Nurlan Növrəsli: “Bakıda klub mədəniyyəti inkişaf etməyib”
25 noyabr 2015 18:36 (UTC +04:00)

Nurlan Növrəsli: “Bakıda klub mədəniyyəti inkişaf etməyib”

“Bu yolu böyük qardaşımız Şahin qoyub”

 

“Təvazökarlıq həmişə olmalıdır. Sənətlə məşğul olan insan başqa işlə məşğul ola bilmir. Olsa da, gərək paralel olsun”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı,   tar ifaçısı Arslan Növrəsli deyib.

 

Bu yaxınlarda Londonda böyük sərginin təşkil olunduğunu xatırladan A.Növrəsli, həmin sərgidəki çıxışlarından da danışıb: “Çıxışımızda ilk dəfə olaraq dj-lə birgə tar musiqisi ilə pop musiqisinin sintezini etdik. Tarda improvizələr çox maraqlı alındı. Muğam parçaları da əlavə etmişdik. İfa maraqla qarşılandı. Bildiyiniz kimi, bu yaxınlarda Caz Klubun açılışı oldu. Orada da çıxış etdik. Bizim kimi ifaçılar üçün belə mühit, səhnə lazımdır”.

 

Qonaq Azərbaycanda və əcnəbi ölkələrdə təşkil olunan konsertləri müqayisə edib: “Bizdə Azərbaycan Dövlət Filarmoniyasında konsert olanda hamı gedir. Bu məkanın öz tamaşaçısı var. Dünyada isə ayrı-ayrı konsert məkanlarının daimi tamaşaçıları olur. Xaricdə klub konsertinə gedəndə dincəlmək, əylənmək olur. Bizdə isə, əksinə, kimsə oynayanda hamı ona baxır və müzakirə edir”.

 

Verilişin digər qonağı müğənni Nurlan Növrəsli isə qeyd edib ki, Caz Mərkəzində səhnənin açıq olması musiqiçi üçün üstünlük deməkdir: “Caz Mərkəzdə “jam session” zamanı musiqiçilərdən hər hansı biri irəli çıxıb ürəyi istəyəni ifa edə bilər. Tamaşaçılar solo konsert günü deyil, başqa günlərdə bu imkandan yararlana bilərlər”. İfaçı səhnəyə böyük qardaşı Şahin Növrəslinin sayəsində gəldiyini bildirib: “Köhnə Zevin küçəsində Caz klub var idi. İlk dəfə orada çıxış etmişik. Təbii ki, bu yolu böyük qardaşımız Şahin qoyub. Daha sonra Arslan tarda, mən isə həm kamançada ifa etmişəm, həm də oxumuşam. İnsanlar kluba əylənmək, biz isə musiqi ifa etmək üçün gedirik”.

 

Müğənni yeni işləri barədə də məlumat verib: “Son yazdırdığım mahnının sözləri Qənirə Paşayevaya, musiqisi Aygün Səmədzadəyə məxsusdur. Sevə-sevə ifa etmişəm. Bu mahnıya klip çəkdirməyi düşünürəm. Bundan başqa, qardaşım Şahin Növrəslinin də mahnıları var. Onun mahnıları özünəməxsusdur. O, bir neçə müğənniyə mahnı verib, amma bəstəkar kimi tanınmaq istəmir. Bəstələri var, lakin solo layihələrə üstünlük verir. Əfsuslar olsun ki, bugünkü mahnıların əksəriyyətinin ömrü qısa olur, yadda qalmır”.  

 

Nurlan Növrəslinin fikrincə, əvvəlki dövrlə müqayisədə indi məkan seçimi məsələsi nisbətən asanlaşıb: “Bakıda klub mədəniyyəti inkişaf etməyib. Vaxt var idi, Bakıda axşam müəyyən saatdan sonra istirahət üçün yer yox idi. Xaricdən qonaqlarımız gələndə onları Bakının klublarına aparırıq”.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar