YUĞ Teatrı  “İlluziyalar” planlaşdırır
17 iyul 2019 17:34 (UTC +04:00)

YUĞ Teatrı “İlluziyalar” planlaşdırır

YUĞ Dövlət Teatrında 30-cu teatr mövsümünün yekunlarına həsr olunmuş görüş keçirilib. Teatrdan Lent.az-a verilən məlumata görə, görüşdə çıxış edən teatrın baş rejissoru Mehriban Ələkbərzadə qeyd edib ki, bu il YUĞ Teatrı üçün yetərincə uğurlu və məhsuldar il olub: “Mövsüm ərzində iki yeni tamaşa hazırlanıb. Bunlardan biri Nobel mükafatçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan “Mən ağacam”, digəri isə H.İbsenin “Vahimə” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi “Vəsvəsə” tamaşalarıdır. Kollektiv R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) tamaşası ilə Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Novruz” türkdilli xalqların teatr festivalında iştirak edərək diplomla və Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının fəxri fərmanı ilə təltif edilib.

Teatrın aktyoru Qasım Nağı Əməkdar artist fəxri adı ilə təltif olunub. Xalq artisti Məmmədsəfa Qasımova isə Prezident mənzil bağışlayıb.

YUĞ Teatrında həmçinin yeni beynəlxalq layihə də həyata keçirilir. Bolqar rejissor Xristo Stoiçev U.Şekspirin “III Riçard” əsərinə quruluş vermək üçün dəvət olunub. “Lənət” adı ilə hazırlanan tamaşanın məşqləri artıq yekunlaşıb. Növbəti mövsümün həmin tamaşa ilə açılması planlaşdırılır.

Teatr Şamaxı, Quba, Xaçmaz, İsmayıllı və Abşeron rayonlarına qastrol səfəri həyata keçirir.

Teatr həmçinin növbəti mövsümdə 30 illik yubileyini qeyd etməyə hazırlaşır. Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilin sonlarında YUĞ Teatrının 30, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək”.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov bildirib ki, növbəti mövsümdə teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda İlqar Fəhminin əsəri əsasında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşa-kompozisiyanın və Mikayıl Mikayılovun quruluşunda İvan Vırıpaevin pyesi əsasında “İllüziyalar” adlı yeni səhnə əsərinin hazırlanması planlaşdırılır. Direktor onu da vurğulayıb ki, kollektiv növbəti mövsümdə xarici səfərlərini davam etdirəcək. Teatr artıq bir neçə beynəlxalq festivaldan dəvət alıb.

Görüşün sonunda mövsüm ərzində fərqlənən sənətçilərə diplom və hədiyyələr təqdim edilib. Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Fərhad İsrafilov, rejissorlar Gümrah Ömər və Günay Səttarova teatrın yaradıcılıq həyatında fəal iştirak etdiklərinə görə təltif ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar