

- Parta yoldaşının kimiydi?

 

- Vallah, yadıma gəlmir. Məktəb vaxtı o qədər parta dəyişirdik ki... Yadıma düşdü. Hətta şəkilim də var. Dostum Tural. Birinci sinifdən indiyə qədər dostluq edirik. Bir yerdə də işləmişik.

 

- Dərslərini necə oxumusan?

 

- On bir il kitab üzü açmamışam. Dərslərimə necə hazırlaşırdım? İki yaş böyük bacım kitabı oxuyub, mənə danışırdı. Elə öyrənirdim. Şifahi yaddaş məndə çox güclüdür. Məktəbdə müəllimin danışığından yeni dərsi öyrənərdim. Mən nəyə görə müğənniliyi seçdim? Ən asan qazanc yoludu (Gülür). Əlbəttə, bu, bir zarafatdır. Həqiqət ondan ibarətdir ki, on bir il ərzində bir-iki dəfə kitab üzü açaram, ya yox. Həyatım boyu kitabı sevməmişəm. Kitab oxumağı sevməmişəm. İki dənə kitab oxumuşam. Biri əmimin kitabı, digəri Qurani Kərim. Qurani Kərimi də tam oxumamışam.

 

- Məktəbə gedəndə ağlamısan heç?

 

- Yox, nə ağlamaq? Sinifdə o cür qəşəng qızlar vardı. Birinci sinfə gedib sevmişəm. Qızlar da məni sevirdi. Ad çəkməz olmaz. İndi hamısının ailəsi var. Birinci sinif sevgisi necə olacaq e? Aaaa, o qız mənə baxdı! Ya qız qapını tuturdu ki, öpməsən buraxmayacam! Uşaq sevgisidir. Mən indi məktəbə gedə bilmərəm.

 

- Niyə?

 

- İndi məktəbə getsəm, məni yeyərlər (Gülür).

 

 

Qəfil gülməyi dayandırır. Sifəti ciddi mimika alır.

 

- Məktəbə məni çəkən sinif yoldaşlarım, dostlarım idi. İki il əvvəl ən sadiq dostum, dərdləşdiyim sinif yoldaşımı itirdim. Ondan sonra mənim üçün məktəb də, sinif yoldaşları da mənasızlaşdı. Məktəb anlayışından uzaqlaşdım.

 

- Ən sevimli müəllimin?

 

- Konkret bir adam yoxdu. Bütün müəllimlərimizdən sevgi görmüşük. Valideyni sevməmək olarmı? Müəllimi də eləcə. İncitsə belə çox istəyirdik. İndi də sinif yoldaşlarımızla görüşəndə müəllimlərimizdən oturub danışırıq.

 

- Sinif yoldaşlarınla münasibətin necədi?

 

- Əla. İndiyə kimi mənimlə işləyənlərin hamısı sinif yoldaşlarım olub. Tanımadığım insanla ömrü boyu işləmərəm.

 

- Sevmədiyin dərs?

 

- Sevdiyim dərs olub ki, sevmədiyim də olsun?

 

Əlini əlinə vurub qəhqəhə çəkir.

 

 

- Məktəb mənim üçün hobbi, əyləncə olub. Bəzənib, düzənib məktəbə gedərdim. Mən demirəm e, məktəbdə avara həyat sürmüşəm. Xeyr. Məktəb, komanda, “kruq”. Bunlar mənim üçün çox önəmlidir. “Şeron” qrupuna gəldiyim vaxtlar üçün darıxıram.  Türklər demiş, özləyirəm. Məşqləri, ad günlərində toplanmağımızı arzulayıram. “W-Trio”nun qızları və biz. O qədər sadiq dostlar idik ki... Baxmayaraq ki, bir neçəmizin bir-birimizlə münasibətləri pozulub. Amma inanın ki, bir-birimizin ətini yesək də, sümüyümüzü atmarıq. Mənim yanımda kimsə, lap münasibətim olmayan birinin adını çəksə, o adamın canını alaram ki, xeyir ola?! Öz aramızda anlaşılmazlıq olar. Bunun kimsəyə dəxli yoxdur. Çox gözəl günlərimiz olub. Onları yaddan çıxarmaq olmaz!

 

- Məktəb illərindən ən yadda qalan hadisə?

 

- Son zəng günü ortada oynayırdım. Birdən şpaqat açdım. Şalvarım ortadan cırıldı. Evə getməyə həvəsim olmadı. Köynəyimi çıxarıb başladım belimə. O cırıq şalvarla bütün şəhəri gəzdim (Gülür).

 

Şalvar son zəngin ən yaxşı xatirəsidir. Həmin gün sevdiyim qızdan ayrıldıq. Nə tərk etdim, nə tərk edildim. Valideynlər tərəfdən uzaqlaşdırıldıq bir-birimizdən. Amma nə olsun? On ildən sonra...

 

 

Dayanır və yenə otağı qəhqəhə səsləri bürüyür.

 

- Məktəb illərinə qayıtmaq istəyərdin?

 

- Həyatım boyu ən arzuladığım şeydir. Amma həddən artıq biabırçılıq olardı.

 

“Məktəb olacaq xata”, deyir və növbəti qəhqəhə.

 

Sonda isə müğənni Elnur sovet dövründəki təhsillə indiki təhsili müqayisə edir.

 

- Vallah, indi də, əvvəl də hər dövrdə oxuyanlar da olub, oxumayanlar da. Amma indiki dövrdə oxumaqdan çox pul verməyə meyillidirlər. Nə şagirdi qınamaq olur, nə də müəllimi. Müəllimi ona görə qınamaq olmaz ki, maaşı azdır. Şagird də ona görə rahatdır ki, bir təhər yola verir də məktəbi (Gülür).  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4880
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar