Məleykə Əsədova: “Arzuolunmaz uşaq olmuşam” – SÖHBƏT - FOTOLENT
16 fevral 2013 17:02 (UTC +04:00)

Məleykə Əsədova: “Arzuolunmaz uşaq olmuşam” – SÖHBƏT - FOTOLENT

Onun sənət yoluna nəzər yetirsək, oynadığı bütün obrazların çox məsuliyyətli, xarakterik və məzmun baxımından ciddi olduğunu görərik. Təsadüfü deyil ki, uzun illər ona teatrda yalnız baş rollar ona həvalə olunub. Özünün dediyi kimi o, sənət üçün doğulub. Uşaqlıqdan arzusu yalnız aktrisa olmaq olub. O, yaratdığı bir çox obrazla tamaşaçıların xatirində qalıb. “Nişanlı qız” tamaşasında Zərifə, “Əcəb işə düşdük”də Dilarə, “Qisas qiyamətə qalmaz”da Mehri,  “Özümüzü kəsən qılınc”da Selcan, Şeksprin “Kral Lir”ində Kardeliya,  “Pompeyin Qafqaza yürüşü”ndə İlkcan, “Yad qızı”nda Jalə obrazları, məşhur “İtkin gəlin”də Əfsanə və digər xarakterləri ilə yadda qalıb. O, 1998-ci ildə əməkdar artist, 2000-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Bir çox mükafatın sahibidir. 2008-ci ildə Heydər Əliyevin qızıldan “Əbədi Prezident” döş nişanı ilə təltif olunub.
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Məleykə Əsədova “yaradıcılıqla dolu “Məktəb illəri”ni Lent.az-a danışır...

 

Əziz uşaqlıq illəri...

Uşaqlıq illərimdən danışmağı çox sevirəm. Mən olduqca şıltaq, dəcəl qız idim. Doğulanda çox gözəl olmuşam. Eynən mələklər kimi, sapsarı, qıvrım saçlarım olub. Anam özü uşaq həkimi olub. Anamın iş yoldaşları atama qorxa-qorxa deyiblər ki, yenə qızın oldu, özü də mələklərə oxşayır. Atam da deyib elədirsə, adı Məleykə olsun. 2 qızdan sonra doğulduğum üçün arzuolunmaz uşaq olmuşam. Amma çox şirin, dəcəl, ən sevimli övlad idim...

 

“2 il yalançı şagird oldum”

Məktəbə getməyimə isə ayrıca bir maraq var idi. Yaxşı yadımdadır. Məndən böyük olan bacılarım məktəbə gedəndə ağlayırdım ki, mən də getmək istəyirəm. Atam çox qısqanc  olduğu üçün anama xəstəxananda işləməyə icazə vermirdi. Ona görə də internat məktəbində uşaq həkimi kimi çalışırdı. Beləcə, 4-5 yaşım olanda anamın işlədiyi məktəbdə yalandan otururdum. Anam işini bitirənəcən birinci sinif uşaqları ilə dərsə qulaq asırdım. Axırda anamgil məcbur olub məni yaşımdan tez Neftçala rayon bir nömrəli orta məktəbinin birinci sinfinə qoydular.

 

Toppuş, gur saçlı müəllim...

Birinci sinif müəllimim Hüseyn müəllim idi. O, toppuş və gur saçlı kişi idi. Müəllimlərimə çox hörmətlə yanaşmışam. Həmişə deyirəm ki, müəllim sənəti çətin peşədir. Göydə Allah, yerdə ana, birdə müəllim hörmətlə anılmalıdır. Müəllim uşağın addımlarına təsir edən varlıqdır. Müəllimlərimi çox sevirdim. Eləcə də onların sevimlisi idim.

 

 

“Mənə “Canlı Kukla “ deyirdilər”

Məktəbə qədər toppuş qız olsam da, şagirdliyə başlayandan sonra çox zəifləmişəm. Tez-tez xəstələnirdim. Məktəbdə həmişə mahnı oxuduğum yadıma gəlir. Bir dəfə orta məktəbdə Yeni il şənliyində  “Kukla” mahnısını oxuyan zaman gəlinciyin ayaqları çıxdı. Yadıma gəlir o qədər ağlamışdım. Dedim, o gəlincik olmasa, səhnəyə çıxmayacağam, həmin gəlincikdən yenisini alın. Uşaq vaxtı belə prinsipallığım olurdu. Ümumiyyətcə, çox inadkar uşaq olmuşam. Nə istəyirdimsə, onu da əldə edirdim. Məktəb illərində nə qədər gözəl qız idimsə, hamı mənə “Canlı kukla” deyirdi.

 

Sevgi ilə böyümək…

Evdə sevgi ilə böyümüşük. Bizim çox pulumuz olmayıb. Amma ailədə milyardlara dəyən sevgi, tərbiyə, məktəb görmüşük. Atamın bir baxışı ilə bilirdik ki, o, nə demək istəyir. Onun xasiyyəti çox ağır idi. Ailəmizdə böyüyə, kiçiyə hər zaman hörmət olardı. Bu cür böyüməmiz həyatda formalaşmağımızda böyük rol oynadı.

 

“İnadkarlığım qalib gəldi”

Uşaqlığımı çox səmərəli keçirmişəm. Məktəbdə oxumaqla bərabər, musiqi məktəbinə getmişəm, piano dərsləri almışam. Həmçinin, mahnılar oxumuşam. Neftçala rayonunda teatr yox idi. Özfəaliyyət dərnəyinə gedirdim. Xor, rəqs və piano dərsləri alırdım. Atam o  biri bacılarıma razı olmasa da, mənə icazə verirdi. Amma o elə bilirdi ki, bu, mənim uşaqlıq arzumdur, keçib gedəcək. Lakin bunlar getdikcə həyatımın ayrılmaz hissəsinə çevrildi. Yenə də inadkarlığım və şıltaqlığım bu istəyimi reallaşdırmaq üçün şərait yaradırdı.

 

 

“Əfsuslar olsun ki…”

Məktəbdə çox yaxşı oxuyan şagird olmuşam. Sakit, təmkinli, dərslərimə hər zaman diqqət yetirmişəm. Həddindən artıq mütaliəyə yer verirdim. Dördüncü sinifdə oxuyanda “Cinayət və cəza”nı, Drayzerin “Keri bacı”sını oxumuşdum. Ümumiyyətlə, marağım bir incəsənətə, bir də hüquqşünaslığa idi. Deyirdim ki, əgər aktrisa olmasam, hüquqşünas olmalıyam. Çünki uşaqlıqdan düzgünlüyü, dürüstlüyü sevirdim. Həmin xüsusiyyətim bugünki həyatıma da təsir edir. Əfsuslar olsun ki, bu gün bu xarakterim mənə maneçilik törədir.

 

 

“Anam bizi küncə qoyurdu”

5 yaşımacan toppuş, qəşəng olmuşam. Məktəb illərində isə bunun əksi olub. zəif, gözgəlimli qız olmamışam. Revmatizm xəstəliyim var idi. Qanım az idi. Həmişə müalicə edirdilər. Dəcəllik edəndə valideynlərimiz tərəfindən cəzalandırılırdıq. İndiki uşaqlar başqa cürdür. Biz valideynlərimizdən çəkinirdik. Anam bizi küncə qoyurdu. Deyirdi ki, ayaqlarınızın birini yuxarı qaldırın. Anam həyətə düşürdü, amma biz yenə də ayağımızı aşağı salmırdıq. O vaxt tərbiyə başqa cür idi. Anam müəllimələrə tapşırırdı ki, onu çox qaçmağa qoymayın. Qorxurdu ki, zərif olduğum üçün qolum-qıçım çıxar. Amma hər zaman böyüməyə çalışırdım. Mən çox ruzili uşaq olmuşam. Doğulduqdan sonra evimizə böyük ruzi gəldi. Məndən sonra qardaşım doğuldu. Ona görə də məni ərköyün böyüdüblər.

 

 

“Özümdən nağıllar uydururdum”

Ədəbiyyat və tarix dərsinə marağım çox güclü idi. Dərs danışarkən bir az da özümdən əlavələr edirdim. Yataq otağımda bir xalça var idi. Xalçanın üzərində ovçu, ceyran şəkli çəkilmişdi. Mən o şəklə baxıb 100 cür nağıl danışmışdım uşaqlara. Deməmişkən, bu da sənətimin bir qolu idi. Ədəbiyyata marağım hədsiz idi. Çoxlu nağıllar oxuyurdum, özümü nağılların qəhrəmanı hesab edirdim. Müharibə yazılarını oxuyurdum. Nə bilim, nələr oxumurdum? Kimya, fizika, riyaziyyatı heç sevmirdim. Amma imtahana gedərkən məcbur idim ki, öyrənim. Müəllimlərlə, sinif yoldaşlarımla çox yaxşı münasibətlərim var idi. Məktəbin özfəaliyyət tədbirlərinin hamısında iştirak etmişəm. Şeirlər, mahnılar oxuyardım. Müəllimlərimlə aram çox yaxşı idi. Bu gün də sizinlə danışa-danışa Şəfiqə, Südabə, İmamverdi müəllimləri xatırladım. Bir anlıq o illərə qayıtdım. Çox fəal idim.

 

Ağlağan qız...

Uşaqlıqdan çox ağlayan olmuşam. Heç kim xətrimə dəymirdi ki, ağlayaram və mənə nəsə ola bilər. Ona görə də könlüm nə istəyirdisə, onu edirdim. Atam deyirdi ki, bicə Məleykə ağlamasın. Yadımdadır, bir dəfə anam məni səhər-səhər vurdu. Ağlamağa başladım. Atam isə işdə idi. Axşam gələcəkdi. Baxdım ki, hələ çox ağlamalı olacağam. Ona görə ağlamağımı dayandırıb, axşam atam işdən gələndə başladım ağlamağa. Atama bildirdim ki, anam məni döyüb. O da anamı danladı. Bu da mənim uşaq şıltaqlarımdan biri idi.

 

 

“Xatirə danışa bilmirəm”

Heç unutmadığım məqam var. Məktəbimizdə Səməd Vurğun gecəsi keçirilmişdi. Mən orda şairin “Mənə belə söylədim” şeirini oxudum. Həmin şeirlə də universitetə qəbul oldum. Mən ümumiyyətlə xatirə danışa bilmirəm. Baxmayaraq ki, teatrda ən çətin rollar oynayıram. Bir lətifə, bir də xatirə danışa bilmirəm. Uşaq vaxtı daha bir bacarığım şeir yazmağım idi. Sanki mən incəsənət üçün doğulmuşdum. Ağlım kəsəndən deyirdim ki, mən aktrisa olacağam.

 

 

“Bunu özümə ar bilirdim”

Dərslərimi yaxşı oxuyardım. Dərsə cavab verməməyi özümə ar bilirdim. O qədər kitab oxuyurdum ki, gecələr yatanda başımın altında kitab olurdu. Anam gizlincə kitabları yığışdırırdı. Oxuduğum kitablarda da baş rollarda özümü hiss edirdim.

 

“Bəlkə də var idi...”

O vaxtlar sevgi nə olduğunu bilmirdim. Çünki uşaq kimi böyümüşəm. 10-cu sinfi bitirirdim, hələ də gəlinclik oynadırdım. Ancaq dərs, dərs. Həm o vaxt şagird nə bilirdi, sevgi nədir ? Bəlkə də istəyənlər var idi. Mənim fikrim isə ancaq kitablarda olurdu. Məqsədim ancaq oxuyub, universitetə qəbul olmaq idi. Xəyallarla yaşayırdım. Aktrisa olacağıma inanırdım. İnsan nəyi arzu edirsə, ona çatır.

 

 

“Öz dünyam vardı”

Uşaq vaxtı qəribə bir xüsusiyyətim var idi - pişiklərimə paltar tikirdim. Pişikləri çox sevirdim. Onları yatızdırırdım. Mənim ayrıca öz dünyam var idi. Atam mənim üçün ən qəşəng gəlinciklər almışdı. Uşaqlıq arzularımdan da biri atımın olması idi. Mən nağıllar dünyasını çox sevirəm. Bütün dünya nağıllarından oxumuşam. Nağılların qəhrəmanını kimi özümü görürdüm. Əfsuslar olsun ki, atım yoxdur. Amma bu arzum yenə də qəlbimdə var. İnşallah nə vaxtsa, bağım olsa, özümə at alacağam.

 

 

“Deyirdim ki, mən Zeynəb Xanlarovayam”

Məktəb illərində hər gün anamın paltarlarını geyinib mahnılar oxuyurdum. Deyirdim, mən Zeynəb Xanlarova olacağam. Stolun üstünə çıxıb şeirlər deyirdim, mahnılar oxuyurdum. Zeynəb Xanlarovanı çox sevirdim. O sevgi də bu günə qədər var. Çünki o xanım özünə hörmət edən, dünyanın sevimlisidir. Ona görə də yalnız onun mahnılarını oxuyurdum. Atam deyirdi ki, bircə xəbərlər başlayanda sakit dur.

