Prezident İlham Əliyev Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Konservatoriyasının təkliflərini nəzərə almaqla, ustad sənətkar Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməyi tapşırılıb.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyi tamam olur.
Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşatmış, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr verib.