Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Koreya Respublikasının "Arirang" Televiziya və Radio Şirkətinin prezidenti Sohn Jie-Ae ilə görüşüb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə "Arirang" Televiziya və Radio şirkətinin Xəbərlər departamentinin müdiri Kim Joong Shik, Koreyanın Azərbaycandakı səfiri Choi Suk-inn iştirak ediblər.
Görüşdə Azərbaycan və Koreya arasında mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı, mədəniyyət və turizm potensialının qarşılıqlı şəkildə mediada işıqlandırılması və iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub. Ə. Qarayev bildirib ki, ölkə prezidenti İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycan-Koreya əlaqələri yüksələn xətlə inkişaf edir. Qarşılıqlı olaraq son illərdə Koreya və Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı müxtəlif aksiyalar keçirilib və bu tədbirlər iki xalqın yaxınlaşmasında mühüm rol oynayır.
Azərbaycanın inkişafına heyran olduğunu bildirən Sohn Jie-Ae ölkəmizin inkişafının onda böyük təəssüratlar yaratdığını, Koreya və Azərbaycan xalqları arasında bir sıra oxşar cəhətlərin olduğunu və bunun da əməkdaşlığın daha da yaxşı inkişafı üçün zəmin yaratdığını qeyd edib.