BBC-3 radiosunun üç əməkdaşı Lusi Duran, Ceyms Parken və Melani Azərbaycana səfər ediblər. Onlar respublikamıza Azərbaycan musiqi layihəsinin hazırlıqları üçün gəliblər. Bu layihə Londonda, məşhur Royal Albert Hall-da gerçəkləşəcək. Həmin səhnədə istedadlı xanəndə Qoçaq Əsgərov və onun tələbəsi Fidan Hacıyeva çıxış edəcəklər.
Xanəndə Lent. az-a açıqlamasında bildirib ki, konsert layihəsinin hazırlıqları çərçivəsində ustad dərslərinin təşkili nəzərdə tutulub. Bu dərsləri xanəndələrimiz Fidan Hacıyeva üçün keçəcəklər:
“Fidan mənim virtual tələbəm olub. O, Azərbaycan musiqisinə böyük maraq göstərib. İlk illər Skype vasitəsi ilə ona muğam və xalq mahnılarımızı öyrətmişəm. Bir müddət əvvəl bizim konsertimiz oldu. O, muğamı mənimlə yanaşı, görkəmli xanəndələrdən öyrənməyə qərarlıdır. Bu gün xalq artisti Alim Qasımovun ustad dərsində iştirak edəcək. Daha sonra Arif Bababyev, Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədovaların sinfində dərs prosesinə qatılacaq. Ən böyük dərsimiz Şamaxıda olacaq ki, bu, ustad Alim Qasımov və qızı Fərqanə xanımın iştirakı ilə təqdim ediləcək. Həmin gün geniş musiqi məclisi təşkil ediləcək. Bütün bunları BBC-3 radiosunun əməkdaşları işıqlandıracaq” – Q. Əsgərov deyib.
Xanəndə qonaqlarının bu ayın 9-nacan Azərbaycanda olacaqlarını bildirib.
Xatırladaq ki, sözügedən konsert layihəsi Royal Albert Hall-ın, BBC-3 radiosunun rəhbərliklərinin və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın birgə təşəbbüsüdür.