Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri “İl Tabarro” operasının tamaşası olacaq.
Lent.az-a teatrdan verilən məlumata görə, ilk quruluşu 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera teatrında verilən tamaşa Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Bauman tərəfindən hazırlanıb.
Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrokdur.
Həmin vaxtdan Teatrın repertuarında yer tutan "İl-Tabarro" operası gözəl səhnə tərtibatı və kostyumları ilə də tamaşaçılarda böyük maraq doğurur.
Azərbaycan Opera və Balet Teatrında oktyabrın 19-na planlaşdırılan tamaşanı idarə etmək üçün yenidən Korneliya fon Kerssenbroku dəvət edilib.
Oktyabrın 19-da oynanılacaq tamaşada əsas rollarda Əməkdar artistlər Afaq Abbasova (Jorjetta), Fərid Əliyev (Luidji), Cahangir Qurbanov (Mikele), Əliəhməd İbrahimov (Tinka), Tural Ağasıyev (Vintitore), solistlər Nina Makarova (Frudjola), Tələt Hüseynov (Talpa) çıxış edəcəklər.