Yada düşməyən Sabir, "yaddan çıxmayan" Tosu
31 may 2022 19:44 (UTC +04:00)

Yada düşməyən Sabir, "yaddan çıxmayan" Tosu

Bu gün sosial şəbəkələrdə hansı xəbərin ən çox oxunduğunu yoxlamaq istəsəniz, mütləq şəkildə qarşınıza “Tosu Zəngilanski öldü” xəbəri çıxacaq. 

Xəbər saytının işi xəbər verməkdir, o xəbər az oxuna da bilər, çox oxuna da bilər.  Tosu Zəngilanskiyə rəhmət diləyirəm, yaxşı-yaman necə insan olub, özü bilər, Allah bilər. Bildiyim o var ki, sosial media fenomenidir və mətbuatın yazdığına görə narkotikdən istifadə səbəbilə ölüb.

İnsanlarda Tosuya maraq yaradan nə idi?  İnsanlar onda maraqlı nə görmüşdülər, niyə ölümü ilə belə bu qədər məşhurlaşdı yenidən? Bu suala yəqin heç psixoloqlar da cavab tapa bilməzlər.

Nə qədər insan var, o qədər də zövq var. Bizim ümumi zövqümüzü yaxın edən Tosu Zəngilanski imiş. Tosu Zəngilanski adı ən uzağı 1 aya unudulub gedəcək. O gedəcək, yeni “qəhrəmanlar” peyda olacaq. Zövqsüz, bəsit, şit hərəkətlərlə güldürən, söyüşlərlə yadda qalan… Bizim camaat da vacib-vacib xəbərlər, ciddi elm adamları və ya mədəniyyət xadimləri qalacaq kənarda, tosuların, mosuların dərdini çəkəcək.

30 may Mirzə Ələkbər Sabirin anadan olan günü idi. Amma bu tarixi fakt Tosunun ölümü qədər qədər əks-səda toplaya bilmədi. Əsr yarım öncə azərbaycanlıları yuxudan oyandırmaq  üçün çərləyib ölən kişi bir-iki nəfərin yadına ya düşdü, ya düşmədi. Sabirin ad günündə Tosuya yas tutmuşuq. Cəmiyyətdə də dəyişən çox bir şey yoxdur. Maşınlarımız müasirləşib, kiçik daxmalarımız villa, yekə burunlarımız kiçilib “slavyanski”, badam sığmayan dodaqlarımız silikonlu ördək dodağı, gözlər tülkü, saçlar at quyruğu olub. Hər heyvandan bir zad almışıq, amma başımızın içi dəyişməyib ki, dəyişməyib. əsl insan başına döndərəmməmişik.Yenə 150 il əvvəlki kimi  düşünürük. Sabir kişi nətəri demişdi?  "Kəsilməliydi başımız, kəsildi sünnətimiz…"


Hansı tərəfə gedirik görəsən, dala ya qabağa?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9459

Oxşar yazılar