Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastroldan qayıdıb. Teatrdan Lent. az-a verilən məlumata görə, heyət Rusiyanın Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiyanın B.Basanqov adına Milli Dram Teatrlarında olub.
Kollektiv Həştərxanda və Kalmıkiyanın Elista şəhərində tamaşalar göstərib.
Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi, Kalmıkiya Respublikasının mədəniyyət naziri Amulanqa Uçurova, Milli Dram teatrının bədii rəhbəri Boris Mandjiyev və teatrın direktoru Qalina Şurayeva qastrol səfərinin uğurundan danışıblar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirib. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına növbəti qastrol səfəri barədə razılıq əldə olunub.
Qeyd edək ki, qastrol sentyabrın 30-dan oktyabrın 7-dək davam edib.