- Qadınlar doğrudan çox şey istəyir, ya bu sadəcə kişilərin uydurmasıdır?
- Yəqin bu bütün qadınlara aid deyil. Belə deyək, istər kişi olsun, istər qadın, öz həyatında dinclik, rahatlıq, yaxşı bir ailə ortamı, dost çevrəsi, sağlam həyat istəyir. Məncə, o qədər böyük şeylər deyil. Amma bahalı daş-qaşlar, geyimlər, ifrat sevgi istəyən qadınlar da var.
Mənim düşüncəmə görə, adam bacardıqca başqalarından maddi olan nəsə istəməməlidir. İnsan çalışmalıdır, özü nələrisə qazansın. Əlbəttə, dəstək ola bilər, amma adam həyatda özü ayaq üstə dayanmağı bacarsa, yaxşıdır.
- Bəzən atdığımız səhv addımın fərqində oluruq, amma yenə də addımlayırıq. Vicdanın səsini necə susdurmaq olur?
- Məncə, çox vaxt adamlar səhv elədiklərini anlamadan bunu eləyirlər.
Amma bəzən də elə olur ki, insan bilir, bu addımı səhvdir, sadəcə başqa çıxış yolu olmadığı üçün, bəlkə manevr üçün, bəlkə daha böyük səhvlərdən və günahdan qurtulmaq üçün o səhvi edir.
Həyatda hər şey düzxətli deyil, əgər kimsə deyirsə ki, həyatını səhvsiz yaşayıb, deməli, o adam yaşamayıb. Belə şey mümkün deyil. Əlbəttə, vicdan ağrısı, əzab hiss edirsən, amma həyat bu. Onun öz gerçəkləri var.
Bura kosmos deyil, adamların olduğu yerdə səhvlər də var. Təbii ki, özünə hesabat verən, özü ilə söhbət edənlər harada haqlı, harada haqsız olduqlarını bilirlər.
Mənəvi ağırlıq da yaşayır adam, amma hər kəs həyata xeyirxahlıq ilahəsi kimi gəlməyib. Elə məqamlar var ki, orda məhz prinsipial olmaq, bəzən kəskin mövqe ortaya qoymaq lazım olur. Bəzən kiminsə qəlbini qıra bilirsən, amma davam eləmək, uğur qazanmaq üçün prinsipial olmaq lazımdır.
- Gözyaşı çox şey ifadə edir, ya təbəssüm?
- Əslində ikisi də çox şey ifadə edir. Amma gözyaşı səmimiyyəti daha çox ifadə edir. Bizim bir atalar misalımız da var, deyir: “ürək yanmasa, gözdən yaş çıxmaz”. Təbəssüm saxta ola bilər, hətta dünyanın bir çox ölkələri var ki, orada insanlar bir-birilərini tanımır, amma üzlərinə saxta bir təbəssüm verməklə mütləq gülürlər.
Növbətçi gülüş deyirlər buna. Amma elə gözyaşı axıtmaq olmur. Gözdən yaş gəlirsə, deməli, ürəyə toxunulub.
- Olur ki, insanlardan, ortamdan, onların söhbətlərindən bezəsiniz?
- Olur, mən elə ortamlarda sakitcə uzaqlaşmağa çalışıram. Əgər bir insandan mənfi enerji gəlirsə, etdiyi söhbətlər mənə maraqsızdırsa, həmin çevrədən bacardıqca uzaq dururam. Onu da deyim ki, adamı birinci dəfə görəndə bilirəm ki, mənim onunla ünsiyyətim alınacaq, ya yox.
Ümumiyyətlə, xarakter etibarilə adamlara tez yovuşmuram, tez də bezmirəm. Adamlara dözməyi bacarıram, hətta uzun müddət dözürəm.
Amma imtina elədiyim, sildiyim adamı da təkrar özüm üçün diriltmirəm. Qırılanda da hay-küyün, dava-dalaşın tərəfdarı deyiləm. Sakitcə, üzümü çevirib gedirəm, vəssalam.
