Nəzakətli, kinli, qəddar Demokrat!
21 avqust 2014 13:34 (UTC +04:00)

Nəzakətli, kinli, qəddar Demokrat!

 

Azərbaycan mediasında 525 dəyişməz ənənələri olan bir məktəbdir.

 

İstedadlar fabrikası da demək olar 525-ə.

 

Bu məktəbdən nazir də, nazir müavini də, mətbuat katibləri də, baş redaktorlar da, bəstəkar da, şair də, yazıçı da, müxbir və köşə yazarları da, bir sözlə, intelegensiyanın bütün təbəqələrinə aid imzalar çıxıb.

 

525 elə bir mükəmməl məktəbdir ki, orda 4-5 ay işləmək bir müddət sonra başqa redaksiyada özünə ən az redaktor və ya aparıcı jurnalist statusu ilə iş təmin edə bilmək üçün yetərli olur.

 

Bu məktəbin əsas gücü Yusifin redaktor dəst-xətti, qüdrəti Rəşad Məcidin təmkini, dəyər verdiyi mənəvi dəyərlərdir.

 

Hər bir media orqanı həm də öz rəhbərinin xarakter və keyfiyyətlərinin göstəricisidir.

Olub ki, sensasiyalı xəbər Rəşad Məcidin dəyər verdiyi prinsiplərə uyğun gəlmədiyindən səhifəyə qoyulmayıb. Nəymiş ki, həmin xəbəri verməməklə 525 bir şey itirməz, amma bu xəbərin yayınlanması gənc övladını itirmiş gözüyaşlı ailənin hissləri ilə oynaya bilər.

 

Onunla bərabər çalışdığım 12 il müddətində bir dəfə də olsa, dilindən əməkdaşları haqqında "isçim", "müxbirim" ifadəsini eşitmədim. Redaksiyada çalışan haqqında "bizim əməkdaş" ifadəsi ilə bəhs edib.

 

Redaksiyanın əməkdaşları ilə əmr, göstəriş tərzində danışmayıb. Yığıcıya hansısa mətni verib "bunu yaza bilərsənmi", və ya jurnalisti hansısa tədbirə göndərəndə "filan yerə "gedərsən?!" deyib. Amma bu ünsiyyət tərzi əmrdən daha keçərli olub bizimçün.

 

Dostluğa nə qədər sədaqətlidirsə, xəyanət və hörmətsizliyə çox qəddar və kinlidi.

 

Münasibətlərdə nəzakət qaydalarına önəm verər.

 

525-in gənc əməkdaşlarından Bəxtiyar Məmmədli, deyəsən, qonorarının az olmasından narazı qalmışdı. Bu narazılığını dəliqanlı kimi baş redaktoruna bildirmişdi. O baş redaktora ki, münasibətlərdə böyük-kiçikliyə, təmkinə önəm verər. Gənc müxbir "belə az qonorarla işləməyəcəm" şəklində ultimativ etiraz bildirib aldığı qonorarı da geri verincə, bir söz deməyib.

 

Bəxtiyar hələ sınaq müddətində olsa da, 525-dən getməsinə hamımız təəssüflənmişdik. Az müddətdə özünü sevdirə bilmişdi. 1-2 ay sonra Bəxtiyarı yenidən 525-də görüb təəccübləndim. Sonra bildim ki, sən demə, bir tədbirdə Rəşad müəllim Bəxtiyarı görüb bir ay əvvəl imtina elədiyi qonorarı ərklə cibinə qoyub və redaksiyaya çağırıb.  Redaksiyada ona "uşaqlıq eləmə, keç işinin başına" tövsiyyəsi ilə 525-ə geri qaytarıb.

 

Böyüyə sayğılı, kiçiyə təmkinini görmüşəm hər zaman.

 

525-in aparıcı kişi əməkdaşlarından biri yeni işə başlamış gənc qızlardan birilə çox nəzakətsiz, hörmətsiz davranmışdı. Bundan xəbər tutan kimi Rəşad müəllim elə dəhlizdə həmin aparıcı əməkdaşı işdən qovmuşdu. Elə bir sərtliklə ki, hər zaman onda müşahidə olunmaz!

 

Sonrakı günlərdə həmin əməkdaş nə qədər üzrxahlığa gəlsə də, Rəşad müəllimin kini keçmədi!

 

Dedim ya, Rəşad müəllim üçün münasibətlərdə nəzakət, hörmət çox önəmlidir.

 

Amma yaradıcı mövzuda ən kəskin mübahisə, hətta davaya da açıq olacaq qədər Böyük Demokratdır!

 

Onunla istər şəxsi, istərsə də iş mövzusunda məsləhətləşərkən aradakı qadın-kişi fərqliliyini unudursan. Gözünə yalnız qarşında Güvənə biləcəyin Dost görünür.

 

Rəşad müəllim hələ gənc yaşlarından yaşının üstündə olacaq qədər müdrik olub. Amma yaşlandıqca yaşının altında olacaq qədər də gəncləşir.

 

Son illər ədəbiyyatımızda gənc imzaların yetişməsində Onun çox önəmli rolu var. Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi kimi müasir ədəbiyyatımızda gənc yazarların cəsarətli, özünə inamlı inkişafında mühüm rol oynayır.

 

Rəşad müəllim həmişə mənim iş prosesində tənbəl və ağır tərpənməyimdən şikayətçi olub.

 

Təəssüf ki, Onun 50 illik yubileyi üçün hazırladığım bu yazıda da fərqli davrana bilmədim. Qəzetə hazırladığım yazılar kimi, bu yazımı da son dəqiqəyə saxladım...

 

İlhamə Qasımlı

Ankara

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar