Bakıda TRT-nin Baş Direktoru İbrahim Şahinə fəxri doktor və “Türk dünyasına üstün xidmət” mükafatı təqdim ediləcək. TRT-nin Bakı təmsilçiliyindən Lent.az-a verilən məlumata görə, mükafat Odlar Yurdu Universiteti və TRT-nin işbirliyi çərçivəsində təqdim olunacaq. İ. Şahin bu mükafata Türk mədəniyyətlərinin, Qarabağ problemi və Xocalı soyqırımının dünyaya çatdırılmasında, iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və genişləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.
TRT-nin Bakı nümayəndəsi Yüksəl Değercanın sözlərinə görə, İ. Şahin sentyabrın 30-da Bakıya gələcək və həmin gün Odlar Yurdu Universitetində mükafatlandırma təşkil olunacaq. Mükafatlandırmadan əlavə, İ. Şahin Azad Azərbaycan Televiziyası (ATV) ilə iş birliyi protokolu da imzalayacaq.