<b>“Evimizə kisəylə məktub gəlirdi” - <span style="color:red;">MÜSAHİBƏ </b>
26 aprel 2014 13:00 (UTC +04:00)

“Evimizə kisəylə məktub gəlirdi” - MÜSAHİBƏ

Məktəbə altı yaşında gedib. 1954-cü ildə. Birinci sinfə 132 saylı məktəbdə başlayıb. O zaman Bakının qədim məhəllələrindən biri olan Çənbərəkənddə yaşayıblar. Atası dəmir yolunda işləyib. Bir ildən sonra atasına mənzil verirlər. Və onlar 54-cü ilin axırlarında təzə evlərinə köçürlər. Artıq ikinci sinfi 7 saylı məktəbdə davam etdirir... Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı əməkdar artist Suqra Bağırzadədir.

 

 

“Kübra müəllimə hələ də məni itirib axtarır”

 

 

- Bu məktəb bizim vaxtımızda yeganə Azərbaycan dilli məktəbiydi. Ətrafda olan 8, 9, 23 saylı məktəblərin hamısı rus dilli. O vaxt Azərbaycan ailələri uşaqlarını rus məktəbinə verirdi. Atam əsl Azərbaycan intelligenti idi. Ailədə səkkiz uşağıydıq. Atam istəyirdi ki, övladları azərbaycanca mükəmməl danışsın. Baxmayaraq ki, sovetlər dövründə dövlət dili rus dili olub, sənədlər rusca yazılırdı.

İlk müəlliməm Validə müəllimə olub. Çox gözəl, mülayim qadınıydı. Ümumiyyətlə, bütün müəllimlərim çox gözəl insan olublar. Baxmayaraq ki, məktəbi 65-ci ildə bitirmişəm, səkkizinci sinifdəki sinif rəhbərim Kübra müəllimə hələ də məni itirib axtarır. Səksəndən çox yaxşı var. Elə bir bayram yoxdu ki, o məni qabaqlamaya. Həmişə birinci özü zəng edir. Ya məni televizorda görəndə, ya da haqqımda nəsə eşidən kimi dərhal zəng edir. Mənə zəng edəndə özümü uşaq kimi hiss edirəm. Uşaqlaşıram. Müəllimlərim, uşaqlar, qonşularımız üçün maraqlı uşaq olmuşam.  

“Cücələrim”i oxuyandan sonra, Moskvada Böyük Teatrda çıxış edəndən sonra, val çıxandan sonra hamı mənimlə maraqlanırdı. Dünyanın ən məşhur uşaq mahnılarını bir valda toplamışdılar. Çox tanınmış mahnılar vardı, “Cücələrim” də həmçinin. Müəllimlərim mənimlə öyünürdülər ki, belə bir şagirdləri var.

 

 

“Firuza bir il dözdüm”

 

 

- Sovetlər dövründə ikinci sinif şagirdlərini ilin sonunda pioner keçirirdilər. 9 May Qələbə günündə təntənəli şəkildə boynuna qırmızı qalstuk taxırdılar. Nümunəvi şagird olduğum üçün məni tez, birinci sinifdən pioner keçirmişdilər. Elə ki, məktəbi dəyişdim, ilk dərs günü qalstukumu taxıb getdim. Sinifdə bütün uşaqlar başladılar mənə söz atmağa, gülməyə. Mən ağladım, qalstukumu çıxarıb çantama qoydum. Sonra dəstə rəhbəri gəldi, mənimlə söhbət elədi, qalstukumu çıxarıb boynuma taxdı. Uşaqlara da dedi ki, siz nahaq yerə ona gülmüsüz. O doğrudan da pionerdi. Mən 132 saylı məktəblə danışıb, hər şeyi öyrəndim. Həm fəaliyyətinə, həm də əla qiymətlərinə görə onu vaxtından tez pioner keçiriblər. Sonra onlarla dostlaşdıq. İndiyə qədər də əlaqə saxlayırıq.

 Beşinci sinifdə oxuyanda Firuz adında bir şuluq və dərslərində zəif oğlan vardı. Boyum balaca olduğundan həmişə birinci sırada oturardım. Mən ona həm dərslərində kömək etməli, nadinclik etməməsi üçün nəzarət etməliydim. Bir il ona dözdüm. İllər keçdi, bir dəfə kinostudiyanın bufetinə düşdüm ki, nəsə alım. Gördüm kimsə mənə salam verdi: “Suqra, salam”. Mən də salam verdim, amma tanımadığımı dedim. O da mənə “necə tanımırsan? Mənəm də Firuz. Məktəbdə gününü qara edən Firuz” (Gülür).

 

 

“O vaxtın müəllimləri qiymətsiz insanlar idilər”

 

 

 

- Ədəbiyyat dərsini çox sevirdim. Sürayə Mədətova Azərbaycanın əməkdar müəllimi idi. Rus dilini də çox sevirdim. George Vladimiroviç çox gözəl müəllimiydi. Eyvanlarımız üzbəüz idi. Balkonda oturub küçəyə baxanda tez evə zəng edir ki, deyəsən bekarsan, gəl bizə. Gedirdim onlara, mütləq bir kitab verərdi oxuyum, sabah dərsdə ona danışım. O vaxtın müəllimləri qiymətsiz insanlar idilər. Tələbələrini öz uşağı kimi sevir, balalarından ayırmazdılar.  Biz onlardan ata-ana qayğısı görürdük.

 

 

“Moskvadan jurnalistlər mənim üçün Bakıya gəlmişdilər”

 

 

- Məktəbimiz köhnə kinostudiyaya yaxınıydı deyə, ordan gəlib səsi yaxşı olanları kinostudiyanın dublyaj şöbəsinə dəvət edirdilər. Artıq ikinci sinifdən uşaq səslərini dublyaj edirdim. Məktəbi bitirəndə kinostudiyada yüzdən artıq film səsləndirmişdim. İkinci sinifdə Ələsgər Ələkbərov, Hökmə Qurbanova, Sona Hacıyeva, Həsənağa Turabov kimi aktyorlarla film dublyaj etmişəm. Beşinci sinifdə oxuyanda “Oqonyok” jurnalı mənim haqqımda məqalə hazırlamışdı. SSRİ-nin ən tanınmış jurnallarındanıydı. Moskvadan jurnalistlər mənim üçün Bakıya gəlmişdilər. Məktəbimizə gəlib şəkillərimi çəkdilər. O qədər mənə məktub yazırdılar ki...Evimizə kisəylə məktub gəlirdi, poçtalyon artıq məktubları kisələrdə evin həyətinə qoyub gedirdi. Yuxarı qaldırmırdı. Məktublara cavab yazmağa vaxtım yoxuydu deyə, verirdim sinif yoldaşlarıma. Onlar cavab yazırdılar. Əlbəttə ulduz uşaq idim. Amma o vaxt indiki kimi ulduz xəstəliyi yox idi. Mən də bütün uşaqları kimi saçlarımı hörürdüm, ağ bantlarım vardı, geyimim də hamı kimiydi. Dərslərimi də əla qiymətlərlə oxuyurdum. Müəllimlərimin, valideynlərimin dediyi söz mənim üçün qanun idi.

 

 

“Mənim vizit kartım “Cücələrim” idi”

 

 

-  “Artek”də qırx beş gün Azərbaycanı təmsil etdim. Ora getməzdən qabaq böyük maestro Rəşid Behbudov mənimlə məşğul olmuşdu. O, mənə dünya mahnılarını öyrətdi. Əlbəttə ki, mənim vizit kartım “Cücələrim” idi. Çox belə tədbirlərə qatılırdım. Buna baxmayaraq, heç vaxt dərslərimdən geri qalmırdım. İnsan istəsə, çatdırar. Bu yaşımda filmlərə çəkilirəm, televiziya verilişlərinə qatılıram, müsahibələr verirəm, əl işləriylə məşğulam. Bu yaxınlarda Floristika və Mədəniyyətə dəstək Birliyi yaratmışam. Azərbaycanda bu sənəti inkişaf etdirmək istəyirəm. Tələbələrim var. Onlarla məşğul oluram. Bundan başqa, həyat yoldaşım var. Bütün qadınlar kimi mən xörək bişirməli, ev toplamalıyam. İki qızım var, dörd nəvəm. Onlarla vaxt keçirməliyəm.

Məktəbi bitirəndə iki filmdə çəkilmişdim. Biri Zeynəb Kazımovanın “Yollar və küçələr”, digəri isə hamının sevimlisi “Ulduz” filmi. Kinostudiyadan çox istəyirdilər ki, məni Moskvaya Kinomatoqrafiya İnstitutunda təhsilimi davam etdirim. Amma atam icazə vermədi ki, bizim ailədə aktyor olmayacaq. Əslində rejissor olmaq istəyirdim. Amma atamın sözü qanun idi. Olmaz, demək olmaz. Mən də Neft-Kimya İnstitutunun Kimya texnologiya fakültəsinə qəbul oldum. Məktəbi əla qiymətlərlə bitirmişdim. Ona görə mənə çətin olmadı. Kimya, fizika mənim sevdiyim fənlər idilər. İnstitutu bitirdim, ailə qurdum. Artıq atam mənim ailə həyatıma müdaxilə eləmirdi, həyat yoldaşım isə icazə verdi və mən “Azərbaycanfilm” Kinostudiyasında işləməyə başladım.

 

 

“İndikilər də guya forma geyinirlər”

 

- O vaxt biz dəqiq bilirdik ki, məktəbi qurtarmalıyıq, sonra instituta girməliyik, institutu bitirəndən sonra bizi hər hansı bir yerdə işləməyə göndərəcəklər. Təyinatla işləyəndən sonra ailə qurmalıyıq. Və övladlarımızı böyütməliyik. Bizim məqsədimiz bu idi. İndi hər şey başqa cürdü. İndiki uşaqlar anadan olur. Bir az böyüyən kimi pul, biznes barəsində düşünməyə başlayırlar. Bu da uşaqların beynini xarab edir. Məktəbə hamımız eyni formada geyinirdik. İndikilər də guya forma geyinirlər. Baxırsan ki, sadəcə rəngləri eynidi. Hər kəs öz zövqünə görə, daraldıb, ya qısaldıb. Bizə “çolka” tökməyə qoymurdular ki, elə bir çətir sallamısan? Amma indikilər...

 

 

“Mənə “professor” deyərdi”

 

 

- Sevgi həmişə olub. Məktub yazardılar ki, sevirəm. Kafe, restoran yolu tanımazdıq. Valideynlərimiz ciddi nəzarət edərdi. Baxmayaraq ki, bizim nəzarətə də ehtiyac yoxuydu. Ağlımıza belə gəlməzdi məktəb çıxıb harasa gedək. Dərs bitdi, başımızı aşağı salıb evə gələrdik. Oğlanlar bizim çantamızı daşıyanda evimizi iki məhəllə qalmış əlindən alardıq ki, qonşular görər. Səkkizinci sinifdə oxuyurduq. “Nizami” kinoteatrına təzə film gəlmişdi. Uşaqlar dedilər ki, fizika dərsindən qaçıb kinoya baxmağa gedək. Fizika müəllimimiz Rəşidov çox sərt adamıydı. Mən qorxdum, olmaz, qaçmıram. Atama deyəcək, o da məni öldürər. Bilirsiz, bütün sinif qaçandan sonra məcbur qalıb sən də qaçırsan. Sinf otağımız ikinci mərtəbədəydi. Dərs başlayan kimi məktəbin qapısını bağlayırdılar, bir də dərs bitəndə açırdılar. Sinfin pəncərəsinin qabağında yolka ağacı vardı. Uşaqlar yolkanın budağından tuturdular, budaq əyilirdi bir-bir yerə düşdülər. Beləcə hamı düşdü, növbə mənə çatdı. Yenicə “yolka” ağacından tutmuşdum ki, qapı açıldı Rəşidov içəri girdi. Mənə “professor” deyərdi. “Sağ ol, professor! Sən də dərsdən qaçırsan? Özü də ikinci mərtəbədən?”, dedi (Gülür).

 

 

 

 

  • Son zəngimiz çox maraqlı keçdi. Birinci məktəbdə yığışdıq, sonra bulvarda davam etdik. Gün çıxana qədər orda qaldıq. Oxuduq, oynadıq. Uşaqlığımızla vidalaşdıq. Tək biz deyildik ki? Şəhərin bütün məzunları ora gəlirdi. Yeni dostlar tapırdıq. Yanımızda mütləq böyüklər - müəllimlərimiz , valideynlər olurdu. Sinif yoldaşlarımla əlaqəmi kəsməmişəm. Almaz və Nabatla tez-tez görürük. Almaz Texniki Universitetdə, Nabat Xəzər Universitetində dərs deyir. Hərdən Hicranla danışıram. Seyidağanı da arada görürəm. Mənim nömrəm çoxlarında var. Daim əlaqə saxlayırıq. Sinif yoldaşlarımın çoxu dünyasını dəyişib. Bizim məktəb həyatımız çox maraqlıydı. Məktəblərlə dostluq edirdik, iki, üç aydan bir, bayramlarda tanışlıq gecələri keçirilirdi. Səkkizinci sinifdən yuxarı uşaqlar iştirak edirdi. Yaradıcılıq gecələri keçirilirdi. Ətraf məktəblərin şagirdlərini qonaq çağırırdıq. Biri rəqs edirdi, digəri oxuyurdu, kimsə pianinoda çalırdı. O illər üçün çox darıxıram. Həyatım çox əhəmiyyətli illəri olub. İndi o illər nağıl kimi gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5240
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar