Bəhram Bağırzadə: “Müəlliməmi sevdiyimi ona 20 il sonra etiraf etdim...” - SÖHBƏT
20 aprel 2013 11:55 (UTC +04:00)

Bəhram Bağırzadə: “Müəlliməmi sevdiyimi ona 20 il sonra etiraf etdim...” - SÖHBƏT

O, təkcə Azərbaycanda deyil, həm də MDB ölkələrində tanınır. Tamaşaçılarının xatirəsində Şən və Hazırcavablar komandasında oynadığı Natiq obrazı ilə qalıb. O,  Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin, FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. Ona zəng edib layihəmiz haqında danışanda müsbət qarşıladı. Vədələşdiyimiz məkanda görüşdük. Qapıdan içəri keçən kimi “45 dəqiqə gecikmisiniz” dedi. Vaxtda dəqiq olmaq hələ uşaqlıqdan qazandığı keyfiyyətlər olduğunu xatırladır. İş otağı olduqca işıqlı, müsbət enerjili idi.

 

Həmsöhbətimiz KVN komandasının üzvü Bəhram Bağırzadədir. O, “Məktəb illəri”ni Lent.az-a danışır...

 

“Keçdiyim yollar...”

 

1979-cu ilin 1 sentyabrında Bakı şəhər, 189 saylı orta məktəbin birinci sinfinə getmişəm. Birinci sinfə getdiyim günü indiyə qədər xatırlayıram. Atam və anam məni məktəbə  apardı. “Göy məscid”in yanında 8 nömrəli trolleybusa mindik. Keçmiş Basin, indiki Füzuli küçəsində düşüb, daha sonra 4 nömrəli trolleybusa oturduq. İndiki Azərbaycan prospektinə gəldik, keçmiş Texniki kitabxananın qabağında düşüb, Passaj bazarının yanına qalxaraq Daxili İşlər Nazirliyinin arxasında yerləşən məşhur 189 saylı məktəbə.  Dərsdən çıxanda isə yenə atam məni qarşıladı. “Azərnəşr”in qabağında 52 nömrəli marşruta mindik. “Beşmərtəbə”də düşüb 145 nömrəli marşruta əyləşdik və gəldik evə. Bu yollar ona görə mənim yadımdadır ki, mən düz 10 il bu yolla gedib gəlmişəm.

 

Məmur atanın sadə övladı

 

Atam dövlət işində çalışırdı. Onun xidməti maşını var idi. Maşının nömrəsi 10 05 AQA  idi. Amma bizə o maşından istifadə etməyə icazə yox idi. Evimizdən 5, 10 qəpik verirdilər, marşrutla, trolleybusla gedib-gəlirdik. Heç kimin maşınına toxunmazdıq, əl vurmazdıq. Çünki biz düzgün tərbiyə olunmuş uşaqlar idik. Uşaqlıqdan gördüyümüz tərbiyə bizim sonradan formalaşmağımızda çox böyük rol oynadı. Atam yüksək maaş alırdı. O dövr üçün aldığı 650 rubl çox böyük məbləğ idi. Heç bir şeyə ehtiyacımız yox idi. Doğrudur, bizim şəxsi avtomobilimiz, bağımız olmayıb. 36 kvadrat metrdən ibarət iki otaqlı mənzilimiz var idi. Amma biz daxilən çox azad idik. Küçədə də insanlar arasında da çox rahat idik.

 

“Heç kimi unutmamışam”

 

Mənə dərs deyən bütün müəllimlər yadımdadır. Onları çox sevirəm, hörmət edirəm. Əfsuslar olsun ki, mən sonradan 18 nömrəli məktəbə keçdim. Amma orada da münasibətlərim çox normal idi. Ən maraqlısı odur ki, bu il məktəbi bitirməyimizin 24 ili tamam olur. Bütün müəllimlərimlə ünsiyyətim var. Bayramlaşıram, zəng vururam, görüşürəm. Elə siz gəlməzdən öncə Amerikada yaşayan fizika müəlliməmlə danışırdım. Yaşlı müəllimlərimi ziyarət edirəm. Coğrafiya müəllimim mənə Bakını sevməyi öyrətdi. Dərsdən savayı Bakının köhnə şəkillərini göstərirdi. Elə bunun nəticəsində də 25 il keçəndən sonra Bakıya 3 kitab həsr etdim.

 

52 uşaqdan biri

 

Sinfimizdə 52 nəfər idik. Əgər vaxt versəniz, jurnal üzrə sinif yoldaşlarımın hamısını adını yaza bilərəm. Bu yaxınlarda sinif yoldaşlarımla mərcə girdik. Mən dedim ki, sinfimizin sxemini çəkə bilərəm. Yəni kimin harada oturduğuna qədər dəqiqliklə dedim və mərci uddum. Sinif yoldaşlarımla tez-tez görüşürük. Demək olar ki, ayda 4 dəfə. Əvvəllər isə daha tez-tez görüşürdük. Futbol oynamağa gedirdik. Amma indi yaş o yaş deyil. Əsasən, çay masasında, ad günlərində həmsöhbət oluruq.

 

Müəlliməsini sevdi...

 

İlk sevdiyim qadın coğrafiya müəlliməm olub. 5-ci sinifdə oxuyurdum. Müəlliməm isə universiteti yeni bitirib gəlmişdi. Məktəbdə ilk dərs günləri idi. Mən ona sevgimi 20 ildən sonra etiraf etdim. Hətta deyim ki, tək mən yox, mənimlə birgə məktəbin bütün uşaqları sevirdi onu. Ümumiyyətlə, məktəb vaxtı mənim sevgi ilə elə aram olmayıb. Heç vaxt sevgi məktubları yazmamışam. Hansısa bir qızdan xoşum gələ bilərdi. Amma o zamanlar sevmək əcaib bir hal sayılırdı.

 

“Həyatımın parlaq səhifəsi”

 

5-ci sinfə kimi çox zəif, sakit, kompleksli oğlan idim. Sonra keçid dövrü oldu. Və mən bir növ açıldım. Bu zaman mən 7-ci ya 8-ci sinifdə oxuyurdum. Məktəbdə oxuduğum müddətdə həndbol, basketbol, şahmatla məşğul olurdum. Həyatımın ən parlaq səhifəsi isə 8-ci sinifdən sonra başladı - KVN komandasına qoşuldum. Rəhmətlik Anar Məmmədxanov birinci kursda oxuyurdu. Məni Bakı festivalında gördü və öz komandasına dəvət etdi. Allah ona rəhmət eləsin. Çox minnətdaram, nə yaxşı ki, məni gördü və seçdi.

 

KVN-də ilk dəfə “alverçi” obrazını canlandırdım. Həmin ifamı komandanın rəhbəri Anar Məmmədxanov çox bəyəndi. Anarın böyüklüyü onda idi ki, heç kimi komandaya xahiş, tapşırıq, zənglə qəbul etmirdi. İstedadlı insanları ətrafına yığmışdı. Aralarında ən zəifi mən idim. Həm aktyorluqda, həm elmdə-savadda.

 

“Ailəm yaradıcı idi”

 

Atam KVN-ə getdiyimi biləndə çox müsbət qarşıladı. Çünki özü də daxilən istedadlı, yaradıcı insan idi, belə addımları dəstəkləyirdi. Mən dərslərimi çox da yaxşı oxumamışam. Heç vaxt əlaçı olmamışam. “4” və “3” qiymətləri almışam. “2” və “5” qiymətim isə heç vaxt olmayıb. KVN-ə qoşulandan sonra hansı fəndən ki, uzaqlaşmışdım, onu yenidən bərpa etdim. Rus dilini isə sevmirdim. Bu fənn məndə alınmırdı. Ədəbiyyatdan da zəif idim. Amma coğrafiyanı, riyaziyyatı sevirdim.

 

Arzular...

 

Bağçada olarkən dənizçi olmaq istəyirdim. Böyüdükdən sonra SSRİ yığmasında hokkeyçi olmağı arzulayırdım. Qismət elə gətirdi ki, həm SSRİ, həm də MDB yığma komandasında Azərbaycanı 10 il təmsil etdim. SSRİ dağıldıqdan sonra biznesmen olmaq istəyirdim. İndi də hərdən kreativ ideyalarla bizneslə məşğul oluram. Anam mənim diş həkimi, atam isə memar olmağımı arzulayırdı. Heç biri də olmadım. Amma hər iki rolu səhnədə oynamışam.

 

Davakar oğlan...

 

Bakı şəhərində o məktəb qalmayıb ki, mən onun qarşısında dava eləməyim. Vuruşmağı çox sevirdim. Həm döyürdüm, həm döyülürdüm. Kişinin həyatında belə məqamlar olmalıdır. Ən maraqlısı odur ki, dava etdiklərim indi mənim ən yaxşın dostlarımdır.

 

Sevimli günlər...

 

Mayın 1-ni çox sevirdim. Həmin gün bütün şagirdlər səliqəli geyinirdik. Sevdiyim anlardan biri də şənbə günləri idi. Biz məktəbi təmizləyirdik. Bundan başqa, yarışmalar olurdu. Hərb sahəsində, eləcə də bilik olimpiadaları, şahmat, həndbol üzrə yarışmalar təşkil edilirdi.  Sovet təhsili sisteminin dünya görüşümün artmasında çox rolu olub. Mən həmişə müəllimlərimizə minnətdaram. Əgər o vaxt müəllimlər KVN-in əsasını qoymasa idilər, indi belə olmazdı. Onlar bizi şəxsiyyət kimi formalaşdırdılar.

