Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı “Nəsimi İli”nə “Sirri Ənəlhəqq” adlı anterpriza ilə öz tövhəsini verəcək.
Teatrdan Lent.az-a verilən məlumata görə, sentyabrın 27-28 - də ƏSA Teatrı Nizami Kino Mərkəzində “Sirri Ənəlhəqq” anterprizasını təqdim edəcək.
ƏSA Teatrının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlığı çərçivəsində baş tutan “Sirri Ənəlhəqq” anterprizası 2019-cu ildə ölkəmizdə qeyd olunan “Nəsimi” ili münasibəti ilə hazırlanıb.
Nəzərinizə çatdıraq ki, “Sirri Ənəlhəqq” anterprizası birinci nümayişi qapalı, ikinci nümayişi isə ictimaiyətə açıq şəkildə olacaq.
Anterprizanın ideya müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, plastika işi xalq artisti Pərviz Məmmədrzayevindir. Tamaşanın musiqi tərtibatçısı Vuqar Camalzadə, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Nübar Hüseynovadır. Qəzəllərin kompozisiyası Mehdi Cənnəti Fərd, Art menecer Nicat Qulam, redaktor Elxan Xanəlizadə, multimedia Famil Mahmudbəyli. Rollarda Elşən Əskərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Mehdi Cənnəti Fərd, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Fəziyeva, Elvin Mirzəyev, Pegah Dafe, Rəhimə Abdinova, Royal Allahverdiyev, Orxan Əliyev, Riad Sultanov, Nigar İsa, Cəmilə Məmədli və Aysel Əliyevadır.