Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb
10 aprel 2014 01:05 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb

Aprelin 9-da Heydər Əliyev Mərkəzində müasir incəsənətin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli böyük britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.

 

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Mikayıl Cabbarov, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən tanınmış heykəltəraş T.Kreqq bu tədbirə dəstək olan hər kəsə minnətdarlığını bildirib: " Düşünürəm ki, bu sərgi çox maraqlı olacaq. Sərgidə Avropanın bir sıra qalereyalarında nümayiş etdirilən əsərlərlə tanış olacaqsınız".

 

Heykəltəraş yeniyetmə yaşlarından incəsənət sahəsinə marağı olduğunu bildirib, lakin atasının onun bu istəyinə qarşı çıxdığını deyib: "Kənardan baxan şəxslərə bu sahə darıxdırıcı gələ bilər, lakin düşünrəm ki, bu belə deyil. Heykəltəraşlığı digər sahələrdən seçən və ayıran məqam ondan ibarətdir ki, burada məhz yaradıcı, qeyri-adi proseslər və obyektlər yaratmaq lazımdır. Heykəltəraşlıq ən dinamik inkişaf edən mədəniyyət sahələrindən biridir. Heykəltəraşlıqla elmin fərqi ondadır ki, elm nəyisə izah etməyə çalışır, lakin heykəltəraşlıq sahəsində hər hansı materiallardan nə isə yaradırıq".

 

Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, məşhur heykəltəraş Ömər Eldarov çıxışında bildirib ki, nəsə yaratmaq böyük ustalıqdır: "Bildiyimə görə, bu gün Toni Kreqqin 65 yaşı tamam olur. Məncə, hər şey irəlidədir, ümid edirəm ki, biz onun yeni gözəl əsərlərini təkcə sərgilərdə deyil, bizim şəhərdə də görəcəyik". Ö.Eldarov T.Kreqə Azərbaycan Rəssamlıq Akademiyasının fəxri professor diplomu və mantiyasını təqdim edib.

 

Bakıda ilk dəfə təşkil olunan sərgidə müəllifin 28 möhtəşəm əsəri nümayiş olunur. T.Kreqq sərginin tərtibatında özü bilavasitə iştirak edib. Sərgi Heydər Əliyev Mərkəzində xüsusi kompozisiyada təqdim olunur. Mərkəzin parkında, eləcə də foyedə müəllifin bir neçə əsəri izləyiciləri sərgiyə doğru istiqamətləndirir.


Qeyd edək ki, T.Kreqqin yaradıcılığına həsr olunan sərginin kataloqu da hazırlanıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kataloqda oxuculara müraciətində bildirib: "Geniş auditoriyaya dünya incəsənət incilərinin təqdim edildiyi, müntəzəm olaraq sərgilərin keçirildiyi unikal və gözəl binada - Heydər Əliyev Mərkəzində bu dəfə müasir incəsənətin ən xarizmatik və nüfuzlu simalarından olan tanınmış heykəltəraş Toni Kreqqin əsərləri sərgilənəcəkdir. Siz valehedici və cəzbedici sənət nümunələrinin - polad, şüşə, keramika, plastik, ağacdan hazırlanmış və qarışıq kompozisiyalarda müxtəlif formalı heykəltəraşlıq əsərlərinin əhatəsində olacaqsınız. Əminəm ki, müasir incəsənətin heyranedici mühiti hər birinizin yaddaşına   unudulmaz təəssüratlarla həkk olunacaqdır".


Nəşrdə, həmçinin T.Kreqq yaradıcılığı haqqında məlumat verilir, onun yaradıcılıq nümunələri - müxtəlif materiallardan olan əsərləri təqdim olunur.


Qeyd edək ki, izləyicilər üçün aprelin 10-dan açıq olacaq sərgi avqustun 31-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1148
avatar

Oxşar yazılar