Tahir Salahovun yubileyi keçiriləcək
26 fevral 2014 13:02 (UTC +04:00)

Tahir Salahovun yubileyi keçiriləcək

Fevralın 27-dən martın 14-dək  Fransa İncəsənət Akademiyasında xalq rəssamı Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, adıçəkilən nazirliyin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın rəngkarlıq, qrafika və xalça üzərində toxunmuş əsərləri nümayiş etdiriləcək.

 


Qeyd edək ki, Tahir Salahov Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, öz əsərləri, yaradıcı, ictimai və pedaqoji fəaliyyəti ilə dünya şöhrəti qazanmış sənətkardır. O, milli təsviri sənətin inkişafına, mədəniyyətimizin beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verib. O, Azərbaycan və Rusiyanın xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, İspaniyanın San-Fernando Kral İncəsənət Akademiyasının fəxri üzvü, UNESCO yanında Beynəlxalq Plastik İncəsənət Assosiasiyasının (BPİA) fəxri prezidenti, Avstriya və Almaniya Rəssamlar İttifaqının fəxri üzvüdür.

 

 

Bununla yanaşı, Billinqz şəhərinin fəxri vətəndaşı, ABŞ-ın Montana ştatının Mədəniyyət Fondunun üzvü, Trenton (Nyu-Cersi ştatı, ABŞ) və SantaFe (Nyu-Meksiko ştatı, ABŞ) şəhərlərinin fəxri vətəndaşıdır. O, 1986-cı ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib və keçmiş SSRİ-dən bu ada layiq görülən 3 nəfərdən biridir. 


T. Salahov Sovet İttifaqının ən yüksək təltif və ordenlərinə, Sosialist Əməyi Qəhrəmanı adına, eləcə də Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar