Sabah Bakıdakı "Kukla" ilk ixtisaslaşmış incəsənət qalereyasında Sankt - Peterburqdan olan məşhur gənc rəssam Lada Repinanın məhz Bakı üçün hazırladığı "Krallıq" adlı unikal kukla seriyası əsərlərinin sərgisi olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, L. Repinanın kuklaları Bakı tamaşaçılarına artıq tanışdır və onlardan bəziləri "Kukla" qalereyasının kolleksiyasına daxildir. Rəssam "Liliputlar kralı", "Qırmızı toxmaqlı qadın" adlı əsərlərində rəngarəng, lakin Qofman tərzində mübaliğə ilə dolu bir mövzu açır.
Qeyd edək ki, L. Repina N. K. Rerix adına İncəsənət Məktəbini "qrafik dizayner" ixtisası üzrə bitirdikdən sonra təhsilini eyni ixtisas üzrə A. L. Ştiqlits adına Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyasında davam etdirib.
Onun əsərləri Rusiyanın, Azərbaycanın, İspaniyanın, ABŞ və İsrailin şəxsi kolleksiyalarında saxlanılır. Sərgi çərçivəsində "Kuklalar Məkanı" (Moskva) şəxsi qalereyasının müəllifi Svetlana Pçelnikovanın üç əsəri də nümayiş olunacaq. Svetlana Pçelnikova Moskvada Beynəlxalq Kuklalar Salonunun təşkilatçısı və "Kuklalar Dünyası" jurnalının sahibəsidir.
Sərgi aprelin 29-a qədər davam edəcək.