"Titanik" gəmisinin sərnişinlərindən biri olan Henri Prays Hocesin faciədən bir neçə gün əvvəl dostuna yazdığı məktub hərraca çıxarılacaq.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, məktubun başlanğıc qiyməti 47 min dollara qədər qiymətləndirilir.
Henri Prays Hoces "Titanik"ə Sauthemptondan 17,5 dollarlıq ikinci sinif bileti ilə minərək Bostona, qohumlarının yanına yollanırdı. 10 aprel 1912-ci il tarixli məktub Kvinstaun poçt möhürü daşıyır.
Məktubunda o, səyahətin çox rahat keçdiyini yazır:
"Gəminin hərəkəti demək olar ki, hiss olunmur, hava isə çox gözəldir. Üst göyərtədə təxminən 200 nəfər dairəvi şəkildə yürüş edir və mahnı oxuyur. Digərləri salonlarda domino və kart oynayır, bəziləri kitab oxuyur, bəziləri isə məktub yazır. Dəniz səyahəti təsəvvür etdiyimdən tamamilə fərqli mənzərədir".
Hoces dostuna atasının onu yola salmağa gələ bilməməsinə görə təəssüfləndiyini də bildirir və məktubunu "Çox yorulmuşam, erkən yatmağa gedirəm", sözləri ilə tamamlayır.
Henri Prays Hoces 15 aprel 1912-ci ildə "Titanik"in batması nəticəsində həlak olub. Sonradan onun cəsədi tapılaraq Şotlandiyada dəfn edilib.
Hərrac təşkilatçısı Endryu Oldrik bildirib ki, ikinci sinif sərnişinlərinin yazdığı məktublar son dərəcə nadir tapıntılar hesab olunur. Onun sözlərinə görə, bu sənəd dünyanın ən məşhur gəmisində faciədən əvvəlki gündəlik həyatı adi bir sərnişinin gözü ilə görmək imkanı yaradır.
Məlumata görə, "Titanik" Nyufaundlend sahillərindən təxminən 640 kilometr aralıda, Sauthemptondan yola düşdükdən dörd gün və 3200 kilometrdən çox məsafə qət etdikdən sonra aysberqlə toqquşaraq batıb. Gəminin qalıqları okeanın təxminən 3810 metr dərinliyində yerləşir və əsas hissələri bir-birindən 790 metr məsafədədir.