 

 

“İlk məzun biz olduq”

Son zəng günümüz də yadımdadır. Məktəbimiz sonradan yerini dəyişdi. Bizim üçün yeni bina tikdilər. İlk son zəng bizimki oldu. Son zəng günü mahnı oxudum. Hamı elə bilirdi ki,  müğənni olacağam. Mən isə deyirdim aktrisa olacağam. Çünki aktyorluq sənəti zəngin və çətindir. Mən də bir insan kimi həmişə çətinliyə varıram. Aktyorluq sənətinin içində hər sahə var.

 

 

 

Xoşbəxt illərim uzun sürmədi

İnadkar idim. “Mən bunu edəcəyəm. Bu, olmalıdır” deyirdim. İndi belə deyiləm. Bəlkə də yorulmuşam. O zaman heç vaxt həyatımda kədər olmamışdı. Atam, anam bizə böyük sevgi vermişdi. Çox gözəl ailəmiz var idi. İndi də o günləri özləyirəm. Səliqə ilə dərsə gedirdim, dərs oxuyurdum. Qayğısız, arzularla dolu illərdə yaşayırdıq. Hamıdan artıq yaşamışıq. Hətta institutda da oxuyanda mənim üçün xüsusi ev tutulmuşdu. Ən yaxı şeylər mənim olub. Bu xoş illərim çox çəkmədi. Həyatda atam mənə lazım olan vaxtı onu itirdim.

 

 

“O gündən qayğılı illərimiz başladı”

Biz yas mərasimlərinin nə olduğunu da bilmirdik. Atam bizə icazə vermirdi hüzur yerinə getməyə. 10-cu sinifdə yuxuda gördüm ki, atam dünyasını dəyişib. Yuxumu atama söylədim. Atam dedi ki, ömrümü artırmısan. Amma eynən yuxuda gördüyüm kimi oldu. Oktyabrın 24-ü, atamın 50 yaşı tamam olurdu. Küçədə getdiyi yerdə infarkt keçirdi və dünyasını dəyişdi. Heç vaxt ürəyindən şikayətlənməmişdi. Bu, həyatımın ən kədərli zərbəsi oldu. Atam vəfat etdi. Çox tez itirdik onu. O gündən həyatımın qayğılı illərim başladı. Mənə o vaxt ata lazım idi. Atamı itirdikdən sonra bütün ağırlıq anamın üzərinə düşdü. Gördüm ki, anam çətinlik çəkir. Qərara aldım ki, rayonda qız toylarına gedim. Cılız, arıq , ərköyün qızın  gözünün gülüşü kədərlə  əvəz olundu. Evdə qardaşım yox idi. Qardaşsız qızın toylara getməyinə qohumlarımız qarşı çıxdılar. Amma mən yenə inadkarlığımı göstərdim. Çünki gərək ayaq üstə durub, mənim üçün yeni başlamış həyat yolunda öz addımlarımla addımlayıb, arzularımı gerçəkləşdirməli idim.

 

 

“Bütün zərbələrim sevdiyim insanlardan  gəlib”

Mən dünyaya gələndə ailəm oğlan uşağı istəyirdi. Arzuolunmaz qız uşağı olaraq evdə oğul əvəzi oldum. Atam dünyasını dəyişdikdən sonra anam çox tez-tez xəstə olurdu. Anamın ürək xəstəliyi var idi. Atamın yoxluğundan sonra  6 ay çətinlik çəkdim. Daha sonra özümü toparladım. Həyat səhifələrim getdikcə ağırlaşsa da insanlara, həyata böyük sevgi ilə həyat yollarımı davam etdirirdim. Və yorulmadan çalışırdım. Bu günə qədər də başımı aşağı salıb, öz həyatımla, işimlə çalışıram. İnsanları sevərək, onlara xoş münasibət bəsləyərək addımlarımı bu günə çatdırmışam. Şöhrətim artdıqca və illər keçdikcə çox sevdiyim insanları tanımağa başladım. Son illərimdə isə hətta onlardan qorxuram. Çünki bu günə qədər nə zərbə aldımsa, sevdiyim insanlardan aldım. Amma hər zaman səhər durduqda, gecə yatdıqda Allahıma şükürlər edirəm. Tək o, cılız, cansız, köməksiz  qızı bu yerlərə çatdırıb. Bu günlərsə anlayıram ki, həyatımın ən qayğısız, sevimli illəri məktəb illəridir.  Sizlərə təşəkkür edirəm ki, nə yaxşı ki, belə mövzuya müraciət etmisiniz. Son illərdir, belə mövzuda heç kim mənə sual verməmişdi. Məni o illərə qaytardığınız üçün Lent.az-a “çox sağ ol” deyirəm!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10002
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar