İstanbulda Şəhriyarın xatirəsi anılıb
21 aprel 2014 11:01 (UTC +04:00)

İstanbulda Şəhriyarın xatirəsi anılıb

 

 İstanbulda “Kultur A.Ş.” Mərkəzində Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbir filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın “Məhəmməd Hüseyn Şəhriyar” kitabının Türkiyə nəşrinin təqdimatı ilə başlayıb. Daha sonra Məhəmməd Hüseyn Şəhriyar haqqında sənədli film nümayiş olunub.

İST-TAD-ın rəhbəri Səfər Qaraqoyunlu, “Kultur A.Ş” Mərkəzinin baş direktoru Nevzat Kütük, Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Emma Heydərova, professor Məhəmməd Nur Doğan, Esmira Fuad və başqaları ustad şair Şəhriyarın yaradıcılığı haqqında fikirlərini paylaşıb: “Şəhriyarın bədii yaradıcılığı Azərbaycana tükənməz sevgi, xalqına və vətəninə ehtiram dolu misralarla zəngindir. Şəhriyar müasir Azərbaycan ədəbiyyatında təkrarolunmaz simadır. O, özünəməxsus yaradıcılığı, rəvan dili, sadə və yaddaqalan ifadələri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verib”.

Çıxışlardan sonra mərasim bədii hissə ilə davam edib. İstanbulun məşhur “Qafqaz ulduzları” rəqs qrupunun çıxışı olub. “Kultur A.Ş” Mərkəzində Şəhriyarın həyat və yaradıcılığından ibarət rəsmlər də sərgilənib, iştirakçılara müəllifin imzası ilə kitablar hədiyyə edilib.

Anım mərasimində Azərbaycan diasporunun nümayəndələri,   İstanbuldakı diplomatik korpusun təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, müxtəlif təhsil ocaqlarının müəllim və tələbələri, jurnalistlər iştirak edib.

Qeyd edək ki, mərasimi Türkiyə-Azərbaycan Dərnəyinin (İST-TAD), Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966
avatar

Oxşar yazılar