Maltanın Valletta şəhərində keçirilən gənc pianoçuların Beynəlxalq müsabiqəsində həmyerlilərimiz Ayan Məmmədli və Maqsud Musazadə də iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, A. Məmmədli Bakıda yerləşən 12 saylı, M. Musazadə isə 35 saylı onbirillik musiqi məktəblərinin şagirdlərdir.
Ümumilikdə 30-dan çox gənc pianoçunun iştirak etdiyi müsabiqədə A. Məmmədli III dərəcəli diploma və K. Koellinqin "Macar rapsodiyası"nın ən yaxşı ifasına görə xüsusi mükafata layiq görülüb. M. Musazadə isə K. Çerninin "Noktürn" əsərinin ifasına görə diplomla təltif olunub.
Qeyd edək ki, müsabiqədə onlar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iştirak ediblər.