“Səhnədə mahnı oxuyanda xoşbəxt oluram. Bu xoşbəxtliyi tamaşaçılarla paylaşmağın mənim üçün qiyməti yoxdur. Danışmaqdan çox oxumağı sevirəm”. Bu fikirləri APA TV- nin “Səhər zəngi” verilişinin qonağı, əməkdar artist Lalə Məmmədova deyib.
O, bildirib ki, estrada musiqisinin digər musiqilərdən geri qalmasının səbəbi digər musiqi sənəti növlərinə daha çox diqqət ayrılmasıdır: “23-24 ildir estrada ifaçısı kimi fəaliyyət göstərirəm. 14 yaşımdan səhnədəyəm. Sosial, iqtisadi hadisələr mütləq musiqiyə, incəsənətə təsir edir. Son dövrlər təəssüf ki, Azərbaycan musiqisini iki yerə bölüblər. Yəni, iki istiqamətə daha çox diqqət yetirilir: biri opera sənətidir, digəri isə muğamdır. Hazırda estrada musiqisi bir neçə musiqiçinin sayəsində qalıb və bu ifaçılar heç bir yerdən nə maddi, nə də mənəvi dəstək görmürlər. Bu qarışıqlığa bir də savadsız ifaçılar gələndə vəziyyət qəlizləşir. Boş qabdan səs çox çıxar. Elə insanları mən boş qablara bənzədirəm. Kobud olsa da, bu belədir. Belə insanlar çox təəssüf ki, çoxdurlar. Bir neçə nəfərin bu halla mübarizəsi üçün çox böyük zəhmət və iradə tələb edir. Çox çalışırıq, ayaq üstə qalaq. Toplumun nəyi dinlədiyini, nəyə üstünlük verdiyini görəndə çəkdiyim zəhmətimə heyfslənirəm. Anlayanlar, sevənlər, qiymət verənlər var. Amma təəssüf ki, sayları azdır. Dövlət tədbirlərində opera və muğam ifaçılarına üstünlük verirlər. Çox istərdim ki, estrada ifaçılarına da yer ayrılsın. Mənə elə gəlir ki, dediklərimdə haqq var. Elə ifaçılar var ki, “Eurovision” müsabiqəsi ilə əlaqədar qərb musiqisinə meyl edirlər. Amma bu bizim musiqi deyil. Biz Qərbdə bu musiqini ifa etməklə heç kimi təəccübləndirə bilmərik”.
Xanım sənətçi bildirib ki, hər bir ifaçı repertuarına fikir verməlidir: “Öz milli repertuarımız var. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 3 günlük konsertimdə həm retro, həm öz repertuarımdan, həm muğam, həm də caz var idi. Mən bu repertuarla dünya turnesinə çıxa bilərəm. İnanmıram ki, kimsə musiqiyə biganə qala bilər. Biz müğənnilər aparıcı qüvvəyik. Həm estetik, həm dünyagörüşündə qabağa aparmağı bacarmalıyıq. Çox təəssüf edirəm ki, bu gün Azərbaycan estradasına çox diqqət ayrılmır. Müğənnilər toya getməyə məcburdurlar. Toydan gələn gəlirlə biz bəstəkarların, aranjemançıların qonorarlarını veririk. Bu, bizim üçün çox ağır yükdür. Çox istərdim, sırf yaradıcılıqla məşğul olum. Təəssüf ki, alınmır”.
Sənətçi qeyd edib ki, elə mahnıları var ki, ifa olunandan çox uzun müddət sonra tanınmağa başlayır: “Elə mahnılarım var ki, yazdırandan xeyli keçəndən sonra qəbul olunub. Məsələn, Kayahanın “Kar taneleri” mahnısını 2001-ci ildə yazdırmışdım. Amma o zaman ifa edəndə o qədər də əhəmiyyət vermədilər. O mahnı illər keçəndən sonra öz yerini tutdu. Kayahan şəxsən özü ifamı dinləyib və keçən il işıq üzü görən “Kayahanın en iyileri” albomuna daxil edib. Özü şəxsən zəng etdi, 10 dəqiqə danışdıq, amma inana bilmirdim ki, odur. Lakin bu mahnını mənim üçün oxuyanda inandım ki, odur. Yaxud, Aygün Səmədzadənin “Dəli eşq” mahnısı... Mən onu ifa etdim, hər yerdə də səslənirdi, amma reaksiya görmədim. Belə mahnılarım çoxdur”.
İfaçı kliplərin çəkilməsinin əhəmiyyəti qalmadığını vurğulayıb: “Təəssüf ki, bayağı, şit mahnıların izləyicisi çoxdur. Əsl sənətə qiymət isə aşağıdır. Bu qiyməti yalnız musiqidən başı çıxanlar verir. Bununla təkcə biz yox, televiziyalar da mübarizə aparmalıdır. Toyla efiri səhv salmaq olmaz. Mən də, böyük sənətkarlar da toylara gedirik. Amma heç vaxt efirdə toyxana açmayıblar. Efirdə başqa mahnılar oxunmalıdır”.
Lalə Məmmədova muğam ifaçılarına iradlarını bildirib: “Son zamanlar texnikanı göstərməyə meyllidirlər. Şövkət xanım da muğam oxuyub. Qadının səs tembri, xarakteri başqadır. Yarış əsnasında zəlqulələrlə üstünlüyü ələ almağa çalışmasınlar. Pəsdən də yaxşı ifa nümayiş etdirmək olar. Qışqırmaq lazım deyil. Qadınlara kişi kimi qışqırmağı yaraşdıra bilmirəm. Alçaltmaq istəmirəm, amma bəlkə də onlara bunu deyən olmayıb”.