. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabrın 21-dən 24-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol səfərində olacaq.
Teatrdan APA-ya verilən məlumata görə, qastrol ərəfəsində qonaqlar məktəblilər üçün noyabrın 22-dən 24-dək M.Suponinin “Koza Dereza” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın rejissoru Rusiya Federasiyasının əməkdar artisti S.Taraskin, teatrın bədii rəhbəri RF-nin xalq artisti Y.Koçetkovdur.
Qeyd edək ki, səfər iki ölkə teatr rəhbərləri arasında bağlanmış “Qarşılıqlı qastrol səfərləri haqqında”kı müqaviləyə əsasən baş tutacaq. Oktyabrın 1-2-də Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Rəsul Rzanın “Ana qaz” əsəri əsasında hazırlanmış alleqorik bir hissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçıların qarşısında çıxış edib.