[b]Əbülfəs Qarayev[/b]: "Dövlət sehrbaz deyil"
"İldə ən çoxu 5, ya da 10 kitabxana təmir edə bilirik. Nazirlik təkcə kitabxanalarla məşğul ola bilməz, axı digər sahələr də var. Dövlətdən
həddən artıq çox şey gözləyirlər, amma dövlət sehrbaz deyil ki, qısa müddətdə bu qədər işi görüb başa çatdırsın". Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Kitabçı" jurnalına müsahibəsində bildirib. Nazir qeyd edib ki, yeni tələblərə cavab verməyən, kitaba hörmət oyatmaq bir yana dursun, antikitab təəssüratı yaradan kitabxanalar qalmamalıdır: "Belə kitabxanalar ləğv edilməlidir".
Azərbaycanda 100-dən artıq nəşriyyatın olduğunu bidirən Ə Qarayevin sözlərinə görə, poliqrafiya haqqında qanun qəbul olunandan sonra
nəşriyyat və mətbəələrə tamamilə sərbəstlik verilib. "Nəşriyyatların üzərindən dövlətin nəzarət funksiyaları götürülüb. Artıq bizim onlara heç bir təsir qüvvəmiz olmayıb. Bu proses başlayanda biz təklif elədik ki, nəşriyyatların assosiasiyası formalaşsın. Onlarla əməkdaşlığa nail olduq. Kitab sərgilərinin keçirilməsi öz-özlüyündə bu nəşriyyatlara meydan açıb, geniş imkanlar verib. Əslində, nəşriyyatlara nəzarət funksiyasının olmasının arzusunda deyiləm, amma yaxşı olardı ki, kitabların nəşri ilə bağlı qanun pozuntularına yol verilməsin".
Nazir vurğulayıb ki, kitablar çap olunur, amma Milli Kitabxanaya göndərilmir: "Milli Kitabxanaya göndərilən nüsxələri yoxlayanda bizim mütəxəssislər görürlər ki, bəzi kitablar keyfiyyətsizdir. Naşirlər Assosiasiyası yarandıqdan sonra keyfiyyət nisbətən yüksəldi, beynəlxalq müsabiqələrdə, yarmarkalarada Azərbaycan kitabları yer tutmağa başladı. Heydər Əliyev Fondunun çox gözəl, dəyərli nəşrləri olur. Onlar kitab nəşrində yeni bir istiqamət açdılar".
830