Mədəniyyət millətin varlığını milli özünəməxsusluğunu təsdiqləyən amildir. Təsadüfi deyildir ki, mədəniyyəti olmayan bir etnos millət səviyyəsinə çata bilməz. Əsrlərdir Şərqlə Qərb arasında keçid rolunu oynayan, müxtəlif mədəni-mənəvi dəyərlərin toqquşduğu məkanda yerləşən Azərbaycan bəşəri irsin ən qədim mədəni beşiklərindən biri hesab olunur. Milli mədəniyyətin yüksək səviyyədə inkişafı ilə səciyyələnən Azərbaycan Şərq və dünya tarixində bir çox mədəni ilkləri ilə yadda qalmışdır. Bu amillər milli mədəniyyətimizlə öyünməyə imkan verir. Tarixi zəngin mədəni-mənəvi irsimizin qorunub saxlanması və yüksək səviyyədə təbliği dövlət mədəniyyət siyasətində ehtiva olunmuşdur.
Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycan mədəniyyətinin inkişafında çox böyük rol oynayır. Fond zəngin tarixə malik mədəniyyətimizin dünyada tanıdılması və inkişaf etdirilməsi istiqamətində perspektiv fəaliyyət nümayiş etdirir. Fondun dünya mədəniyyətinə və Azərbaycanın milli-mədəni irsinin dirçəlməsinə yönəlmiş fəaliyyəti xüsusi vurğulanmalıdır. Mədəniyyətlərarası əlaqələrin genişlənməsi, beynəlxalq konfransların, simpoziumların keçirilməsi, o cümlədən dinlərarası əlaqələr, Şərqlə Qərbin və Şərqlə Avropanın, islam dünyasi ilə xristian dünyasının yaxınlaşmasına verdiyi xüsusi töhfələrə görə də Heydər Əliyev Fondunun işini uğurlu saymaq olar.
Daim bədxah düşmənlərimiz tərəfindən “özününküləşdirilməyə”, müxtəlif təhriflərlə ləkələnməyə çalışan mədəni irsimiz zamanın çətin sınaqlarından keçərək öz mahiyyətini itirməmişdir. Dağlıq Qarabağın işğalı Azərbaycan mədəniyyətinə də təsirsiz ötüşməmişdir. Çünki Qarabağ Azərbaycanın “mədəniyyət mərkəzi”, “musiqi, incəsənət akademiyası” kimi tanınan bölgəsi idi. Bununla təcavüzkar qonşularımız Azərbaycan mədəni irsini dağıtmağa, damğalamağa istiqmətlənmiş siyasətlərini reallaşdırmağa nail olmuşlar. Azərbaycanın ayrılmaz guşələrindən biri olan Dağlıq Qarabağda ermənilər tərəfindən törədilən amansızlıqların, torpaqlarımızın işğal altında olması, tarixi mədəniyyət abidələrinin məhv olunması və ya dəyişdirilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər bir azərbaycanlı səfərbər olmalıdır. Erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri, vandalizmi haqqında dünya dövlətləri daha dolğun məlumatlandırılmalıdır.
Nailə Məmmədova
“Azerbaijan Realities”