- Karyera qurmaq istəyən qadınların bəziləri yüksəlmək üçün bəzən xanımlıqlarını itirirlər. Xanımlığı qoruyub-saxlamaq bu qədər çətindir ki?
- Yox, çətin deyil. Sadəcə bu bir xarakter məsələsidir. Hər şeyin öz yeri var. Mənim işdə rəhbər, evdə ana, həyat yoldaşı, dost çevrələrində dost statusum var. Karyera insan həyatında ancaq bir epizoddur.
Xanımlıq isə bir qadının doğuluşdan daşımağa öyrəşdiyi missiyadır.
Xanım gərək heç vaxt zərifliyini itirməyə, ədalarında, danışığında sərhədi gözləyə. Dediyim kimi, bu, xarakter məsələsidir, bir az genetik, ailədən öyrənilmiş vərdişdir. O qədər karyera qurmayıb, amma xanım da ola bilməyən qadın var ki...
Ümumiyyətlə, bir şey deyim sizə, söhbət qadından və ya kişidən getmir. Karyera quran adamların bunu başqalarına minnət kimi qabartmalarını, “həyatında çox şey itirdiyini, xanımlığından vaz keçdiyini, şəxsi həyatını yaşaya bilmədiyini” demələrini qəbul edə bilmirəm.
Adama deyərlər, özünə karyera qurmusan, pul qazanmısan, beş-üç adamın içində tanınmısan. Camaata niyə minnət qoyursan? Karyera quran adam özü bilməlidir ki, onun həyatında müəyyən məhdudiyyətlər olacaq.
Hər kəs bu yolu özü seçir, hətta başqalarından da dəstək istəyir. Ona görə də beş-üç adam arasında tanınan kimi “minnət mərhələsi”nə keçmək lazım deyil.
- Bir xanım nə qədər başarılı olsa da, hissləri qarşısında aciz qalır. Bəlkə də bundan dolayı qadınlara zəif deyirlər. Necə düşünürsünüz?
- Marqaret Tetçerin bir xatirəsi var. 19 yaşında bir gənclə sevgili olur və sonra ayrılırlar. Yazır: “O, məni “Marqo” çağırırdı, ondan sonra kimsənin məni bu adla çağırmasına icazə vermədim. İllər sonra bir mitinqdə çıxışım bitəndə meydandan kimsə “Marqo” dedi. Dönüb baxdım, o idi. Əynində cırıq bir kürkü vardı, amma gözləri dəyişməmişdi. Heç nə demədim, otel otağına keçib, ağladım və anladım ki, mən dəmir-filan deyiləm, qadınam”.
Dünyanın “Dəmir Ledi” dediyi hələlik tək qadının etirafıdır bu.
Hissiz olmur. Amma hisslər gerçəkdən də tək qalmaq üçündür. İdarəetmədə, iş şəraitində hisslərlə yaşamağı doğru hesab etmirəm. Hisslərin təsiri altında qərar versəm, özümü bağışlamaram.
- Nazim Hikmətin çox sevilən sözü var “Sən almanı sevirsən deyə alma da səni sevmək məcburiyyətində deyil”. Niyə insanlar qarşılıq gözləyir hər şeydən. Məgər qarşılıqsız sevə bilməzlər?
- Sevgi intim məsələdir, ondan danışmağı sevmirəm. Amma belə deyirlər ki, sevgi, üzsüz qonaqdır. Gəlir, qapı döymür, icazə almır, hər kəsi bir anda yaxalayan hissdir. Əgər sən gerçəkdən sevirsənsə, qarşıdakının sevib-sevməməsi nəyi dəyişə bilər ki?
Amma məncə yalnız bir sevgi təmənnalı deyil. O da valideyn sevgisidir. O sevgi gerçəkdən qarşılıqsızdır, dünyanın ən pis adamı, ən qatı cinayətkarı belə anası üçün sevimli övladdır. Mən düşünə bilmirəm ki, insan nə etsə, anası onu sevə bilməz.