 

Cəzalar

 

Valideynlərimizin sözünə baxmayanda anam döyürdü. Atamın isə baxışından əriyirdim. Atam heç vaxt bizə əl qaldırmamışdı. Onun bir baxışı ilə hər şey bəlli olurdu. Mən də oğlumu elə tərbiyə edirəm. Kişi evdə əl qaldırmamalıdır. O, sözü, baxışı ilə məsələləri həll etməlidir. Müəllimlər isə gündəliyə aşağı qiymət yazırdı və valideynlərimizə göndərirdi. Atam işgüzar adam olduğu üçün evdə az olurdu. Dərslərimlə daha çox anam məşğul olurdu. Ümumiyyətlə, mən həyatda valideynlərimə çox borcluyam. Onlar məni düzgün tərbiyə ediblər. Vaxtı ilə onlardan öyrəndiklərimi indi öz ailəm üçün edirəm. Çünki bizə yaxşı vətəndaş olmağı öyrətdilər. Kim olursan, ol, birinci növbədə vətəndaş ol. Yəni elə bir vətəndaş ol ki, bu millət və xalq üçün nəsə edə biləsən.

 

“Azad idik...”

 

Ümumiyyətlə, məktəb illəri insanı formalaşmasında mühüm rol oynayır. İnsanın necə bir vətəndaş, şəxs, şəxsiyyət olması elə məktəb vaxtından asılıdır. Mən hər dəfə valideynlərdən xahiş edirəm ki, uşaqların tərbiyəsi ilə düzgün məşğul olsunlar. Onlara yaxşı təhsil verməkdən çəkinməsinlər. İndi fərq var. Həm yaxşı, həm də pis cəhətdən. Bu gün bizim güclü təhsilimiz də ola bilər. Amma əgər bir şagird öz bəstəkarlarının, yazıçılarının, rəssamlarının adını bilmirsə, bu, doğrudan da faciədir. Bizim indikilərdən fərqli olaraq çox rahat, azad uşaqlığımız olub. O zaman yollarda tıxaclar da yox idi. Biz tez-tez kinofestivallarına gedirdik. Səhəri gün dərsdə onu müzakirə edirdik. Olimpiadalara qatılırdıq.  Məktəb illəri mənim üçün əvəzolunmazdır. Mən indi də Lalə Məmmədovanın ifasında “Məktəb illəri” mahnısını eşidəndə kövrəlirəm. Sağ olsunlar Lalə Məmmədova, Aygün Səmədzadə, Xanım İsmayılqızı ki, belə mahnı ərsəyə gətiriblər.

 

“Qarabağ hadisələrini görüb qarşımıza məqsəd qoyduq”

 

Ən çətin günlərimiz isə Qarabağ hadisələri başlayandan sonra oldu. 20 Yanvarda gözümüzün önündə insanların necə həlak olması bizə çox pis təsir edirdi. Hamımız “Azadlıq” meydanında mitinqlərə gedirdik. Gecə çadırlarda qalırdıq. Çox ağır vaxtlar idi. Bir məqamı deyim -  elə məni həmin hadisələr KVN-ə gətirdi. Qarşımıza məqsəd qoyduq ki, ermənilərə qalib gələcəyik. Elə də oldu. 1992-ci və 2000-ci illərdə əsrin çempionu olduq.

 

Bəhram Bağırzadə deyir ki, həyatında çox böyük bir peşmanlıq çəkib. Ancaq həmin peşmanlığın nə olduğunu açıqlamır: “Yəqin ki, Allah keçər günahımdan”.

 

Xatırlamaq istəmədiyi an isə “Son zəng” günü oldu.  Deyir ki, komendant saatına düşdüyü üçün həmin günləri xatırlamaq istəmir: “Bizə icazə vermədilər ki, əvvəlki illərin məzunları kimi bulvara çıxıb, günəşi qarşılayaq. Əfsuslar olsun ki, bu, arzularımız ürəyimizdə qaldı”.

 

Bəhramın məktəbində oxuyan məşhurlar

 

Bəhram Bağırzadə 189 nömrəli məktəbi bitirən tanınmışların bir qisminin adını sadalayır. Lalə Şövkət, Zemfira Verdiyeva, Araz Ağalarov, Tahir Salahov, Çingiz Abdullayev,  Mirteymur, Rafiq Hüseynov, Namiq Nəsrullayev, Məleykə Abbaszadə, Ayaz Mütəllibov, Tahir və  Cabir İmanovlar, Vado Karovin, İsa Məlik, Elşad Nəsirov, Mahir Muradov, Telman İsmayılov, Elşad Xose, Cahangir Hacıyev və digərləri: “Siyahını davam etdirmək olar. Tanınmışlarımızın çoxu bizim məktəbin məzunudur”. 

 

Məktəbi bitirməyinə bir il qalmış 189 nömrəli məktəbi tərk edərək təhsilini 18 nömrəli məktəbdə davam etdirir. Səbəbinin 1988-ci ildəki siyasi proseslər olduğunu desə də, ətraflı danışmır. Sinif yoldaşlarının əksəriyyətinin həyatda uğurlu insanlar olduğunu deyir: “Baxmayaraq ki, onlar tanınmış deyillər. Uğurlu insan o insandır ki, ətrafına uğurlu insan yığıb. Sinif yoldaşlarım mənə uğur gətirib, həmişə kömək olublar”.

 

 

# 7186
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar