Rüstəm Behrudi bakılılardan üzr istədi
27 iyul 2013 15:47 (UTC +04:00)

Rüstəm Behrudi bakılılardan üzr istədi

 

 

Şair Rüstəm Behrudi “Hamıya qalib gəlib özünü satan Bakı” sərlövhəli yazısı ilə bağlı bakılılardan üzr istəyib.

 

Lent.az-ın verdiyi məlumata görə, Rüstəm Behrudi bununla bağlı "Yeni Müsavat" qəzetinə məktub göndərib və məktubun çap olunmasını xahiş edib.

 

"Paytaxt Bakı yox, Naxçıvan, Gəncə, Şamaxı olsaydı, mən yenə də paytaxt kimi onlardan yazardım. 30 ildir Bakıda yaşayan, təqib olunan, həbsxanalarda yatan, Bakını “atası, anası, bacısı, qardaşı kimi” sevən bir adama, “sən bakılıları təhqir eləmisən” demək çox yanlış və ağrılı bir şeydi. Olsun! Axı mən bakılılardan yox, Bakıdan danışmışam. Adicə bir şəhərdən yox - paytaxt Bakıdan. O Bakıdan ki, bütün Azərbaycan oradan idarə olunur. Milli-azadlıq hərəkatının fədailərindən olan Nəsir Ağayev, gözəl ziyalı Füzuli Axundov, el ağsaqqalı Hacı Zakir kimi bakılı dostları olan bir adamın bakılılar haqqında yanlış danışmağına heç kim inanmaz. Bu, bir həqiqətdir ki, Naxçıvanın da, Gəncənin də, Şirvanın da - bütün bölgələrin yaxşı və pis, ləyaqətli və ləyaqətsiz, namuslu və namussuz adamları paytaxt olan Bakıya toplanıb. Bu, təbii bir şeydir. Paris də belədir, Stokholm da belədir, Afina da belədir, Roma da. Bu romalının, parislinin, afinalının, bakılının günahı deyil.  Mən dərdlərimizi anlatmaq üçün bakılılardan yox, paytaxt olan Bakıdan yazmışam. O Bakıdan ki, M.Ə.Rəsulzadə kimi bir düşüncə və fikir adamını Azərbaycana ərməğan eləyib. Mən bütün Azərbaycanı onun işığında görmək arzusu ilə yazmışam o yazını. Son olaraq demək istəyirəm ki, yazım ya düzgün anlaşılmayıb, ya da bu cür anlaşılmağını istəyənlər var. Bu səbəbdən də Bakı camaatından üzr istəyirəm”.

 

Qeyd edək ki, iyulun 23-də “Yeni Müsavat” qəzetində Rüstəm Behrudinin “Hamıya qalib gəlib özünü satan Bakı” başlıqlı müəllif yazısı çap olunub. Məqalə işıq üzü görəndən sonra Rüstəm Behrudi ilə bağlı bəzi narazılıqlar baş qaldırıb. Əslən Bakıdan olan bir sıra tanınmış şəxslər şairi Bakını və bakılıları təhqir etməkdə suçlayıblar. Hətta Hacı Əbdülün onun barəsində ölüm hökmü çıxardığı da deyilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856
avatar

Oxşar yazılar