Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Roma Opera Teatrının direktoru Katello de Martinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Ə. Qarayev Azərbaycan ilə İtaliya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışıb.
Mədəniyyət və turizm sahələri üzrə ikitərəfli təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini vurğulayan nazir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən əsaslı şəkildə qurulacağını deyib. Onun sözlərinə görə, bu işləri italiyalı mütəxəssislər görəcəklər.
Görüşün sonunda Roma Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.