“Gənclərin Ümumrespublika Teatr Festivalı gənclər üçün bir şansdır”. Bunu Lent.az-a Akademik Milli Dram Teatrının aktrisası, ötən ilki festivalın münsiflərindən biri olan əməkdar artist Sənubər İsgəndərli deyib.
S. İsgəndərli bildirir ki, gənclər üçün bu festivalın keçirilməsi onlar üçün bir şansdır: “Tamaşaçı qarşısına çıxmağa, peşəkarlar qarısına çıxmaq, onlardan məsləhət almaq üçün böyük Gənclərin Ümumrespublika Teatr Festivalı şansdır. Həm öz istedadını göstərə bilər, həm də öz yaşıdlarına baxmaq şansı olur. O qədər rəngarəng mövzular, fərqli yanaşmalar olur ki, şəxsən mənə çox maraqlı gəlirdi onları izləmək. Bugünkü gənclik nələri düşünür, nələri görmək istəyir?! Onlarla bərabər mən də nəsə öyrənirdim. Bu cür festivalın ildə bir dəfə keçirilməsi azdı. Düşünürəm ki, Gənclərin Ümumrespublika Teatr Festivalı ildə iki dəfə keçirilməlidir. İlin əvvəli və ortası”.
Əməkdar artist festivalda daha çox nəyə diqqət etdiyindən də danışıb: “Mənə lazım deyildi ki, əvvəldən axıra qədər peşəkarcasına rolunu ifa eləsin. İstedad gözlə sezilmir, duyğularla sezilir. Festival gənclər arasında keçirildiyi üçün onlardan peşəkarlıq tələb etmək olmaz. Əksəriyyəti peşəkar aktyorlar deyildilər. Mən seçim edərkən entuziazma üstünlük verirdim. Əsas olan istəkdir. Eləsi vardı səhnəyə çıxanda görürdün ki, ürəyi, gözləri səhnə üçün alışıb yanır. Düzdür, səhnədə qeyri-peşəkarlıq vardı. Bəzi şeyləri çatdıra bilmirdilər. Hərəkətlər, mesajları. Mənim üçün daha önəmli istək idi. Bir balaca istedad işığı görürdümsə, bilirdim ki, onun gələcəyi var”.
Qeyd edək ki, ideya müəllifi millət vəkili Jalə Əliyeva olan Gənclərin III Ümumrespublika Teatr Festivalına qeydiyyat oktyabrın 31-də bitib. Bu ayın 20-dək festivalda iştirak edəcək 12 truppa seçiləcək. I yerin qalibinə 3000 manat, II yerin qalibinə 2000 manat, III yerin qalibinə isə 1000 manat pul mükafatı veriləcək. Festival Mədəniyyət və Turizm və Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilir.
Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.
Sənubər İsgəndərli: “Mən seçim edərkən entuziazma üstünlük verdim”
1180