Xüsusilə ana olandan sonra adam başa düşür bunu. Övlad ananı sevməyə bilər, hansısa məqamda imtina da eləyə bilər, amma valideynin, xüsusilə ananın imtina eləməsi mümkün deyil.
Rəsmən imtina etsə belə, içinin dərinliyində o sevgini yaşadır. Başqa bütün sevgilərdə haradasa təmənna var. Bəlkə elə ona görə də iki şəxs arasındakı sevgi üçün alimlər bir zaman çərçivəsi müəyyənləşdiriblər.
İnsan dostluğunun sərhədlərini araşdırırlar. Amma valideyn sevgisinin vaxtı, saatı, sərhədi olmur.
Ümumiyyətlə isə mən bir az soyuq yanaşıram belə şeylərə. Kimsə sevdi, sonra ayrıldı, ağladı, üzüldü. Həyatdı da, bütün hisslərə sayğı göstərmək lazımdır. Sevir, Allah canını sağ eləsin, sevmir, yenə də Allah canını sağ eləsin.
- Qarşılıqsız sevmək, yoxsa qarşılıqsız sevilmək. Hansının seçərdiniz?
- Bu, seçim işi deyil axı. Belə məsələlərdə “heç vaxt, heç vaxt demə” prinsipi ilə hərəkət etməyin tərəfdarıyam. Hər şey hörmət, sayğı çərçivəsində olsa, yaxşı olar. Amma nəzəri baxırıqsa, insan sevilməyi daha üstün tutur. Bəlkə bir az eqoist yanaşmadı, amma sevildiyini bilmək yaxşı hissdir.
- Cavabınızla əlaqəli başqa bir sual verəcəyəm, heç kim unudulmağı həzm etmir və bunu da sevgi ilə səhv salırlar. Vüsalə xanım bir qadın olaraq, necə düşünür, əsl sevgi özündə hansı dəyərləri birləşdirir?
- Bu sevgi məsələsi bir az mənim praktikam olmayan məsələdir. Amma hesab edirəm ki, təməldə hörmət, sayğı olmalıdır. Əgər qarşındakı insanı şəxsiyyət kimi görə bilmirsənsə, ona fərd kimi yanaşırsansa, demək ki, hər şey saxtadır.
Unudulmaq, əlbəttə, yaxşı hiss deyil. Hətta deyərdim, adama verilən ən böyük cəza elə unudulmaqdır. Amma adamın həyatından keçən insan mütləq orda balaca da olsa bir iz qoyub gedir.
Təkcə sevgi deyil ha, keçmiş bir rəfiqən, özündən uzaqlaşdırdığın qohumun, iş yoldaşın... Səmimi bağlandığın, ürəyindən keçirdiyin adamlar qopub gedəndə mütləq izi qalır. Ona görə də unutmuş kimi özünü göstərən ola bilər, amma tamamilə unutmaq, silib atmaq asan olmamalıdı.
- Tuta bilməyəcəyimiz sözləri vermək nəyə lazım? Axı heç kim sabah nə olacağını bilmir. Niyə o zaman nəyəsə vəd edirik?
- Şəxsən öz adımdan danışım ki, vəd verməyi sevən adam deyiləm. Bu gün neyləyə bilərəmsə, onu deyirəm. Vədlərin yalan çıxması, ümidlərin qırılması pisdir. Ən pis məqamda belə, ən yaxşısı odur ki, adam ən acı mənzərə ilə üzləşir, o reallığı görür və barışır. “İnsan zülmə tabedir” ifadəsi var.
Doğma adamlarını itirən insanların arasında milyonda biri intihara cəhd edir. Demək ki, hər şeyə dözmək olur, hər şeylə barışmaq olur. Ona görə də ən yaxşısı reallığı deməkdi. Adamları şirin yalandansa, sərt həqiqətlə üzləşdirmək lazımdı.
Bu bir az amansızdır, amma inanın bundan yaxşısı yoxdur. Ola bilər ki, həmin məqamda reallığı dediyin adam səndən inciyəcək, amma bir gün özü o reallıqla üzləşəndə anlayacaq ki, sən düz demisən. İlk işə başlayanda dostlarımdan biri bir məsləhət vermişdi. Dedi: “Səndən çox adam xahiş edəcək, çoxları müraciət edəcək, eləyə bilməyəcəyin bir şey üçün anında “yox” deməyi bacar”. O söz mənim yadımdan heç çıxmır.
Və illər keçdikcə də bir daha əmin oluram ki, doğru məsləhət verib. Çünki vəd verib, yerinə yetirməyən adam təkcə özü ilə bağlı pis iz buraxmır. Adamın ümidlərini qırır, insanlıqdan bezdirir. Ona görə bunu eləmək olmaz.
- Hamı yaxşı insan qıtlığından şikayət edir. Şikayət edənlər yaxşı insanlardır ki?
- “Yaxşı, ya pis adam” subyektiv yanaşmadır. Biri üçün yaxşı olan, başqa biri üçün mütləq pisdir. Biri üçün ideal olan, digəri üçün heç kimdir. Həyatın bütün məqamlarında qəhrəman olmaq mümkün deyil.
Hətta dünyanın ən əfsanəvi qəhrəmanları belə həyatındakı bir epizoda görə bu adı qazanıblar. Bircə epizod olub...
Hansısa müharibədə tankın üstünə atılıb, yaxud suda boğulan adamı xilas edib, yəni həyatının 5-10 dəqiqəlik məqamı onu qəhrəmana çevirir.
Təbii ki, o qəhrəmanlığı eləməyə stimul verən keyfiyyətlər bütün ömür boyu yaranır. Amma razılaşaq ki, bütün həyatı boyu qəhrəman olmaq mümkün deyil.
O cümlədən də hamıya münasibətdə yaxşı adam olmaq mümkün deyil. Yaxşı adam odur ki, onun öz dəyərləri, prinsipləri var və adamların ona “yaxşı və ya pis adam” deməsindən asılı olmayaraq, yerinə, məkanına, zamanına görə dəyərlərindən imtina etmir. Bax, yaxşı adam o adamdır.
Hamımız həyatda nəyisə güzəştə gedirik, manevrlər edirik, xətləri keçirik. Amma bəzi dəyərlər var ki, onlar olmazsa olmaz. Elə məqamlar var ki, orda geri çəkilmək artıq şəxsiyyət kimi yox olmaqdı. Həyatın qırmızı cizgiləri, qırmızı xətləri var, onlar toxunulmazdı. Bax, bu prinsiplə yaşayan adamlar yaxşı adamlardır.
- Özünə sual vermək çətindir, ya suala cavab vermək?
- Əlbəttə, cavab vermək. Sualı başqaları da səsləndirir, əsas cavabdır. Sizə deyim ki, xoşbəxt o adamlardır ki, onlar özlərinə hesabat verib, kim olduqları ilə bağlı suala cavab verə biliblər. Bunu bir dəfə də demişəm, mən özümə bu hesabatı vermişəm, özümlə söhbət eləmişəm.
Bu suala cavab verəndən sonra vaxtaşırı yaranan digər suallara cavab vermək asan olur. Yaşamaq da asanlaşır. Çünki özünün də, başqalarının da yerini, aradakı məsafəni bilirsən.
Odur ki, əsas özünə verdiyin suala cavabı tapmaq və o cavaba haqq qazandırmaqdır. Qətiyyən, özünü aldatmaqdan söhbət getmir... Əksinə, özün-özünə həqiqəti deyə bildinsə, sən yaşadın…
- Ümid edirik sizi yormadıq.
- Yox, xoş oldu. Maraqlı suallar idi. Bir az qeyri-adi müsahibə oldu, açığı, mən işlə bağlı müsahibələrə öyrəşmişəm. Xoş oldu, uğurlar arzulayıram.