Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Muğamsevərlər” Musiqi Festivalı layihəsi çərçivəsində Sumqayıtda Muğam Festivalı keçirilib.
Lent. az-ın məlumatına görə, Festival Nəriman Nərimanov adına mədəniyyət evində olub. Layihənin icraçısı Eyvaz Qocayev istedadlı gənc muğam ifaçılarının seçilərək festivala cəlb olunduğunu qeyd edib.
E. Qocayev layihənin məqsədi barədə mətbuata açıqlamasında deyib ki, festivalın məqsədi istedadlı gənc muğam ifaçılarını aşkarlayaraq üzə çıxartmaqdır: “Festivalı həyata keçirməkdə məqsədimiz gənc muğam ifaçılarını bir araya gətirərək özlərini təqdim etmək üçün şərait yaratmaq, istedadlı gəncləri həvəsləndirmək, gənclərin muğama olan marağını daha da artırmaq idi. Eyni zamanda mədəni irsimizi gənclər vasitəsilə təbliğ etmək, gənclərin asudə vaxtını səmərəli keçirilməsinə, mədəni istirahətlərinin təmin olunmasına nail olmaq idi”.
Festivalda gənc muğam ifaçılarından Fariz İsgəndərov, Şamo Qədirov, Teymur Əzizli, Daşqın Piriyev, Gülnar Ələkbərli, Sadıq Qasımov çıxış edib. Gənc muğam ifaçılarını tarda Elnur Əliyev, kamançada Şəhriyar Musayev müşayiət edib.