Yanvarın 26-da Opera və Balet Teatrında italyan bəstəkarı C.Puççininin “İl Tabarro” (“Plaş”) operasının premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, tamaşada teatrın aparıcı solistlərindən əməkdar artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.
Operaya quruluş vermək üçün Almaniyanın tanınmış opera sənəti ustaları – quruluşçu-rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət edilib.
Qeyd edək ki, L. Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra isə quruluşçu-rejissor kimi çalışıb. Hazırda o Bavariya Opera sənəti festivalının baş direktoru, xanım Korneliya fon Kerssenbrofk isə həmin festivalın musiqi rəhbəri və dirijorudur.