Dünyaca məşhur müğənni Sami Yusifin Bakı konserti baş tutub. Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən "Sarı gəlin" adlı gecənin aparıcılığı Samir Bayramlıya həvalə olunub.
Əslən azərbaycanlı olan ifaçı ud, pianino, zərb alətlərində ifa edib. Pərəstişkarlarından biri S.Yusifə Azərbaycan bayrağı hədiyyə edib. Bunun onun üçün ən dəyərli hədiyyə olduğunu deyən sənətçi, bayrağı öpüb, pianinonun üstünə sərib.
Konsertdə 19-dan çox mahnı ifa edən Sami Yusif "Sarı gəlin"i də oxuyub. "The Centre" albomunda yer alan "Jaaneh Jaanaan" mahnısını səsləndirərkən sənətçini "Natiq" ritm qrupu müşayiət edib.
Gecə başa çatdıqdan sonra səhnəni tərk edən müğənni tamaşaçıların istəyi və alqışı ilə geri qayıdıb, "Al Mu'allim" və "Hasbi Rabbi" mahnılarını oxuyub.